Qohumunun vədinə inanıb mülkünü banka girov qoyan ailə küçədə qalıb
Belə bir acı hadisə ilə üzləşənlərə, demək olar ki, ölkəmizin hər bölgəsində rast gəlmək mümkündür. Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 5 ünvanında yaşayanlar da artıq soyuq qış aylarını küçədə keçirməyə məhkumdurlar. Çünki onların evləri əlindən alınır. Özlərinin dediklərinə görə, buna səbəb isə onların savadsız olmalarıdır. Banka müraciət etməyən bir şəxsin evinin əlindən alınması müasir dövrdə yalnız savadsız və əfəl insanların başına gələ bilər. Vəliyev Asif Qaçay oğlu ailəlidir, 84 yaşlı xəstə atası və 81 yaşlı şikəst anası, həmçinin bacısı onun himayəsindədir. 20 sot həyətlə birgə onların yaşadıqları 2 mərtəbəli fərdi yaşayış evi Asifin xəstə atası Vəliyev Qaçay Behbud oğlunun adınadır. Hadisə isə belə baş verib. Bir gün onların yaxın qohumları olan Məmmədov Tural Hasil oğlu “Nikoil bank” IKB ASC-nin Yevlax filialından götürəcəyi kredit naminə girov qoymaq niyyətinə düşür.
“Bizim evdən başqa daha 3 ev də banka girov qoyulub”
Bunun müqabilində o, Asifin atasının adına olan evi girov qoymaq istəyir. Əvvəlcə, Asif və onun yaxınları bununla razılaşmırlar. Lakin Tural Məmmədov onları razı salmaq üçün anasının xalası oğlu Asifə dil-ağız edir: “Sonda bizi inandırdı ki, cəmi 8 min manat kredit götürəcək və evi girov qoymağın heç bir təhlükəsi yoxdur. Çünki kreditini vaxtlı-vaxtında ödəyəcək və s”. Asif də onun bu yalvar-yaxarını görüb atasını yola gətirir ki, qohumdur, kömək edək: “Beləcə, evi girov qoymağa razılaşdıq. Bir müddət keçdikdən sonra isə məlum oldu ki, Tural krediti şərik bir başqa adamla götürüb, özü də bizim evdən başqa, daha 3 ev də banka girov qoyulub. Bizi şoka salan məlumat isə bu oldu ki, Tural və şəriyi bankdan 8 min yox, 80 min manat pul götürüblər. Ən dəhşətlisi isə odur ki, nə Tural, nə də onun şəriyi bankdan götürdükləri kreditə görə ödəniş etməyiblər. Evimiz girov qoyulduğu üçün evimizdən çıxarılırıq”.
“84 yaşlı xəstə ata və 81 yaşlı ana da daxil, Vəliyevlər ailəsi çölə atılıb”
Belə ki, Məmmədov Tural Hasil oğlu borcu tam şəkildə qaytara bilmədiyindən bank işi məhkəməyə verib və məhkəmənin qətnaməsinə əsasən, məcburi icra hərəkətləri həyata keçirilərək ev hərrac yolu ilə satışa çıxarılıb. Bank əməkdaşlarının dediyinə görə, 3-cü hərracdan sonra ev bankın özünə satılıb. Bundan sonra Daşınmaz Əmlak Dövlət Reyestrindən çıxarış alınaraq həmin ev bankın mülkiyyətinə keçib. Ev sahibləri isə şikayətçidirlər ki, əgər ev hərraca çıxarılırdısa, onlara bildirilməli idi, ikincisi isə evin alınması onların özlərinə təklif edilməli idi: “Bank, əgər belə desək, evi özü üçün sərf edən ucuz qiymətə əldə edib”. Ev sahiblərinin vəkilləri də bankın 3-cü hərracını qanunsuz sayır. Bir sözlə, hazırda İcra bölməsinin hərəkəti ilə 84 yaşlı xəstə ata və 81 yaşlı ana da daxil, Vəliyevlər ailəsi çölə atılıb. Bankdan isə bildirdilər ki, hazırda real olaraq banka 62 min 500 manat borc var. Həmin ərazidə torpağın bir sotu 7 min manat civarındadır. Ev sahibləri isə bildirirlər ki, evin 150-170 min manat dəyəri var…
Şərhlər bağlıdır.