Regiondakı QHT-lər və Resurs Mərkəzlərinin ehtiyacları və institusional boşluqlar araşdırılacaq
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 2016-cı il noyabr ayının 28-dən 30-dək Şirvan, Mingəçevir və Quba şəhərlərində yerləşən Qeyri Hökumət Təşkilatlarının (QHT) Resurs və Təlim Mərkəzlərində bu bölgələrdə fəaliyyət göstərən yerli QHT-lər üçün AƏF-in təşkilatçılığı ilə məlumatlandırma sessiyaları aparılıb. Sessiyada iştirak edən ekspertlər Rövşən Ağayev və Abil Bayramov layihənin ümumi məqsədinin əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması olduğunu bildiriblər. Layihə çərçivəsində regiondakı QHT-lər və 3 QHT Resurs Mərkəzinin ehtiyacları və institusional boşluqlar araşdırılacaq, QHT-lərin yerli sosial-iqtisadi inkişaf, yerli özünüidarə və ictimai xidmətlər sahəsində mövcud vəziyyətə təsir və onun həyata keçirilməsində iştirak imkanları tədqiq olunacaq, onların kiçik həcmli təşəbbüslərinə dəstək veriləcək, eləcə də bölgələrdə və Bakıda tematik seminarlar və təlimlər təşkil olunacaq.
Keçirilən sessiyalarda iştirakçılar layihə ilə bağlı gözləntilərini və təkliflərini səsləndiriblər. Sonda AƏF-in proqram üzrə məsul əməkdaşı Gülnarə İsmayılova iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Şərhlər bağlıdır.