Mingəçevirin şəhidlik zirvəsinə ucalan məzunları
Təhsil ocağının dəhlizindəki “Məktəbin şəhid məzunları” adlı güşədə bunu aydın görmək olur. Direktor Günəş Nəsibova deyir ki, şəhidlik zirvəsinə ucalmış bu insanların həyatı şagirdlərə bir nümunədir: “Vətənpərvərlik mövzusunda keçirilən dərslərdə şəhidlərin həyatı barədə məlumatlar verilir, valideyinləri ilə görüşür, onların övladları barədə söhbətləri dinlənilir”.
Öyrəndik ki. bu məktəbin ən fəal şagirdlərindən biri olan Yalçın Azad oğlu İsmayılov həm də idmançı idi. Onun böyük arzuları var idi. Futbol üzrə yeniyetmələrdən ibarət komandada qapıçı idi.1992 ci ildə o da müharibəyə yollanıb .Cəbhədə olarkən göstərdiyi igidliyinə görə yaşıdlarından seçilib. Ağdərə-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.
Məktəbin digər məzunları- Cəfərov Şaban Ələsgər oğlu, Şamxalov Tahir Abdulla oğlu, Əliyev Əli Xəlil oğlu, Cəbiyev Saleh Məhəmmədəli oğlu, Daureş Qəhrəman Məhəmməd oğlu, Əliyev Rövşən Talış oğlu, Mövlayev Ruslan Kamil oğlu, Mustafayev İsmayıl Məsim oğlu və Əliyev Azər Nəcəf oğlu da yağı düşmənlərdən torpaqlarımızı azad etmək üçün canlarından keçiblər. Yaşar Muradov isə Əfqanıstan döyüşlərində şəhid olub və hazırda məktəb onun adını daşıyır.
Vətənimizin hər bir bölgəsi kimi Mingəçevir də müharibədə maddi, mənəvi və fiziki gücü ilə döyüşüb. İgidlərimiz bütün qaynar nöqtələrdə düşmənlə ölüm-dirim savaşına çıxıblar. Bu döyüşlərdə Mingəçevir 323 şəhid verib.104 nəfər isə itkin düşüb. Ölkə başçısının sərəncamı ilə onların 4-ü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7-si “Azərbaycan Bayrağı Ordeni”nə, 4-ü isə “İgidliyə görə medalı”na layiq görülüb.
Şərhlər bağlıdır.