Qadınlar cəmiyyətdə daha çöx təzyiqə məruz qaldığına görə valideynlər oğlan istəyir
25 may 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində ilk tədbirini Zaqatala Mərkəzi Rayon Xəstəxanasında keçirib. Birliyin rəhbəri Sevil Allahverdiyeva layihənin məqsədi barədə danışıb. Layihənin eksperti Mehriban Vəzir qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğunu, üstəlik müasir texnologiyanın da onları məhv etdiyini vurğulayıb. O, bu problemin daha çox ictimai və sosial tərəflərindən bəhs edib, ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsinin, birinci, ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasının statistikasını nəzərə çatdırıb. Layihənin sosioloqu Rafiq Təmrazov cəmiyyətdə kişi-qadın münasibətlərindən, qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən söhbət açıb. Qeyd olunub ki, istər məişət, istərsə də təhsil və hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər.
Tibb və təhsil işçilərinin, xüsusilə gənc qızlar və yeni ailə qurmuş xanımların iştirak etdiyi tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadlarına toxunulub. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə iştirakçılar regionda baş verənlərə, bu tendensiyayla bağlı mövcud vəziyyətə münasibətlərini açıqlayıblar. Xüsusi olaraq Zaqatala regionunda dini radikalizmin güclənməsi və qadınların bundan əziyyət çəkməsi qeyd olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Cövhər xanım da mövzu barəsində rəylərini bölüşüb, komitənin bu yöndə apardığı işləri diqqətə çatdırıb.
Şərhlər bağlıdır.