Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – Bakıdan şərh

“Ukraynanın əsas hadisələrinin onun hüdudlarından kənarda baş verdiyini deyə bildiyimiz gün yetişib.

Bəli, əlbəttə, döyüşlər davam edir, nəticələr aydındır – ya azalan intensivliklə davam edəcək, ya da atəşkəs rejimi bərqərar olacaq…

Əsas və həlledici hadisələr iqtisadi sahədə baş verir, daha doğrusu, Rusiyanın total iqtisadi təcridi prosesində. Bunun çox erkən nəticəsi iqtisadi böhran, o cümlədən də əhalinin ərzaqla təminatı problemi olacaq.

Müvafiq olaraq, hakimiyyət dəyişikliyi qaçılmazdır. Bu, dərin siyasi böhran və hakimiyyət strukturlarının parçalanması şəraitində baş verəcək.

Bu dövrdə Rusiyanın ətrafında qurulmuş təsir sistemi ya təcili, yaxud kortəbii söküləcək, ya da evakuasiya olunacaq.

Cənubi Qafqaza gəlincə, ilk növbədə söhbət Rusiyanın Ermənistandakı və sülhməramlı qüvvələrinin fəaliyyət zonasındakı hərbi infrastrukturdan gedir.

Əminəm ki, çox tezliklə bu mövzular bizim üçün aktual olacaq”, – Azərbaycanın keçmi xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Ukraynanı işğal etmək mümkün deyil”

“Emosiyasız, məntiqlə, xəritəyə baxıb düşünəndə əmin olursan ki, Ukraynanı, klassik anlamda, işğal etmək mümkün deyil. Hətta İkinci Dünya Müharibəsi zamanı da nasistlər Ukraynanı tam işğal edə bilməmişdilər, elə bölgələr var idi ki, oralara gəlib çıxmamışdılar.

Hətta İkinci Dünya Müharibəsindən sonra, qəddar Stalin, “NKVD” belə qərbi Ukraynaya 1950-ci illərin ortalarına qədər tam nəzarət edə bilmirdilər.

İndi isə Ukraynanın işğalı, tam nəzarətə götürülməsi heç mümkün deyil – ən “rusdilli” bölgələrdə belə Rusiya işğalçılarını əliyalın insanlar nifrətlə qarşılayıb etiraz edirlər.

Hətta, Allah eləməmiş, ruslar Kiyevi alsalar belə, bu da müharibənin uduzulması, sonu demək deyil – bu müharibəyə hələ heç Qərbi Ukrayna tam qatılmayıb, yəni, Rusiya qarşısına qoyduğu maksimum məqsədlərə heç vaxt çata bilməyəcək.

Amma onu da deyim ki, klassik anlamda Ukrayna da qalib gələ bilməyəcək – bax belə pat vəziyyəti yaranır. Deməli, qarşılıqlı güzəştlər üçün zəmin tapılması vacib, həyati əhəmiyyət kəsb edir”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natic Cəfərli fikrini ifadə edib.

“Xalqa savaş açmağın sonunun nə olacağı məlumdur”

“Belarus ordusu adlanan dəstənin Ukraynaya daxil olmasının hərbi baxımdan önəmi yoxdur. Bu, daha çox filmlərdəki “massovka”ya oxşayır.

Sərhədə topladığı qruplaşmanın üçdə ikisini ötən 5 gündə hərbi əməliyyatlara cəlb edən Rusiya komandanlığı zərbə almamış, itki verməmiş yeni hərbi birləşmələrə ehtiyac duyur.

Lakin aqrorəhbərin ordusunun döyüş qabiliyyəti böyük şübhə doğurur, ən azı bu sahədə Rusiya ordusundan geri qaldıqları dəqiqdir. Yəni bunların Ukrayna ordusu ilə ilk toqquşmada pərən-pərən düşməsi təəccüblü olmayacaq. Həmin istiqamətdə (Çerniqov) döyüş aparan Ukrayna qüvvələri 5 gündür saysız-hesabsız hərbi texnika ilə hücuma keçən Rusiya ordusunun qarşısını uğurla alır.

Bu gün Xarkov şəhər meydanının bombalanması onu göstərir ki, müharibə uzandıqca, Putin rejiminin daha da aqressivləşir.

İlk günlərdə Rusiya nisbətən “səliqəli” müharibə aparmağa çalışırdı. Lakin Xarkov kimi rusdilli şəhərdə bu gün yaşanan Hələb mənzərələri, dinc insanların bütün dünyanın gözü önündə qətliama məruz qalması onu deyir ki, bunker sakini hər cür incə hesabı bir yana buraxaraq nəyin bahasına olur olsun, nəticə almağı əmr edib.

Bunun bir səbəbi də şərqdə işğal olunmuş yaşayış məntəqələrindən gələn görüntülərdir. Kupyansk (Xarkov vilayəti) və Berdyansk (Zaporojye) şəhərlərində sakinlər meydana toplaşıb Ukrayna himnini oxuyur, Rusiya hərbi texnikasının önünə canlı sədd çəkir. Kupyanskda camaat şəhərdəki inzibati binaya yenidən Ukrayna bayrağı sancıb. Bu, gül-çiçəklə qarşılanmalarını gözləyən rus führerin əqli müvazinətini, psixikasını pozur.

Gördüyünüz kimi, “dahi strateq” Putin artıq Ukraynanın şərqində də Rusiyaya nifrət yarada bilib. Az iş deyil. Stepan Banderanın ruhu məmnundur.

Bu müharibə çox açıq şəkildə Ukrayna xalqına qarşı müharibəyə çevrilib. Şəhərlərin fiziki işğalı bu durumda həlledici önəmə sahib deyil. Xalqa savaş açmağın nəticəsinin sonda nə olacağı məlumdur”, – politoloq Şahin Cəfərli yazıb.

“Danışıqlardan nəticə gözləmək lazım deyil”

“Bir qrup rusiyalı oliqarx və işadamı onlara qarşı tətbiq edilən sanksiyaları anlamadıqlarını bildiriblər. Misal üçün Rusiyanın nəhəng “Severstal” şirkəti Avropa İttifaqı ölkələrinə ildə 4 milyard dollara yaxın metal ixrac edirdi.

Avropa İttifaqı bu şirkətə və şirkətin rəhbəri Aleksey Mordaşova qarşı sanksiya tətbiq edib. Şirkət qalıb pis vəziyyətdə, tələsik yeni bazarlar axtarırlar, gözlərini dikiblər Asiya ölkələrinə. Ancaq qısa müddətdə nəhəng miqyasda metalı başqa bazarlara yönətlmək problematikdir.

Başını itirən Aleksey Mordaşov açıqlama verib ki, ömrü boyu bizneslə məşğul olub, siyasətlə maraqlanmayıb və ona qarşı tətbiq edilən sanksiyaları anlamadığını vurğulayıb. Bəhanədir. Sənin və şirkətinin illik qazanclarının bir hissəsi Rusiya büdcəsinə daxil olur, həmin büdcə ilə isə hazırda Ukrayanaya qarşı təşkil olunan işğalda istifadə edilən hərbi texnika alınır.

Kremlin əsas media ruporlarından biri Solovyov da narazıdır. O bildirib ki, “mənə qarşı niyə sanksiya tətbiq edirsiniz, Avropaya niyə getməməliyəm?”. Demək, bu adam illərdir televiziya və radio proqramlarında Ukraynanı aşağılayır, separatizmə dəstək ifadə edir, Kreml sahibi kimi “Ukrayna adında dövlət yoxdur” deyir və işğal başladıqdan sonra yaxasını kənara çəkmək istəyir.

Səbəbi bəllidir. Solovyovun İtaliyada bahalı mülkü var, Avropa banklarında maliyyə vəsaitləri də olmamış deyil. Qorxur ki, bunlardan məhrum olacaq. Solovyova Şengen vizası verilməyəcək, İtaliyadakı mülkünə gedə bilməyəcək və ona görə də Kremlin ruporunu dərd alıb.

Kreml bir tərəfdən Kiyevlə danışıqlarda iştirak edir, o biri tərəfdən işğalı davam etdirir. Rusiya ordusu Ukraynanın Herson şəhərini işğal edib, Mariupol şəhərini mühasirəyə alıb, Ukraynanın Azov dənizinə çıxışının qarşısını kəsib. Belə olan halda Kremllə Kiyev arasında istənilən danışıq nəticə verməyəcək. Kreml heç olmazsa danışılar getdiyi saatlarda da atəşkəs elan etmir. Bu danışıqların fəlsəfəsinə ziddir.

Ötən dəfə də Belarusun Qomel şəhərində danışıqlar davam edərkən elə həmin Belarusun ərazisindən Ukrayna raket atəşinə tutulurdu. Belə olan halda danışıqlar Kremlin nəyinə lazımdır? Rusiya prezidenti işğalı davam etdirməklə yanaşı danışıqlar aparmaqla dialoqdan imtina etmədiyini göstərmək istəyir. Ancaq Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla son telefon söhbətində açıq deyib ki, Ukrayna faktiki təslim olmalı, Krımı Rusiya ərazisi kimi tanımalı və neytral statusu qəbul edəcəyini açıqlamalıdır. Buna kim razılaşar?

Bu arada, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın tərəfdaşı Çinin xarici işlər naziri Vanq Yi ilə telefonla danışıb. Çinin xarici işlər naziri ölkəsinin Ukrayna torpaqlarında müharibəni diplomatiya yolu ilə dayandırmaq üçün bütün səyləri göstərməyə hazır olduğuna əmin edib.

Kuleba çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün inkişafı, mülki infrastrukturun atəşə tutulması və dinc sakinlərin öldürülməsi barədə ətraflı məlumat verib. O, Vanq Yidən Rusiyanı Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək üçün Pekin və Moskva arasında münasibətlərin səviyyəsindən istifadə etməyi xahiş edib.

Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanı əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq.

Əslində Pekin yaranmış durumdan narahatdır. Pekin nə qədər Kremlin tərəfdaşı olsa da, Avropada qarışıqlıq istəmir. Çünki Çin üçün ən böyük bazarlardan biri Avropadır. Köhnə qitənin mərkəzində başlanan müharibə Çinin iqtisadi maraqlarına ziddir.

Çinin Ukrayna ilə də anlaşmaları var. Bu anlaşmalar iqtisadi və ticarət sahələrini əhatə edir. Çin Ukraynanın zəngin torpaqlarından kənd təssərrüfatı mallarının idxalı üçün istifadə etməyi planlaşdırırdı. Rusiyanın Ukraynaya müdaxiləsi Pekinin bu planlarını təhlükə altına alıb. Buna baxmayaraq, Pekin Kremlə mane olmaq istəmir, işğalı səssiz müşahidə edir”, – “Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

JAMnews

Şərhlər bağlıdır.