Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Binamızı özümüz idarə edək”

278

“Biz mənzil və kommunal təsərrüfatı xərclərində dövlətin yükünü azaltmaq, yaşayışçıların evlərinin saxlanmasına maraqlarını artırmaq, bölgələrdəki çoxmənzilli binaların tədricən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və digər yeni idarəetmə qurumları vasitəsilə idarə edilməsinə nail olmaq istəyirik. Bu məqsədlə bu gündən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant proqramı üzrə yeni layihəyə başlayırıq.  Layihə belə adlanır: “Binamızı özümüz idarə edək” devizi ilə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi. Təbii ki, bu sahədə ciddi irəliləyiş  üçün qat-qat artıq vəsaitə ehtiyac var, ancaq kiçik pulla da böyük işlərin başlanmasına nail olmaq mümkündür”.

Bu fikirləri  “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev rəhbəri olduğu yeni layihənin Mingəçevir Media Mərkəzində keçirilən təqdimat mərasimində deyib. O, bildirib ki, aprel-iyul ayları ərzində təlim və görüşlər vasitəsilə mənzil mülkiyyətçilərinin bacarıqları artırılacaq, qanunun tələblərinə uyğun şəkildə onlara ümumi yığıncaqlarını keçirməkdə, sənədlərini hazırlayaraq, qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməkdə, MMMC-ləri idarə etməkdə kömək göstəriləcək, paytaxtda oxşar təcrübə ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Davamlı maarifləndirmə işləri aparılacaq, qazanılan nəticələr yayılacaq.

Təqdimat mərasiminə qatılan iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, fərdi yaşayış evlərindən fərqli olaraq, çoxmənzilli binaların idarə olunmasında son 20 ildə yaranan problemlər göz qabağındadır: “Sovet dövründə bu binalar və içindəki mənzillər dövlət mülkiyyətində idi və onların təmiri və digər xidmətlərini də MİS-lər edirdi. Lakin mənzillər özəlləşdirildikdən sonra vəziyyət dəyişdi. Hər kəs öz mənzilinin qeydinə qalıb, onu saz, təmirli vəziyyətdə saxlasa da, ümumi istifadə yerləri-pilləkən qəfəsləri, zirzəmi və dam örtüyü, binanın fasadı və həyəti sahibsiz qaldı. Əslində mövcud sahələrə xidmət göstərmək MİS-lərə tapşırılsa da, həmin qurum işinin öhdəsindən gələ bilmədi və əhalinin etimadını itirdi. İndi insanlar başa düşürlər ki, mənzilin içi ilə bərabər çölünə də sahib olmalıdırlar. Buna görə də MMMC-lərin və digər idarəetmə qurumlarının yaranması məsələsi gündəmə gəldi və bu, 2009-cu ildə qəbul olunan yeni Mənzil Məcəlləsində rəsmiləşdirildi”.

Hökumət, QHT və KİV nümayəndələrinin toplaşdığı tədbirdə çıxış edənıər vurğulayıblar ki, mənzil fondunun saxlanması üçün normal səviyyədə vəsaitin toplanması ciddi məsələlərdəndir.  Lakin bu günə qədər yalnız Bakının Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Səbail, Xətai, Suraxanı, Nizami rayonlarında və Abşeron rayonunda 7249 mənzili əhatə edən 67 binada 53 MMMC yaradılıb. Cəmi 2 MMMC Abşeron rayonunun payına düşür. Bölgələr isə bundan kənarda qalıb. Bir çox insanlar hələ də sovetdən qalma psixologiya ilə yaşayaraq, hesab edirlər ki, onların yaşadıqları evlərin yükünü bütünlüklə dövlət öhdəsinə götürməlidir. Belə bir vəziyyətdə prosesə 460 çoxmənzilli binanın mövcud olduğu Mingəçevirdə başlamaq və gələcəkdə onun təcrübəsini digər bölgələrdə yaymaq çox vacibdir.

Şərhlər bağlıdır.