Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident bu dəfə şəhərimizi bəyənəcəkmi?

Mərkəzi Aranın ən isti bölgəsində bu yayın cırhacırında da abadlıq və yenidənqurma işləri səngimir. Şəhərin Xaldan şosesi tərəfdən girəcəyində yolun genişləndirilməsi, avtovağzal yaxınlığında məcburi köçkünlər üçün hündürmərtəbəli yaşayış evlərinin inşası, Kürün sahillərində, xüsusən sol hissəsində son on illiklər ərzində mingəçevirlilərin gözlədiyi ürək açan mənzərənin qurulması doğrudan da təqdirə layiqdir.
Doğrudur, bu ilki yay mövsümündə nə özümüzün, nə də qonaqlarımızın çay kənarında istirahəti mümkün olmadı (babalı Sərvərin yox, keçmiş başçının boynuna), amma ümid edirik ki, ən azından payızdan etibarən dincəlmək üçün rahat məkanımız olacaq.
Hər halda yaşayış evlərinin üstünə alkapon çəkməkdən, Mingəçevirin tarixi binalarının memarlıq incilərini korlamaqdansa, məhəllələrin asfalt örtüyünü təzələmək daha vacib və xeyirxah işdir və Mübariz Ağayevin komandası həm korlamağı, həm də təzələməyi bacarırdı. Əslində dəyişən təkcə İcra Hakimiyyəti başçısıdır, köhnə komanda isə yerində qalır. Amma maraqlı və təəccüblüsü budur ki, bu köhnə məmurlar yeni qaydalarla işləməyi bacarır. Hətta məmurlardan biri “Bəs aprelin sonunadək sahil parkını açmağı öhdənizə götürməmişdinizmi?” sualımıza təmkinini pozmadan cavab verir ki, buna Mübariz müəllim söz vermişdi.
Komanda öz yerində, amma narahatlıq doğuran budur ki, şəhərdə ağsaqqal-qarasaqqal bəhsləşməsində birincilərin mövqeyi görünmür. Hər dəfə şəhərə yeni rəhbər gələndə ağsaqqallar ona xeyir-dua verir, ta gedənədək üzünə tərif yağdırırlar: “Bəs bu kişidən yoxdur”, “Halal olsun başçımıza”, “Siz gələndən şəhər elə gözəlləşib ki…”
Elə ki, getmək sərəncamı verildi, başlayırlar, nə başlayırlar: “Şəhəri pis günə qoydu”, “Hamını borca saldı”, “Yumurtadan yun qırxırdı”…
Nə olar, ay saqqalı, birçəyi ağarmışlar, başda oturanların eyiblərini o tərif dediyiniz vaxtlarda deyəydiniz. Sizin ki, bu kəslərdən asılılığınız yoxdu. Bəs nədən qorxursunuz? Əksəriyyətiniz təqaüdlə dolanırsınız, təqaüdünüzü ki, əlinizdən almayacaqlar? Ya da indidən sonra heç birinizi vəzifəyə qoymayacaqlar (heç 65 yaşında müəlllimi işdə saxlamırlar, o ki, qala sizə iş verələr).
Mən uzun illərdir ki, izləyirəm. Hər gələn başçının ilk görüşlərindən biri elə ağsaqqallarla olub (heç mətbuat, QHT nümayəndələri yada düşmür). Amma illər boyu bu adamların da yetərincə problemləri həll olunmamış qalıb. O cümlədən son 20 ildə şəhərimiz də təzələnmədən, gözəlləşməkdən kənarda qalaraq, yerində sayıb. Elə buna görə də ölkə prezidenti yeni başçını Mingəçevirə göndərib ki, buranı müasir şəhərə çevirsin.
Payızda cənab İlham Əliyevin Mingəçevirə gələcəyi, bir neçə yeni obyektin açılışında iştirak edəcəyi gözlənilir. Mingəçevirlilər yaraşıqlı parklar, geniş yollar, hündür binalarla bərabər keçmiş sənaye müəssisələrinin yerində yeni istehsal obyektlərinin açılmasını da gözləyirlər. Çünki işsizlikdən bütün gününü çayxanalarda keçirənlər ailələrinə qazanc gətirmək istəyirlər. Və mən inanıram ki, mingəçevirlilərin firəvan həyatını görəndə Prezident şəhərimizi bəyənəcək.

Şərhlər bağlıdır.