QHT və KIV insan alverinə qarşı birgə çalışarsa…
2016-cı il dekabrın 13-dən 16-dək Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi Bakı şəhərində QHT və kütləvi informasiya vasitələri nümayəndələri üçün təlim təşkil edib. Təlim insan alveri və əməyin istismarı hallarının müəyyən edilməsi və monitorinqi, onlara dair məlumat verilməsi və zərərçəkmişlərin istiqamətləndirilməsi barədə mövzuya həsr edilib.
Təlimin ən maraqlı hissəsi Lunanın hekayəsi ilə bağlı olub. Jurnalistlər oxşar mövzi üzrə hekayələr hazırlayıb, QHT nümayəndələri isə onları qiymətləndiriblər. Türkiyədən gəlmiş beynəlxalq ekspert Süleyman İrfanın fiktrincə, adətən insan alverindən xəbərsiz jurnalistlərin yazılarında etik problemlər yaşanır: “Onların məlumatı dərc etməsi cəmiyyətə, xüsusən qurbanlara xeyirdən çox ziyan verir. Bu cəhətdən KİV və QHT əməkdaşlığı çox vacibdir və təlim tapşırıqları zamanı da bunun faydasını gördük”.
Ekspert xanım Güngör Çabuk isə diqqəti İnsan alverinin əsas indikatorları, qurbanların müəyyən edilməsi və bu prosesdə QHT-lərin rolu, vəkillik prosesinin planlaşdırılması və vəkillik zamanı KİV-dən istifadə, qurbanlarla müsahibələr aparılması kimi məsələlərə yönəldib: “Əgər qurban dərhal danışmaq istəmirsə, onu məcbur etmək olmaz. Nəzərə alın ki, travma almış bu unsanlar bir müddət heç kimə inanmaq istəmirlər. Çünki öz yaxınları tərəfindən aldadıldıqları üçün hamıya şübhə ilə yanaşırlar. Onlara ilk növbədə psixoloji, üstəlik tibbi yardım göstərilməlidir. Sonra isə digər ehtiyaclarını öyrənmək, nəhayət hüquqi problemlərini həll etmək lazımdır”.
Yerli ekspert Rahib Kərimov beynəlxalq miqrasiya hüququ və digər məsələlər barədə ətraflı məlumat verib. İnteraktiv şəkildə keçirilən təlimdə iştirakçıların mövcud sahə üzrə bilik və məlumatlarını genişləndirmək məqsədi ilə qrup işləri təşkil olunub, praktik tapşırıqlar yerinə yetirilib.
“Mən oktyabr ayında insan alverinə qarşı mübarizə mövzusunda Mingəçevirdə keçirilən 2 günlük təlimdə iştirak etmişəm. Bundan sonra məqalə də yazıb, hətta müsabiqənin qalibi olmuşam. Burdakı təlim isə mənə bu problemlə bağlı daha geniş bilgilər əldə etməyə imkan verdi”- “Bərdə” qəzetinin baş redaktoru Elbrus Məmmədov belə deyib. “Oğuz yurdu” qəzetinin baş redaktoru Nazim Hüseynli də 4 iş gününü belə müzakirədə keçirməkdən məmnun qalıb: “Bu, çox ciddi və həssas mövzudur. Xüsusən media və QHT nümayəndələrinin bir araya gəlməsi çox yaxşı haldır. Çünki jurnalistlərin naşılığı, qeyri-peşəkarlığı üzündən həm QHT-lər əziyyət çəkirlər, həm də qurbanlar yenidən travma alırlar”.
Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İctimai Birliyinin sədri Südabə Azər rəhbərlik etdiyi sığınacağın fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, insan alveri qurbanları və risk qrupunun nümayəndələri burada uzun müddətli, bəzən bir ilə qədər reabilitasiya və reinteqrasiya prosesinə cəlb olunurlar: “Əvvəllər biz onları 2 ay müddətinə qəbul edirdik. Amma gördük ki, bu müddət həmin insanların cəmiyyətə normal qayıdışı üçün yetərli deyil. Əsas narahatlığımız qeyri peşəkar jurnalistlərdəndir. Onların bəziləri hətta bizim qurbanların fotolarını çəkmək, adlarını və digər məlumatlarını olduğu kimi verməyə cəhd göstərirlər. Biz isə onları yaxına buraxmırıq. Buna görə də bizim iştirakımızla KİV nümayəndələri üçün belə təlimlər vacibdir”.
BMqT Azərbaycan nümayəndəliyinin əməkdaşı Könül Kərimovanın dediyinə görə, təlim ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və BMqT tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV faza” layihəsi çərçivəsində təşkil olunub.
Şərhlər bağlıdır.