“Qəzetdə gedən tənqidi çıxışlar hökumətin diqqətindən kənarda qalmamalıdır”
Bu gün Mingəçevirdə çalışan KİV nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onun adını daşıyan mərkəzdə dəyirmi masa ətrafında müzakirə aparıblar. Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Azərbaycan Milli Mətbuatının və jurnalistikamızın tarixinə qısa nəzər salıb, ictimai-siyasi fikrin formalaşmasında medianın rolu barədə danışıb, jurnalistləri peşə bayramı münasibətilə təbrik edib. YAP Şəhər Təşkilatının sədri Cavanşir Yusubov medianın cəmiyyətlə hakimiyyət arasında körpü rolu olduğunu nəzərə çatdırıb.
Dəyirmi masada media təmsilçiləri bir sıra təkliflərlə çıxış ediblər. Azərbaycan Prezidentinin jurnalistlərlə son görüşündəki nitqindən bəzi fikirləri xatırladan “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev bildirib ki, qəzetdə gedən tənqidi çıxışlar hökumətin diqqətindən kənarda qalmamalıdır. MTV-dən Ehtiram Muradlı deyib ki, Bakıda jurnalistlər üçün mənzil tikilsə də, bölgədəki KİV-lər bu imkanlardan bəhrələnə bilmirlər. “Azərbaycan işıqları” qəzetində çalışan Yusif Ələkbərov əyalətdə yaşayan və çalışanların adlarının dövlət mükafatı alanların arasında görmədiyindən təəssüfləndiyini gizlətməyib.
“Mingəçevir” qəzetindən Mirsədi Daşdəmirov, “Mingəçevir leysanı” jurnalından İsmayıl İmanzadə, “Zaman” qəzetindən Esmira Hidayətova, Bağlar İdarəsinin rəisi Eyyub Rəşidov, İH-nin ərazi nümayəndəsi Rizvan Mikayıllı da təbriklərə qoşulublar.
Dəyirmi masaya yekun vuran İ.İsmayılov əslində hər bir yazıdakı çıxışın diqqətlə izləndiyini, sadəcə bununla bağlı media qurumuna məlumat verilmədiyini, eyni zamanda jurnalistləri narahat edən digər məsələlərlə bağlı müvafiq addımlar atılacağını nəzərə çatdırıb. Tədbirin sonunda KİV rəhbərlərinə və bölgə jurnalistlərinə İH adından qələm dəsi bağışlanıb.
Şərhlər bağlıdır.