AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib

2020-ci ilin 23 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin icrasına start verilib. Layihə çərçivəsində ilk təlimin 23-27 noyabr tarixlərində, ikinci təlimin isə 30 noyabr – 4 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

“ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimlərin açılış mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov tədbir iştirakçılarını salamlayıb və təlimlərin MDU tələbələri və heyəti üçün faydalı olacağına əminliyini bildirib. İki universitet arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyacaq birgə layihənin əhəmiyyətindən danışan rektor təlimlərin iştirakçılarda sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini hədəflədiyini diqqətə çatdırıb. Təlimlərdə MDU-nun İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakultələrini təmsil edən tələbə və magistrantların, eləcə də akademik və inzibati heyət üzvlərinin iştirak etdiyini vurğulayan Ş.Bayramov qlobal pandemiya səbəbindən online formatda reallaşdırılan layihənin baş tutmasında əməyi olanlara təşəkkürünü bildirib.

MDU ilə birgə layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edən Siegen Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin kafedra müdiri, professor Petra Muq layihə çərçivəsində təşkil olunacaq təlimlərin faydalı olması üçün bütün hazırlıqların görüldüyünü bildirib. Hər biri beş gün davam edəcək iki təlimin mövzuları barədə danışan P.Muq tədbir iştirakçılarına təlimlərin nəzəri, praktiki və texniki nüansları barədə ətraflı məlumat verib.

Sonra təlimlərə start verilib.

Qeyd edək ki, MDU və Siegen Universiteti tərəfindən hazırlanmış birgə layihənin cari ilin noyabr-dekabr aylarında icrası nəzərdə tutulub. Siegen Universitetinin professor-müəllim heyəti və Almaniyanın uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçiriləcək təlimlərdə MDU-nun tələbə, magistrant və məzunları, eləcə də gələcəkdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı arzulayan Mingəçevir gəncləri iştirak edəcəklər. Təlimlər sahibkarlıq, biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edecək. Təlim iştirakçıları üçün praktiki bacarıqlarını inkişaf etdirmək, işgüzar oyunlarda iştirak etmək və ideyalarını biznesə çevirmək səriştələri qazanmaq imkanları yaranacaqdır.

Regional eko-sistemin inkişafına töhfə verməyi hədəfləyən layihə çərçivəsində təşkil olunan təlimlərə biznesdə uğur qazanmış bir neçə yerli sahibkar qonaq məruzəçi qismində cəlb ediləcəkdir. Sonda ən yaxşı təqdimat və biznes-planlar hazırlayan təlim iştirakçıları mükafatlandırılacaqdır.

Təqdirəlayiq haldır ki, yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close