Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ruhların bayramıydı bu gün…

216

Taleyinə itkinlik taleyi qismət olan Səlim Səməd oğlu Pirimovun yaxınları da göz yaşlarını saxlaya bilmirlər. Dövlət xanim Ağdərədə öldüsü-qaldısı bilinməyən ciyərparəsinin xiffətini hələ də çəkir: “Sankt-Peterburqda tələbə idi, 19 yaşı vardı. Orda ermənilərlə yola getmədi və təhsilini Bakıda, Hərbi Akademiyada davam etdirdi. Hüquq fakültəsinin 3-cü kursundaydı. Anası ölmüş, heç burda 2 ay oxumadı. Rəhim Qaziyevin dövründə gecə uşaqları yığıb apardılar. 15 gün sonra xəbər gəldi ki, onları aparan avtobusu bombalayıblar. 4 kursant 46 əsgərlə yoxa çıxdı. İtkin düşüblər dedilər. Hansı döyüş bölgəsinə aparıblar, hadisə harda olub, heç kim heç nə demədi bizə. Neçə illərdi onsuzam, yaşayıram, ölmürəm”.
Şəhidlər Xiyabanı Dövlət xanımın iş yerinin qarşısında yerləşir. Hər gün gəlir bura: “Doğum şəhadətnaməsində adı Səlim yazılsa da biz onu elə uşaqlıqdan Pərviz cağırmışıq. “Sənəd alanda düzəltdirəcəyəm adımı”-deyirdi. Daşdan adama övlad olmur. Kaş ölüsü tapılaydı. Çox axtardıq. Bəlkə əsir düşüb dedik. Müraciətlərimiz nəticəsiz qaldı. Namiq adlı şəxsə pul verdik ki, bəlkə o tapa, o da yoxa çıxdı. Atası dözmədi dərdinə balamın”.

Mərmər başdaşından yaraşıqlı bir gəncin sanki canlı nəzərləri dikilir üzüməzə. Bu, Siyavuş Məmmədovdur. O, gözlərimin qarşısında böyümüşdü. Anasının əllərindən tutub iş yerınə gələrdi. İndi məcazi qəbrinin üstündə bacısı Kəmalə ah-fəğan edir: “20 yaşı vardı.1 il 6 ay Tərtərdə döyüşdü. 1994-cü il, aprelin 24-dən 26-a kimi Şotlantı kəndində son döyüşləri olub. Bizə xəbər gəldi ki, uşaqlar döyüşdən çıxmayıblar. Atam getdi, 2 ay axtardı, meyitlərin arasında tapmadı. Minaya düşən və tanınmaz olanlar da olub. Qardaşı Azərdən 6 yaş böyük idi. Yeri görünür… O, arxam idi, dayağım idi… İndi ata, ana yox, qardaş yox. Cətindi mənə onsuz”.

“Oğlum hərbi xidməti bitirdikdən sonra Riqada qalmışdı. Subay idi, 22 yaşı vardı, 4 oğulun sonuncusuydu. Bir gün evimizə-Ağdamın Novruzlu kəndinə gəldi və qardaşının köməkliyi ilə Xocalıda polis sisteminə işə düzəldi. Yola nəzarəti ona verdilər. Ağdərəyə, Laçına gedən maşınlara nəzarət edirdi. Anasını inandırmışdı ki, mən karate ustasıyam, güllədən yayına bilirəm. Mən isə deyirdim, quş da tüfəngin gülləsindən qaça bilmir. Getmə deyirdim, vurarlar səni. Deyirdi ki, babam 100 ildən çox yaşayıb. Məncə, şərəfli ölüm yaxşıdır. Getdi, Xocalıda da şəhid oldu. Qəbri Ağdamdadı”.
Natiqin həyat hekayəsi barədə atası İlyas Əhmədovun söhbətini ağrısız dinləmək olmur. N.Nərimanov küçəsindəki 27 saylı binanın 19-cu mənzilində yaşayan məcburi köçkün oğlunun ziyarəti üçün Mingəçevirdəki Şəhidlər Xiyabanındakı muzeyə tez-tez gəlir: “Bu muzeydə şəkli var, ona baxıb, təsəlli tapıram”

“Şaban çox döyüşlərdə iştirak edib. Kəlbəcər, Laçın, Şuşa və Xocalıdada olub. 1992-ci ilin 14 avqustunda polislərlə 10 günlük cəbhə bölgəsinə getmişdi. 3 gün sonra Ağdamın Abdalgülablı kəndində onun idarə etdiyi avtobusa “Qrad” mərmisi düşüb. 2 polis işçisi və Şaban yanıblar. Bir nəfər də yaralanıb. Sağ sahilin ilk şəhidi oldu qardaşım”-deyir Zərinə xanım: “Maşını rəngdə avtobus görəndə elə bilirəm odur gəlir…Səsinə bənzər səs eşidəndə elə bilirəm özüdü danışır”.
35 yaşında şəhid olan Şaban Cəfərov 2 körpə balasını həyat yoldaşı Şərafət xanıma etibar edib. “Bənzərsiz bir varliqdi həyat yoldaşı. 4 il evli olduq, 24 ildir də axtarıram onu, yolunu gözləyirəm, gəlmir. Atasız qoydu onun həsrətiylə yaşayan övladlarını. Yeri həmişə görünür. Hamımızın ona ehtiyacı var. Uşaqlar təhsil alıblar, amma bu gün onları yerbəyer etmək üçün ataya çox ehtiyacları var…”-şəhidin həyat yoldaşı belə deyir.

Azərbaycanda Şəhidlərin Xatirə Muzeyi ilk dəfə Mingəçevirdə açılıb Muzeyin bələdçisi Leyla Şükürovanın verdiyi məlumata görə, Mingəçevirin 323 şəhidi var. 104 nəfər isə itkin düşüb: “Altı “Milli Qəhrəman”imiz, “Azərbaycan bayrağı” ordeniylə təltif olunan 7 şəhidimiz var. Burda ilk dəfn olunan Tərtər döyüşlərində həlak olmuş şəhid Ağakişiyev Vaqif Yaqub oğludur”.
Muzeyin işçisi Müşviqə Mustafayevanin fikrincə, əvvəllər hər şəhidin şəklinin altında ona aid olan eksponatlar qoyulurdu: “Təmirdən sonra şəhidlərin sənədləri, şəxsi əşyaları, əl işləri nümayiş olunan stendlər zaldan yığışdırıldı və arxa otağa qoyuldu. Dedilər ki, bunlar yeni tərtibata uyğun gəlmir. Bu da valideynlərini narahat edir. Dərdli ana-atalar övladlarınin yadigarlarına baxanda onları xatırlayırdılar. Yaxşı olardı kı, həmin nümunələr yenidən muzeydə nümayiş etdirilsin”.
Şöbə müdiri Sevda Quliyeva muzeyə regionlardan da tələbələrin gəldiklərini deyir: “Şəhidlərin ailə üzvləri, qohumları mütəmadi gəlirlər. Biz artıq onların hamısını tanıyiriq”.

Yanvarın 20-də Mingəçevirdəki Şəhidlər Xiyabanında qəribə sükut hökm sürürdü. Baxmayaraq ki, 120 minlik əhalisi olan bu şəhərin insanlarının əksəriyyəti bu müqəddəs məkanı ziyarətə gəlmişdi. Ruhların bayramıydı bu gün…

Şərhlər bağlıdır.