Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qırx ildən sonra görüş

40 ildən çox zaman ayırırdı bu insanları. Bu həsrətə son qoymaq isə noyabrın 19-na təsadüf etdi.

50 il əvvəl valideynin əlindən tutub sinif otağına gəldilər. Tanımadıqları uşaqlarla  bir parta arxasında oturdular.  Yazdılar, oxudular, öyrəndilər və beləcə  bir-birinə öyrəşdilər. Yaxşı oxuyanı da oldu, zəifi də. Dəcəli də, sakiti də.

Bir də baxdılar ki, illəri yola veriblər: saçları ağarıb, üzlərində qırışlar əmələ gəlib, hətta nənə-baba olublar… Bugünsə  gözlərindəki eynəkdən boylanaraq,  yaddaşlarındakı çağları aradılar.

Çöhrələrində hədsiz sevinc vardı. Əzizını tapmış adam kimi əl qaldırıb rəqs etmək, içindəki sevincin səsini hamıya eşitdirmək istəyirdilər. Uzun illər öncə bir sinifdə doğmalaşan və 40-45 ildən sonra görüşmək fürsəti qazanan bu insanları kənardan izləmək ayrı bir zövq verirdi:

-Sən Zöhrə deyilsən?

-Bu ki, Fərmandır.

-Ay sənə qurban olum, Sevinc.

-Məni tanımadın, Pakizə?

-Bu yoxsa bizim Şəmsəddindi?

-Dayan, dayan, sən Babəksən?

-Səni gündə dörürəm də, ay Vahid!

Birinci, ikinci siniflərdə çəkilmiş, artıq kağızı da saralmış kollektiv şəkillərdə hər kəs özünü axtarırdı. Kimsə özünü tapa bilməyəndə köksünü ötürürdü: “Bəs mən hardayam?”

“Biz 1967-ci ildə 4 saylı məktəbdə  birinci sinfə getmişik. Əksəriyyətimiz  8-i bitirənə qədər bir yerdə oxumuşuq. Amma axıra qədər bizimlə qalmayanlar da olub. Bu yay sinif yoldaşlarımı bir araya gətirmək istədim, amma səhhətimlə bağlı fasilə verməli oldum. Şükür Allaha ki, arzum noyabrda baş tutdu”-Bu sözləri görüşün təşəbbüskarı, Sank-Peterburqda yaşayan Şəmsəddin Xəlilov deyir.

Sinif yoldaşlarını ev-ev axtarıb, bir araya gətirmək isə Zərinə Həbibovaya həvalə edildi: “Telefon nömrələrini tapmaq çətin olmadı. Sevincin  telefon xətti qırıq idi, xahiş edib bərpa etdirdim.  Amma Zeynəbin telefon aparatı işləmədiyi üçün gecə saat 12-də  qapısını döy-düm. Məni görəndə sevincindən ağladı. O biri xanımların da qonağı oldum. Mingəçevirdən kənarda olanların telefon nömrələrini qohumlarından alıb,  hamısına zəng çaldım”– Zərinə xanım deyir.

Uzun illər Gəncə şəhərində yaşayan Həsən Məmmədov gəlişi və hətta aparıcılığı öz üzərinə götürməsi,   duzlu-məzəli söhbətləri və müxtəlif  illərdə yazdığı şeriləri ilə məclisə gözəl ab-hava gətirdi: “Bura gəlməmişdən əvvəl bu sinfin məzun venetkasına baxdım. Ordakı çöhrələri  burda görmürəm. Ailə, övlad qayğıları hamınızı dəyişib. Kim bilir, bəlkə bu tarix bir də təkrar olacaq ya olmayacaq. Amma 40 ildən sonra görüşməyin, bu yaşa çatmağın özü bir nemətdir”. 

Yeri gəlmişkən, Həsən bəy 40 ildən sonra görüşənlərin bir vaxtlar  Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla bərabər, həm də sinfin məzunu Mülayimlə ailə qurub: “Gəncəli olsam da Mingəçevirdə ailə xoşbəxtliyimi  tapdım”.

Hər kəs həyat hekayəsini danışır, nikbin ruhda məktəb illərində baş verən hadisələri xatırlayır. 3-4 saata planlaşdırılan görüş 10 saatdan artıq davam edir. Çünki heç kim evinə getməyə tələsmir. Onlar axşamadək qalıb, Sankt-Peterburqdan Zöhrə Qurbanovanın gəlişini səbirsizliklə gözləyirlər.  Zöhrə xanım isə Gəncə aeroportundan birbaş məclisə təşrif buyurur.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev deyir ki,  10 ili 3 məktəbdə oxuyub: “4 saylı məktəbdə 4 il oxudum. İlk müəllimimiz Əminə xanımı yaxşı xatırlayıram. Ondan sonra 11 nömrəli məktəbə gəldim, 3 il də orda təhsil aldım. Bir gün atam məktəb direktorunun yanına gəlib,  dedi ki, ay Səqirə müəllimə,   siz yaxşı insansınız, amma direktor olduğunuz üçün sinfə az-az girirsiniz, buna görə də oğlumun oxuduğu sinifdə ədəbiyyat dərsləri boş keçir. Oğlumun ədəbiyyata çox marağı var, buna görə onu başqa məktəbə aparıram. Beləcə, son 3 ili də 3 saylı məktəbdə oxudum”. 

Poçt şöbəsində çalışan Zərinə Həbibova bildirir ki, uşaq ikən soyadı Cəfərova idi: “Texnikumu bitirəndən sonra Ət Kombinatında işlədim, ailə qurdum. Ora fəaliyyətini dayandırandan sonra poçt işçisi oldum. Buna görə də hamını tez tapa bilirəm. Daim hərəkətdəyəm,  yaxşı insanları axtarıram. Arzum budur ki, bir-birimizi tirməyək, məktəbi bitirməyimizin 50 illiyini də qeyd edək”.

Piterdə yaşayan Zöhrə xanım Azərbaycan dili və ədəbiyyatına marağının çox olmasından danışır: “Bir gecədə bir kitabı oxuyub bitirirdim. Cümlə təhlilini də sevirdim. Şəmsəddin bəy isə riyaziyyatdan daha zəkalı idi. Müəllim lövhədə misalı yazana kimi o, cavabını tapırdı. Amma əlini dəftərdə yazdığının üstünə qoyurdu ki, köçürə bilməyək”.

Səbirə Abbasova həyat tərzində qeyi-adi bir şey olmadığını bildirir: “20 il Azərbaycan Rayon İstilik Elektrik Stansiyasında işlədim. 1991-ci il hadisələrindən sonra 20 il də Moskvada yaşadıq. Dərya adında nəvəm dünyaya gəlib və həyatıma rəng qatıb” .

Kiçik sahibkarlıqla ailəsini dolandıran Vahid Əliyevin 3 övladı, 6 nəvəsi var:  “14 il Rusiyada yaşasıqdan sonra doğma Mingəçevirinə qayıtdım. Müxtəlif yerlərdə işlədim. Oğlum əsgər gedəndə mənə şairlik vergisi verildi”.

Mingəçevirdə yaxşı masajçı kimi tanınan İlham Xıdırov bədbəxt hadisədən sonra gözlərini itirib: “8-ci sinifə  kimi sizinlə oxumuşam. Ehtiyatsızlıq üzündən əlimdə mərmi partladı. Sonra məktəbdən ayrı düşdüm. Amma yenə sizinlə birlikdəyəm”.

Kəmalə xanım həyat yoldaşı Rahib Əsgərov və  ailəsi haqqında həvəslə məlumat verir. Bakı şəhərindən sinif yoldaşlarını görməyə gələn Babək Yusifov Neft Şirkətində çalışdığını bildirir.  Uzun illər Rusiyada yaşayan, sonrakı taleyini Mingəçevirə bağlayan Əvəz Rzayev  “Ailəm olsaydı, mən də maraqlı nə isə danışardım”  deyir.  Öz sinif yoldaşı  Rahilə ilə evlənən İnqilab Həsənov həyatından razıdır.  Mingəçevir Politexnik Texnikumunu bitirəndən sonra müxtəlif sahələrdə çalışan Zeynəb Musayevanın 1-ci sinfə gedən bir nəvəsi var. Tibb Universitetini bitirən, hazırda  Uşaq Poliklinikasının baş həkimi olan Növrəstə Hüseynova iki il fəhlə, bir neçə il xarici şirkətlərlə işləməsindən,  övladlarının peşə seçiminə təsir göstərmədiyindən fəxrlə danışır. Tibb bacısı Sevinc Ağayeva gözəl ailəyə sahib olduğunu vurğulayır.  Kamilə Salamova cəmi 1 il mühasib işlədiyindən bəhs edir: “Ailə qurdum. Bununla da iş həyatım bitdi”. Pakizə Abışovanin xanım-xatınlığı, sakit, səliqə-sahmanı ilə seçilməsi hamının yaddaşındadır.  Məktəb yoldaşları  40 ildən sonra da onun əvvəlki kimi qaldığının şahidi olurlar.

Görüşə qatıla bilməyən Bəhram Mustafayev və Fəxrəddin Vəliyev Bakıdan, Akif Məmmədov isə Qazaxıstandan zəng vurub, dostlarını salamlayır, “Ürəyimiz sizinlədir”-deyirlər. Altıncı on illiyi xırdalayan insanların indi ortaq nöqtəsi övladlarının və nəvələrinin sevincini bölüşmək olur.  Söhbətin şirin yerində təşrif buyuran Aşıq Nizaminin havacatları  məclisə yeni ovqat qatır.

P.S.  Xatirələrin də şirini, acısı olur. Elə xatirə var ki, onu yada salmaqdan qorxursan. Bilirsən ki, onu xatırlamaqla gün ərzində əhvalın pozulacaq. Eləsi də var ki, onunla yaşayırsan, onun yaddaşından getməsinə izn vermirsən. Bax, bu şirin xatirədir. O illər ötüb-keçsə də sənə təsəlli olur. İnsanın yaddaşı onun həyat albomudur.

Noyabrın bazar günlərindən biri 1977-ci ilin bir qrup məzununun yaddaşına həkk oldu. Kim bilir, onları yenə bir araya yığmaq olacaqmı? Ya qismət, sağlıq olsun…

Şərhlər bağlıdır.