Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tamaşaçıları valeh edən əsərlər

Sərgidə Sədaqət Həsənovanın son üç ildə akrillə işlədiyi mənzərə, natürmort və portretlər yer alıb.

Martın 7-də Mingəçevir Dövlət Rəsm Qalereyasında həvəskar rəssam Sədaqət Həsənovanın “Mənim rəng duyğularım” adlı yaradıcılıq sərgisi keçirilib. Sərgidə xanımın son üç ildə akrillə işlədiyi mənzərə, natürmort  və portretlər yer alıb.

Sərginin müəllifi Sədaqət Həsənova Azərbaycan Dövlət  Heft Akademiyasının məzunudur.  Dediyinə görə, heç vaxt ixtisası üzrə işləməyib: “Əvvəldən tikmə, rəsm çəkmək mənim üçün maraqlı sahələr olub. Vaxtım olanda cızma-qaralar edirdim. Bu sahə sakitlik, özünəqapanma, kənara çəkilmə  tələb edir. Bizim evdə isə dörd uşaq böyüyürdü. Onları ağıllı və təhsilli övlad kimi yetişdirməyi qarşımıza vəzifə kimi qoymuşduq.  Zaman keçdi. Uşaqlar ali təhsil aldılar.  Onlar öz həyatlarını qurandan sonra mən evdə tək qaldım. O zaman rəsm çəkməklə ciddi məşğul olmağa qərar verdim. Malbert,  kətan və yağlı boyalar aldım. Bəyəndiyim əsərlərin üzünü köçürməyə başladım”.

Sədaqət xanım müxtəlif səpkili əsərlər seçdiyini deyib: “Bu kampozisiyaya baxır. Tək özümün xoşladığım deyil, auditoriyanın bəyənəcəyi əsəri köçürürəm. Bax, bu qızı xoşlamayan, ondakı incəliyi sevməyən adam olmaz məncə (Əlində şam tutan yeniyetmə qız portretini göstərir).  Hər əsərimə ad qoyuram.   Məsələn, bu,  “Üç dost” adlanır.  Onu  daha çox sevirəm. Qızcığaz iti və pişiyi arasında barışığa nail olmağa çalışır. Pişiyin itə qısqanclığına baxın. Sifətindəki aqresiyaya diqqət yetirin. İt isə necə məsum görünür?!  Əsərin mənası böyükdür. Burda sülhə çağırış, sevgi var. Böyüyün kiçiyin qarşısında məsumluğu əsəri daha maraqlı edir. Bəzən çəkdiyim əsərlərdə elementləri dəyişirəm. Sifəti, xarakteri istədiyim kimi verə bilirəm”.

Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyli deyib ki, xanım peşəkar rəssam deyil:  “O, bizə müraciət edəndə, işlərinə baxdıq və qərara aldıq ki, onun işləri sizə təqdim olunmalıdır. Rəssamlıq təhsili vacib deyil. Söhbət istedaddan gedir.  Bizim nənələrin toxuduğu xalçalar haqqında qalaq-qalaq kitablar yazılıb. Onların heç birinin təhsili yox idi. Bu xanım da daxilindəkiləri  rənglərlə ifadə edir və bunu gözəl bacarır”.

Sərgidə iştirak edənlər Sədaqət xanım haqda xoş sözlər söyləyiblər.

Həvəskar rəssam əsərlərini Bakıda sərgiləmək niyyətindədir.

Şərhlər bağlıdır.