“Qarabağdakı çiçəkləri qoxulayacağımız gün uzaqda deyil”
“Mən “Qarabağ şikəstəsi”ni yenidən doğma Qarabağımızda eşitmək istərdim. Indi Qarabağda çiçəklər açır. O çiçəklər bizim şəhidlərimizin qanından can alıb, böyüyürlər. Ümid edirik ki, düşmən tapdağı altında olan torpaqlarımız tezliklə geri alınacaq və hər kəs öz yurd-yuvasına qayıdacaq. Və o çiçəklərin qoxusu bizim yurd həsrətli insanlarım evlərinə dolacaq. Bax, o zaman şəhidlərimizin ruhu və bizim ürəyimiz rahatlıq tapacaq. Qarabağdakı çiçəkləri qoxuyacağımız gün uzaqda deyil O günün tezliklə gələcəyinə inanıram. Çünki torpaqlarımızı düşməndən geri almağa bacaran aprel şəhidləri Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımov kimi oğullarımız var”.
Bu fikirləri V.Ağakişiyev adına 12 saylı məktəbdə “Aprel şəhidləri”nin xatirəsinə “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı ədəbi-bədii gecədə şəhid Rahim Tağıyevin həyat yoldaşı səsləndirib. Gecə salona təntənə ilə Azərbaycan bayrağının gətirilməsi ilə başlayıb. Aparıcılar Namiq İbrahimli və Könül Osman zala müraciətlə:
“Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir!”-
deyərək, bayrağa aid şeiri söyləyiblər. Bundan sonra Azərbayvan Respublikasının himni oxunub, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbir hərbi xidmətə yola düşən sıravi Əhmədin hekayəsi ilə davam edib. Həvəskar aktyorların ifasında şəhidlik zirvəsinə ucalan Əhmədin və sinəsi dağ-dağ olan ananın taleyi barədə tamaşa yanğı ilə izlənib. Amma ana oğlunu itirsə də ağlamaq yolunu tutmayıb, Qarabağın geri qaytarılması üçün öz həyatını belə verməyə hazır olduğunu elan edib. Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin rəhbəri Elşən İbrahimlinin dediyi kimi, daha yetər ağlamaq: “Bəzi tədbirlərə gedirik, ağamaqdan yoruluruq. Bu günkü tədbir isə ruh yüksəkliyi yaratdı. Adam az qalır əlnə silah alıb, erməninin üstünə döyüşə getsin”.
Məktəbin direktoru Mirzə Cavadov və şəhid ailələrinin üzvləri də bu maraqlı gecədən təsirləndiklərini bildiriblər. Qarabağ əlili Əliağa Bəndalyev isə deyib ki, əgər məktəb partası arxasında belə uşaqlar böyüyürsə, deməli bizim gələcəyimiz işıqlıdır.
Bundan sonra tədbir iştirakçıları şəhidlərin xatirəsinə açılan ehsan süfrəsi ətrafında da fikirlərini bölüşüblər.
Şərhlər bağlıdır.