QHT xeyriyyəçiliklə məşğuldur
“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İmkansız ailələrdə valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə dair tədbirlər” layihəsinin icrasını davam etdirir. İndiyədək Mingəcevirdə yaşayan imkansız ailələrin maddi vəziyyətini öyrənilib, uşaq-valideyn münasibətləri bərpa edilib, ailə adət-ənənələrinin təbliği yönündə tədbirlər həyata keçirilib. Həmçinin cəmiyyətdə xetriyyəçilik ənənələlərini gücləndirmək üçün bələdiyyə, dövlət orqanları, iş adamları və ictimai birliklərlə birgə fəaliyyət mexanizmi yaratmaq, bu təcrübəni digər regionlarda da yaymaq məqsədi güdülür.
Layihənin koordinatoru Aytən Hüseynovanın dediyinə görə, ailələrdə maddi durumun aşağı olması bəzən övladlarla valideynlər arasında anlaşmazlığa gətirir: “Nəticədə uşaqlar dərsdən yayınır, pis vərdişlərə alüdə olurlar. Biz belə halların qismən də olsa qarşısını almağa çalışırıq. Müxtəlif ailələrlə görüşür, problemlərini müzakirə edirik. Bu dəfə isə istədik ki, 50 ailənin süfrə açması üçün ərzaq bağlaması ilə yardımçı olaq. Uşaqları da yaddan çıxarmadıq. Onlar üçün sevimli şirniyyatlarından ibarət ayrıca boğça hazırladıq”.
İyunun 24-də təşkilat layihə çərçivəsində acınacaqlı vəziyyətdə yaşayan 50 ailəyə sevinc payı bəxş edib. Mingəçevir QHT-lərin Regional Resurs Mərkəzində Ramazan bayramı münasibətilə keçirilən tədbirdə layihənin rəhbəri Aytən Hüseynova görülən işlərdən, mərkəzin rəhbəri Füzuli Əsədovun imkansız ailələrə diqqət və qayğısından danışıb. “Mingəçevir Valideynlər Assosiasiyası” İB-nin icraçı direktoru Yeganə Nəbiyeva təşkilatın bu xeyirxahlığını yüksək dəyərləndirib. Bayram payı alanlar da minnətdarlıq ediblər.
Şərhlər bağlıdır.