Qanun ev qulluqçularını tanımır
“Son 18 günün pulunu ala bilmədim”
“Rayonda yaxşı evimiz vardı. Yoldaşım sürücü və mən isə baş mühasib idim. Hər şeyimiz vardı, bircə… Bir oğlumuz vardı, onu da çox ərköyün böyütmüşdük. Tək uşaq olduğundan atası ona istədiyini alır, cibinə pul qoyurdu. Naz-nemət içində saxlayırdıq. Son vaxtlar axşam evə qayıdanda övladımın hərəkətlərindən baş aça bilmirdim. Heç nə yemir və yatağa uzanırdı. Atası isə mənim sözlərimə etinasız yanaşırdı: “Cavandı, qoy kefini çəksin”. Günlərin birində evdən qızıllarım, toy üçün topladığım pul və daha sonra bahalı əşyalar yoxa çıxanda dilimi dişlədim. Demə Arif narkotikə qurşanıbmış. Bunu onun dostlarından biri də təsdiqlədi. Həyatımızın düzənini də o vaxtdan başlayaraq “atasının gül balası” pozdu…”
Həyat tarıxçəsini danışan Sara Əliyeva sanki günahkar kimi gözlərini gizlədir. Onun dediyinə görə, bir gün polis rəisi Arifi atasıyla birgə polis şöbəsinə çağırıb və Ariflə şərt kəsib: “Ya sizə narkotik satanın və yoldaşlarının adını deyirsən, ya da səni maşın oğrusu adıyla həbsə atdırıram”. Xeyli danışıqlardan sonra Arif birinci varianta razı olub. Ertəsi gün gecə o dostları ilə vədləşdiyi yerə gəlməyib. Həmin gecə polis əməkdaşları əməliyyat keçirərək, bir qrup narkomanı yaxalayıb. Bundan sonra öğlunun həyatının təhlükədə olduğunu dərk edən valideynlər evlərini ucuz qiymətə sataraq, ucqar bir rayona köçublər.
10 ilə yaxın bir müddətdə ailə Rusiya bazarlarında alver edib. Arif ailənin qazandığını kazinolarda uduzub. Atası Əhməd kişi dünyasını dəyişəndən sonra Sara xanım Bakıya dönüb, Arifi isə qaytara bilməyib. Sara Əliyeva Bakıda tanışının vasitəsilə məşhur bir müğənninin evində qulluqçuluq etməyə başlayıb.
“Evim olmadığı üçün həmin evdə qalırdım. Xanımın evi çox böyük və qonaqlı-qaralı idi. Evin bütün yükü mənim çiynimdə idi. Sübh tezdən gecə yarıyadək təmizlik edir, yemək bişirir, paltar yuyub-ütüləyir və onun qoca anasına qulluq göstərirdim. Axşamlar isə xanım dostlariyla gəlir, yenidən çal-çağir, yeyib-içmək başlayırdı. Onlar mənə aşağı təbəqənin adamı kimi baxırdılar. Aylıq 400 manat məvacibin müqabilində arada Mərdəkandakı bağına da gedir, orda da 5-8, bəzən 15 nəfər qonağa qulluq edirdim. Çox çətin idi. Hərdən ayaqlarımın varlığını hiss etmirdim. Bütün əziyyətimin qarşılığında aylıq pulumu da gecikdirirdi. Qardaşım vəfat edəndə xanım mənə cəmi 3 günlüyə icazə verdi. Onun da iki gününü yolda keçirəcəkdim. Belə olanda mən əşyalarımı yığışdırıb evdən getdim. Son 18 günün pulunu isə ondan ala bilmədim”.
“Mən uşaq dayəsiyəm, aşpaz deyiləm”
58 yaşinda olan Sara xanım bir müddət işsiz qalıb. Bir taksi sürücüsü ona qohumunun evində dayə işləməyi təklif edib. Sara xanım həmin ünvanda 3 yaşlı uşağa rus dilini və saymağı, şeir əzbərləməyi öyrədir. Lakin bu evdə də zavallı qadın problemlərlə üzləşib. Ona yemək hazırlamaq, təmizlik işlərini də görmək həvalə olunub. Sara xanım “Mən uşaq dayəsiyəm, aşpaz deyiləm” desə də yenə kiçik Leyla yatanda bacardığı qədər evin iş-gücünü görüb. Evin xanımı danışıq və eşitmə qüsurlu olduğundan gecələr uşağının ağladığını zənn edərək, dəfələrlə Sara xanımın otağına gəlib və ona zor tətbiq edib.
Bir gecə isə onun güclü zərbəsindən oyanan Sara xanımın burnundan axan qanı xəstəxanada həkim tibbi müdaxilə nəticəsində dayandırmağa nail olub. Qadının həyat yoldaşı pul müqabilində Sara xanımın “könlünü alıb” və polisə müraciət etməməsini xahiş edib.
Dövlət sektorunda işləyən işçilərdən fərqli olaraq, əksər ev qulluqçuları kimi Sara xanım da günün 15, hətta 18 saatını işləyib, az qala ev sahibinin şəxsi əmlakına çevrilib.O, istirahət və məzuniyyət hüququndan da məhrum olub, sağlamlığının qayğısına qala bilməyib, həkim müayinəsindən kənarda qalıb. Halbuki Azərbaycan Əmək Məcəlləsinnə görə gündəlik iş vaxtı 8, həftəlik 40 saatdan artıq ola bilməz.
Varlılar ev qulluqçularını xaricdən gətirirlər
Sahibkar xanım Nəzakət Zeynallının dediyinə görə, Türkiyədə yaşadığı uzun illər ərzində çoxlu sayda firmaların fəaliyyətilə tanış ola bilib: “Orada Orta Asiya və Gürcüstandan gətirilmiş dayələr var. Çalışma izni almaq çətin olduğu üçün onlar qeyri-leqal yaşayır və ucuz işçi qüvvəsi sayılırlar. Deportasiya ilə üzləşməmələri üçün imkanlı ailələr onlar üçün hansısa yolla bu sənədi ala bilirlər. Amma həmin dayələr ana olandan sonra daimi işdə çalışa bilmirlər. Yalnız günün müəyyən saatlarında işləyə bilirlər. Məsələn, gün ərzində bir neçə saat binanın təmizliyi ilə məğul olurlar. Bu qadınların gəlirləri heç də az deyil. Onlara da həmişə ehtiyac var”.
Nəzakət xanımın fikrincə, adətən uşaq doğulandan sonra xanımlar ailəyə kömək etmək şansıarını itirirlər: “Ailənin isə gəlirə ehtiyaci var. Digər tərəfdən, qadının maddi olaraq müstəqil ayaqda durması problemi var. Bütün xərcləri kişının üzərinə yıxanda ailədə iqtisadi zəmində münaqişə yaranır. Həm də kişi istədiyi vaxt qadına pul verir və onu özündən asılı vəziyyətə salır. Qadının məvacibi olanda isə o öz xərclərini qarşılaya bilir”.
Müsahibim deyir ki, Azərbaycanda da imkanlı şəxslər ev qulluqçularını xaricdən gətirirlər. Çünki onlar yad ölkədə ev sahibindən başqa heç kimi tanımır və burda sosiallaşmayıblar. İçəridə gördükləri dəbdəbəni, yüksək yaşayış səviyyəsini və şəraiti kənarda kiməsə danışmaq imkanları yoxdur. Onlar həmin evdə yaşayır və işləyirlər. Bununla onlar azadlıqdan məhrum olur, məcburi əməyə sövq edilirlər. Bu əslində əmək istismarı hesab edilir.
“Gülən evim”ə gələnlər
Vətəndaş evinə dayə və ya qulluqçu dəvət edəndə onun kimliyini tanıdığı adamdan soruşur. Onun psixoloji durumu ilə maraqlanmaq arxa plana keçir. Əslində kimisə evə buraxmazdan əvvəl onun sağlamlıq vəziyyəti və psixoloji durumu yoxlanmalıdır. Lakin şəxsdən tibbi arayış tələb etmək heç kimin ağlına gəlmir. O, infeksiyon xəstəliyin daşıyıcısı olub, uşağı yoluxdurmaq riskindən də sığortalanmır. Psixoloji problemi olan insan ailə üzvlərinə də xəsarət yetirə bilər. Buna məsul olan heç bir şirkət və ya orqan yoxdur. Bu sahədə çoxsaylı problemlər qalmaqdadır.
Başqalarından fərqli olaraq, sahibkar xanım Nəzakət Zeynallı gücünü bu sahəyə sərf edir. O, 2007-ci ildə “Gülən evim” adlı təşkilat yaradıb, vergi orqanında qeydiyyatdan keçib: “Məndə ailə şəbəkə metodudur. Sınaq müddəti ərzində dayə yoxlanilir. Biz ailəylə danışıq aparırıq. Bir ailə xidmətimizdən razı qalanda digər ailəyə danışır. Əgər ailə narazı qalırsa, o işçi ilə işləməkdən imtina edirəm”.
Nəzakət xanımın dediyinə görə, təşkilat xeyriyyə prinsipləri üzərində qurulduğu üçün il yarım pulsuz xidmət göstərib: “Fəaliyyətimi leqallaşdırmaq və gəlir götürmək istəyilə məsləhətləşdiyim hüquqşunaslardan bu sahədə qanunvericilikdə boşluğun olduğunu eşidəndə məyus oldum. Dayə və ev sahibi ilə münasibətləri rəsmiləşdirməyin heç bir yolunu tapa bilməyəndə formal müqavilə və anket forması tərtib etdim. Həmin müqavilədə iki tərəf arasında münasibətləri tənzimləmək üçün onların hüquq və vəzifələri qeyd edilir. 2007-ci ildən topladığım məlumat bazam var. Əməkdaşlıq etdiyim dayə və ev qulluqçuları ilə münasibətim yaxşı səviyyədədir. Təmizliyə göndərdiyim insanlardan ödəniş almıram. Bu mənim xeyriyyə fəaliyyətimdir, bundan zövq alıram. Bu xanımlar işləmə prinsiplərini bildikləri üçün digər dayələri müşahidə edir və “Gülən evim”ə dəvət edirlər. Bizim firmaya müraciət edən dayələrin etibarlı olmasına əmin olduqdan sonra onlar haqda məlumatları bazamıza daxil edirəm. Bizim problemimiz kişi xəstələrinə baxan baxıcıların olmamasıdır. Biz formal olaraq sifarişçi və iş icraçısı arasında hətta notariat qaydada müqavilə bağlasaq belə, onun qanunvericilikdə əsası olmaması üzündən məhkəmə çəkişməsində çətin vəziyyətdə qalırıq. Məsələlər qanuni yolla həllini taparsa, bundan sonra çox sayda firmalar fəaliyyətə başlayar”.
Nəzakət Zeynallı ev qulluqçularının həftə sonu istirahət etməsi üçün bir məkanın olmasını da arzulayır: «Dayə evim»in olmasını istərdim. Türkiyədə belə evlər var. Orda ev təmizliyi, dayəlik, xəstə baxıcılığı üzrə işlər görürlər. Onlara müxtəlif seminatlar təşkil olunur ”.
Ev qulluğunda əməyin istismarına yol verilir
Vətəndaşların Əmək Hüquqlaını Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov Azərbaycanda ev işləri üzrə qulluqçuların fəaliyyətinin qanunla tənzimlənmədiyini deyir: “Əmək Məcəlləsində sahibkar kimi qeydiyyatdan keçməyən fiziki şəxs anlayışı yoxdur. Özünüməşğul insan fəaliyyət göstərməsi üçün vergi orqanında qeydiyyata durmalı və VÖEN almalıdır. Bunu edən insan rübdə bir dəfə vergi bəyannaməsi doldurub, hesabat verməlidir. DSMF-yə də həmçinin. Bu, mühasib səviyyəsində görüləcək işdir və savadsız insan üçün çətindir. Hesabat gecikdiriləndə cərimə sanksiyası tətbiq olunur. Evinə qulluqçu götürənlə qulluqçu arasında mövcud qanunvericiliklə əmək müqaviləsi bağlana bilməz. Çünki onu heç kim təsdiq etməyəcək. Bu müqavilə sistemə yüklənə bilməz. Bu sahədə patentləşmə, lisenziya sistemi olmadığından firmaların cəhdləri özünü doğrultmadı və həvəskar səviyyəsindən o tərəfə keçmədi”.
S.Məmmədovun fikrincə, ev qulluğunda çalışanların əksəriyyətinin əməyi istismar olunur: “Bu, məcburi əmək sayılır, həmin insanları pul asılılığına salır. Eyni zamanda işə götürənin də hüquqları pozulur. Məsələn, işçi evdən oğurluq edir, qarşı tərəf onu işçi kimi məhkəməyə verə bilmir. Çünki tərəflər arasında rəsmi müqavilə öhdəliyi yoxdur”.
Qanuna “sahibkar olmayan fiziki şəxs” anlayışı gətirilməlidir
S.Məmmədov Əmək Məcəlləsinə “Ev işlərinə cəlb edilmiş şəxslərlə əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri” adında bir bölmənin əlavə olunmasını təklif edir: “Bu məsələ başqalarından fərqli tənzimlənməlidir. Qanuna “sahibkar olmayan fiziki şəxs” anlayışı gətirilməli, həmin şəxslə əmək müqaviləsi bağlamaq üçün prosedur müəyyən olunmalıdır. Hətta təklif edirəm ki, vergi qanunvericiliyində bunlar üçün fərqli vergi və sosial ödəmə müəyyən olunsun, yük azaldılsın. İkinci variant vergi qoymanın patent sistemidir. Şəxs xidmət göstərirsə, patent, yaxud lisenziya alsın. Tutaq ki, vətəndaş sahibkar kimi qeydiyyata düşmədən evinə qulluqçu götürmək, qanun əsasında müqavilə bağlamaqla ona ödədiyi məbləğdən vergi vermək istəyir. Yaxud özünüməşğul digər insanlara, elə repititorluqla məşğul olan müəllimlərə, küçədə ayaqqabı silən şəxslərə, küçə ticarəti ilə məşğul olanlara vergiqoymanın patent sistemi tətbiq oluna bilər. Hər hansı bir sahədə fəaliyyət göstərmək istəyən şəxs müəyyən məbləğ şəklində illik patent ödəyir və qanuni əsasla fəaliyyətini qurur. O zaman ona polis də müdaxilə edə bilməz. Dövlət bu yolla büdcəyə külli miqdarda vəsait toplaya bilməsə də əhaliyə vergi mədəniyyətini öyrədər. Təəssüf ki, qanunvericilik bunu tənzimləmir və məsələ açıq qalır”.
Sahib müəllimin fikrincə, tənzimlənməyən digər bir məsələ əmək bazarıdır: “Ona xalq arasında qul bazarı da deyirlər. Burda vətəndaş əməyini könüllü bazara çıxarır və satır. Əmək bazarının 70 faizi qeyri-formal şəkildə fəaliyyət göstərir. Bunu leqallaşdıran bir sistemin tətbiqinə ehtiyac var. Lakin cəhd göstərilmir. Məşğulluq Mərkəzləri bunu tənzimləyə bilər. Yerlər ayrıla, vergiqoymanın patent sistemi tətbiq oluna bilər. İnsan illik və ya hissə-hissə kiçik məbləğ, məsələn 50 manat ödəyir, bununla özünü də sığortalamış olur. Məsələn, evdə işləyəndə insan yıxılıb zədə aldısa, onun sığortası olmuş olur. Əslində ideal variant budur ki, məsələn, bir şirkət özünə işçi götürür, onlarla əmək müqaviləsini o bağlayır. Sifarişçiylə göstərəcəyi xidmətlə bağlı podrat müqaviləsi bağlayır. İşçinin hərəkətlərinə görə məsuliyyəti o daşıyır. İşçinin də hüquqları təmin olunur, əmək müqaviləsi çərçivəsində fəaliyyət göstərir, sığortalanır, vaxtlı vaxtında tibbi yoxlanışdan keçir. Ailədə insident olanda sifarişçi etirazını şəxsə yox, artıq şirkətə bildirir. Ziyan dəyibsə onu ödəyir. Əvvəlcə ƏƏSM Nazirliyinin, Məşğulluq Mərkəzlərinin nəzdində şirkət yaratmaq mümkündür. Özünü doğruldandan sonra onu özəlləşdirmək olar”.
Xarici təcrübə nəyi göstərir?
Elə ev var ki, orda ev qulluqçuları bir müəssisənin işçisi qədərdir. Adam var ki, 4-5 yerdə evi var. Villası var, oranın bütöv infrastrukturu var. Bağbanı, istilik sisteminə baxan işçisi, aşpazları, evin mühafizə xidməti və hətta xidmətin rəhbəri, şəxsi mühafizəçisi, bir neçə sürücüsü və s. Bu 30-40 işçiylə cibdən-cibə hesablaşma aparılır. Bunların içərisində deputatlar, hakimlər, hökumət məmurları az deyil. Məsələnin tənzimlənməsində əlaqələndirmə, dövlət qarşısında ictimai maraqlara həvəs yoxdur. Kimsə təşəbbüs göstərəndə laqeydlik, biganəliklə üzləşir. Maraqlı tərəf burda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ola bilər. Bu nazirlik təşəbbüs göstərməlidir. Patent və lisenziya məsələsi isə Vergilər Nazirliyinə aiddir.
Avropada vətəndaşların rahat işləməsi üçün qanuni normalar yaradılıb. Orda bütün münasibətlər qanunla tənzimlənir. İşləyən şəxs lisenziya və patent almaqla fəaliyyətini qurur. Lisenziya özündə sağlamlıq durumu, tibbi, psixoloji vəziyyəti birləşdirir. Həmin ölkələrdə ev qulluğu ilə bağlı işlərlə də şirkətlər məşğuldur. İnsanlar onlara sifariş verirlər. Kataloqa baxılır, dayə hansı səviyyədə olmalıdır, ilkin təhsil verəcək və yalnız körpəyə baxacaq, bunlar araşdırılır.
Rusiyanın Əmək Məcəlləsində münasibətlər daha dəqiq tənzimlənib. İki sahibkar olmayan fiziki şəxs arasında əmək müqaviləsi bağlanırsa, onlar bu sənədi ya bələdiyyədə, ya da notariat qaydada təsdiq etdirə bilərlər.
Bizim qanunvericiliyimiz isə hələ ki, beynəlxalq standartlardan uzaqdır. Azərbaycanın Əmək Məcəlləsində əmək müqaviləsi yalnız 2 tərəfin iştirakilə imzalanır, onun üçüncü tərəfin təsdiq etməsinə yol verilmir.
Şərhlər bağlıdır.