Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı bəyanat imzalandı

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Putin qeyd edib ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır: “Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.

Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.

Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.

Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar.

Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib”.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bu barədə mətbuat nümayəndələrinə məlumat verilib. Hər üç dövlət başçısı görüşün yekunu və bəyanatla bağlı fikirlərini bildiriblər.

X X X

“Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

11 yanvar 2021-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrupu 2021-ci il yanvarın 30-sək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev

Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan

Rusiya Federasiyasının Prezidenti V.V.Putin”.

Şərhlər bağlıdır.