Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Ağdama gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Baxın, düşmənin müdafiə xətti. Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti var idi, baxın.
İndi biz işğaldan azad edilmiş torpaqlara keçirik. İstiqamət Ağdam şəhəridir. Ağdam şəhərini və Ağdam rayonunun işğal altında olmuş torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin.
Baxın, daha bir müdafiə xətti. Sağda da Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evləridir. Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir.
Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Biz Ağdam şəhərinə də jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər.
Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.
Sonra dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.
Azərbaycan Prezidenti və birinci xanım məsciddə dua etdilər.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Əvvəlki yazı
Şərhlər bağlıdır.