İctimaiyyətlə polisin arasında qarşılıqlı hörmət, etibar, inam və məhəbbət körpüsü yaranıb
İnsanlar həmişə polis orqanlarına üz tutublar. Bu, müxtəlif səbəblərlə bağlıdır. Adətən cinayətkarların təzyiqinə məruz qalanda kömək edəcək təşkilat kimi ilk növbədə ağıla polis gəlir. Kiminsə evini yarırlar, cibini soyurlar, hətta dələduzluqla pulunu alırlar, qeyd-şərtsiz polisə üz tutur. Bir sıra hallarda bu məsələlər digər orqanların səlahiyyətlərinə aid olur. Məsələn, mülki xarakterli işlər, daha çox borcla bağlı iddialar məhkəmə müstəvisində həllini tapa bilər.
Vətəndaşlar polis şöbəsinə nə üçün gəlirlər? Bəzən bankomatdan təqaüdlərini ala bilməyəndə, təqaüd kartlarını itirəndə, qonşudan su damanda, cinayət və ya hüquqpozma xarakterli bir hərəkətlə qarşılaşanda, kimdənsə narazı qalanda… Yəni bütün məsələlər üzrə insanlar polisə müraciət edirlər. Bunu iki cür dəyərləndirmək olar. Əgər polisə aid olmayan məsələlər üzrə müraciət edirlərsə, bu vaxt itgisidir. Digər tərəfdən isə bir növ rahatlıq tapırıq. Deməli bizə inanırlar. Hətta ailələrində münaqişə olanlar rəsmi müraciət etməsələr də münasibətlərinin düzəlməsi üçün yanımıza gəlirlər. Bəzən iş axtaranların da iş tapmasına yardımçı olmağa çalışırıq. Bir sözlə, insanlar əvvəlki illərə nisbətən indi polisə daha çox güvənirlər.
Təəssüf ki, cəmiyyətin bir hissəsi polisə arzu olunan səviyyədə kömək etmir. Cəmiyyət dəstəkli polis layihəsi, keçirdiyimiz tədbirlər hələ kifayət etməyib ki, insanların hamısı polisə və onun işinə yüksək səviyyədə dəstək olsun. Bəzən insanlar yanlarında baş vermiş hadisələrə biganə qalır, hətta polisə kömək etməkdən boyun qaçırırlar. Onlar unudurlar ki, belə etinasızlıq sonda özlərinə zərbə vura bilər. Əgər bu gün qonşunun evinin oğurlanmasına göz yumuruqsa, sabah kim zəmanət verə bilər ki, oğru bizim mənzili də qarət etməyəcək? Amma vaxtında siqnal versəydik, hadisə yerində gördüyümüz cinayətkarın yaxalanmasına səy göstərsəydik, bu gün qonşumuzun, sabah isə özümüzün mülkümüzü və həyatımızı qoruya bilərdik. Sizin xeyirxahlığınızı görən qonşu evdə olmadığınız müddətdə qapınızdan yad adamların daxil olmasına imkan verməyəcək. Heç nəyə gücü çatmasa da, heç olmasa 102-yə zəng vura biləcək.
Sirr deyil ki, oğurluq edənlərin əksəriyyəti narkomaniyanın əsiri olan insanlardır. Çünki narkoman digər cinayətlərin baş verməsi üçün potensial qüvvədir. Narkotik istifadəçiləri hər bir cinayətə gedə bilər. Narkoman nə qədər az olsa, o biri cinayətlər də təbii ki, azalar. Onların narkoloji maddə əldə etməsi üçün hər şeyə əl atması, hətta başqalarının əmlakını oğurlaması mümkündür. Narkomaniya ilə mübarizədə bu il əvvəlki illərə nisbətən çox iş görülüb. 6 ay ərzində daha çox və daha güclü, təsiredici maddələr aşkar edilərək, götürülüb. Bu iş davam etdirilir. Əslində məqsəd cinayəti əvvəlcədən qabaqlamaqdır. Buna isə 150 nəfərlik polisin deyil, 120 minlik şəhərin sağlam vətəndaşlarının gücü ilə nail olmaq mümkündür. Elə son beş ildə Daxili İşlər Nazirliyinin və ATƏT-in birgə səyi nəticəsində gerçəkləşdirdiyimiz “Cəmiyyət dəstəkli polis” layihəsinin fəlsəfəsi də buna söykənir: “Vətəndaşlara xidmət edən polis vətəndaşların köməyi ilə cinayətlərin qabağını ala bilər”. Əgər hər bir kəs polis eynəyi geyib, ətrafına polis kimi baxsa, şübhəli insanlarla, hadisələrlə bağlı məlumatları ən azından polis nəfərləri ilə, 102 xidməti ilə bölüşsə, əksər qətl, oğurluq və digər hadisələri beşikdəcə boğmaq olar.
Bizim ərazi-məsləhət şuraları bu istiqamətdə fəaliyyət göstərir və məqsədimiz onların işini daha da canlandırmaqdır.
Artıq ikinci ildir ki, DİN-in əmri ilə Azərbaycanın bütün polis orqanlarında “Cəmiyyət dəstəkli polis” layihəsi tətbiq olunur. ATƏT-in polis eksperti tez-tez ərazilərə gəlib metodiki köməklik göstərir. Bu, artıq layihə yox, polisin gündəlik fəaliyyətinə, iş tərzinə çevrilir. Əvvəlki illərlə müqayisədə ən vacibi budur ki, bu gün insanlar məmnuniyyətlə şöbəyə və polisə yaxınlaşa bilirlər. Polis də onu öz doğması kimi qəbul edir, köməkliyini əsirgəmir. İctimaiyyətlə polisin arasında etibar, inam, məhəbbət, qarşılıqlı hörmət körpüsü yaranıb və vətəndaşların böyük əksəriyyəti polisin vəzifəsini yerinə yetirməsinə yardımını əsirgəmir. Elə son illər polis gününü ümumşəhər, ümumxalq bayramı kimi qeyd etməyimiz bu istiləşmədən, doğmalıqdan irəli gəlir. Yeri gəlmişkən, bütün mingəçevirliləri 2 iyul polis günü münasibətilə təbrik edirəm.
Ələsgər Bədəlov,
Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki
Şərhlər bağlıdır.