AzərbaycanElm və təhsilMDUXəbərlər

Prezident İlham Əliyev: “Vətən Müharibəsi – XXI əsrin müharibəsidir”

Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir

Vətən müharibəsində Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi. Azərbaycan Ordusu elə həmin gündən şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu. 44 günlük müharibədə mülki erməni əhali arasında itkilər çox az olub. Çünki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb. Ermənilərdən fərqli olaraq, ordumuz ancaq silahlı hərbi birləşmələrə, qarşı müharibə aparıb, onlar torpaqlarımızdan qovulub.

Azərbaycan Ordusu Tarixi ədaləti bərpa etdi. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu. Ardıcıl olaraq Azərbaycan Ordusu yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad edib. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atdı və dünyaya sübut etdi ki, ədalətin qarşısında heç bir saxtakarlıq qalib gələ bilməz.

Döyüşlərdə qalib Ordunun yüksək mənəvi keyfiyyətlərə malik əsgərləri tapşırıqları peşəkaricrasına təmin edib. Azərbaycan əsgəri mülki əhali ilə heç vaxt müharibə aparmayıb.

Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatların davamı üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.Hadrut qəsəbəsi uğurlu hərbi əməliyyat nəticəsində oktyabrın 9-da işğaldan azad edildi. Müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyevin bilavasitə rəhbərliyi və nəzarəti ilə İlk növbədə, ətraf dağlar, yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsinə yol açıldı. Oktyabrın 17-də Hadrutdan sonra Füzuli şəhəri azad olundu. Ermənistan ordusu digər istiqamətdə pusquda dursa da  peşəkar ordumuz həmləni başqa tərəfdən etdi. Ərazilərin azad olunması arxa cəbhədə olan insanları  sevindirməklə yanaşı qələbəyə inam hissini artırırdı.

Yurdumuzun ecazkar şəhəri olan Şuşanın azad olunması bir möcüzə idi, ermənipərəst dövlətləri də sarsıdan bir hadisə idi.  Bu barədə mart ayının 15-də Füzuli və Xocavəndə səfəri zamanı dövlətimizin başçısı İlham Əliyev belə deyib: “Düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdik. Ona görə bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir”.

Dəhşətli haldır ki, Füzuli şəhərindən əsər-əlamət qalmayıb. Şəhər dağıdılıb. Ermənilər dağıdıblar. Binalarımızı sökülüb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr bunlardan danışmır, yalnız xəyal qururlar.  Əslində  işğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Bu dağıntıları videolarda izləyərkən görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıblar.

Səfər günü, 15 mart tarixində dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində iştirak etdi. Qeyd olundu ki, bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir.

Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. İnşa ediləcək və uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri artıq başlamışdır.

Azad olunan şəhərlər, kəndlər, tarixi abidələr, məscidlər, qəbirlər dağıdılıb, dəhşətli vandallıq, barbarlıq törədilib. Biz  ancaq öz torpaqlarımızı azad etmişik. Ermənilər binaları, yaşayış evlərini, inzibati binaları dağıdıblar. Böyük vəhşilik törədiblər. Məscidlərdə heyvan saxlayıblar. Müqəddəs abidələrimizi təhqir ediblər. Vaxtı ilə Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Bəyanat imzalandıqdan sonra da düşmən dinc dayanmayıb, öz iyrənc vərdişini davam etdirib.  Su elektrik stansiyalarını dağıdıblar.

Azərbaycan xalqı başqa millətlərin tarixinə, abidələrinə hörmətlə yanaşır. Ölkəmizdə başqa millətlərin nümayəndələri firavan ömür sürürlər. Hünərli kəndindəki abidə Alban məbədidir. Bu Alban kilsəsi Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazsalar da nə yaxşı ki,  buna nail ola bilməyiblər. Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur. İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, həm də yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər.

Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar.

Bəz nə qədər danışsaq da, yazsaq da düşmənin elədiyi vəhşiliyi, vandalizmi sadalayıb bitirə bilmərik. Çox təəssüf. Mingəçevir ictimaiyyəti, sakinləri dövlətimizin hər bir uğurunu sevinclə qəbul edir. Lakin 44 günlük Vətən müharibəsində qazanılan qələbəni daha böyük coşqu ilə qarşılayıb. Bu müharibədə həlak olan şəhidlərimizin məzarları hər zaman ziyarət olunur, onların xatirələrinə ehtiram göstərilir.  Bu gün Prezidentimizin də dediyi kimi, əsas diqqət azad olunan ərazilərin bərpa olunmasına yönəlib. Başlanan tikinti quruculuq işləri inanırıq ki, uğurla davam etdiriləcək, uzun illər məcburi köçkün kimi yaşayan soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. O gün uzaqda deyil.

 

Esmira Cəfərova, 

Mingəçevir Dövlət Universitetinin dosenti, 

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close