Ruhi xəstələr artır
Güllü Əbdürrəhmanovanın dediyinə görə, bacısı Maralın 32 yaşı olanda 2 qızı var idi, amma o oğul anası olmaq arzusundaydı: “Oğlu doğulanda qayınatasının təkidi ilə uşağı baldızına verməyə məcbur oldu. Beləliklə Maralın qara günləri başladı. O, gecə-gündüz ağlayır, uşağı qaytarmaq istəyir, amma bacarmırdı. “Sən yenə oğul dünyaya gətirə bilərsən”- deyə Maralı sakitləşdirməyə çalışırdılar. Bir müddətdən sonra Maral yenə hamilə oldu. Qızın sevincinin həddi-hüdudu yox idi. Hamiləliyin dördüncü ayında onu həkimə apardılar, amma həkim uşağın qız olduğunu dedi. Maral çox sarsıldı, evdəkilər onu aborta getmək üçün dilə tutdular, o da bunu etdi. Amma bu dəfə başqa həkim uşağın oğlan olduğunu aşkar edəndə, artıq çox gec idi. Maral ikinci sarsıntıdan qurtula bilmədi və dəli oldu. Bədbəxt bacım altı ildir ki, ev şəraitində müalicə olunur”.
Mingəçevir Psixonevroloji Dispanserin baş həkimi Rafael Zeynalovun dediyinə görə, burada ilk faktor stressdir. Sarsıntılar, sosial problemlər, doğma insanı itirmək, ailə münaqişəsi, depressiyalar və s. kimi amillər insanın daxilində yatan psixi xəstəlikləri oyadır. Bu kimi hallara tab gətirə bilməyənlər ruhi xəstəliyə düçar olurlar.
Hazırda xəstəxananın qeydiyyatında 2 min xəstə var: “Lakin şəhərimizdə ciddi yoxlamalar aparsaq, 3 minə yaxın kliniki formada xəstəni aşkar etmək olar. Onların təxminən 35%-i qadınlar, 10%-i uşaqlar, qalanı isə kişilərdir. Evdə olan xəstələrin statistikası aparılmadığı üçün sayı dəqiq deyil”.
Öyrəndik ki, qeydə alınan ruhi xəstələrin əksəriyyəti yeniyetmə və gənclərdir. Bu xəstəlik uşaqlarda 2-3 yaşından 7 yaşına kimi üzə çıxır (yeriyə bilməməsi, üzündəki eybəcər ifadələr, qeyri-adi davranışlar və s.).
Heç kim sabah onun hansı problemlərlə üzləşəcəyindən, nə kimi sarsıntılar keçirib, ağlını itirəcəyindən sığortalanmayıb. Amma ətrafımızdakılar həyatımızı korlamasalar, yəqin ki, Allahın bizə bəxş etdiyi ömrü ruhi xəstə kimi yox, sağlam yaşaya bilərik.
Nurlana Əliyeva
Şərhlər bağlıdır.