Səhiyyə

Pandemiya ilə mübarizədə də həkimlər ön xətdədir

İlham Əliyev: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində”

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse prezidenti  Mehriban xanım Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Qeyd edim ki, dövlətimizin başçısının koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədi ilə bu il aprelin 7-də imzaladığı sərəncama əsasən hər biri 200 çarpayılıq olan modul tipli xəstəxanalar quraşdırılır. İlk modul tipli xəstəxana may ayının 7-də istifadəyə verilib. Bu xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlar  quraşdırılıb. Bakı şəhərində, Abşeron rayonunda və Sumqayıtda istifadəyə verilən modul tipli xəstəxanalaırın açılış mərasimində ölkəmizin prezidenti pandemiya ilə mübarizə məqsədi ilə Azərbaycanda həyata keçirilən tədbirlərdən danışaraq vurğulayıb ki, bizim əsas məqsədimiz vətəndaşların sağlamlıqlarını qorumaqdır. Vətəndaşları nizam-intizama çağıran prezident vurğulayıb ki, “Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır”.

Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir. “Koronavirus pandemiyası başlayandan  bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Əsas məqsəd insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Burada cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq yerinə düşər: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

Bu məqsədlə görülən qabaqlayıcı  tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübutdur. “Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Dövlət başçısı bildirib ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” – bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb”.

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanın fədakar tibb işçiləri xəstələrə çox yüksək səviyyədə xidmət edirlər. Onların sağalıb yenidən  evlərinə qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər. “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Koronavirusla mübarizənin bazasının gücləndirilimsi üçün önləyici tədbirlər görülür. Modul tipli xəstəxanalarda xüsusi olaraq pandemiyaya yoluxan vətəndaşlara göstəriləcək xidmətdən danışan dövlətimizin başçısı qeyd edib ki; “Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. Mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə – təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.”

Ölkləmizdə virusla mübarizə məqsədi ilə xalqın prezidentin çağırışına səs verməsi onu göstərir ki, Azərbaycanda dövlət quruculuğu yüksək səviyyədədir. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və cəmiyyətin göstərdiyi dəstək bunun bariz nümunəsidir.  “Pandemiyaya qarşı mübarizədə 10 xəstəxana tikilməlidir, bunların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm.”

Önləyici tədbirlər sırasında karantin qaydalarının tətbiq edilməsi və ölkə vətəndaşlarının buna ciddi yanaşması, 65 yaşdan yuxarı vətəndaşların evdən çölə çıxmamaları, işləyənlərdən fərqli olaraq digər sakinlərin yalnız vacib olduğu halda icazə ilə evdən çölə çıxmaları cəmiyyətin dövlətimizin başçısına göstərdiyi etimad və hörmətin təcəssümüdür. “Hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir.”

Böyük problemlərdən olan xaricdə qalan vətəndaşların ölkəyə gətirilməsi üçün mümkün vasitələrdən istifadə olunduğunu diqqətə gətirən  Prezidentimiz İlham Əliyev bildirib ki; “Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün  xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə”.

Təbii ki, xəstəni həkim müalicə etməlidir. Başqa cür ola bilməz. Son illərdə Azərbaycanın səhiyyə sistemi  güclənib, müasir xəstəxana və klinikalar inşa olunub. Ən müasir tibbi avadanlıqlar, diaqnostik aparatlar quraşdırılıb. Pandemiya ilə mübarizədə də həkimlər ön xətdədir, onların bu çətin günlərdə istirahətsiz olaraq xəstələrə göstərdikləri xidməti yüksək qiymətləndirən  Prezidentin bu fikirləri biz həkimlərə olan inamdan irəli gəlir: “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.

Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. Prezidentimiz çıxışından daha bir sitat: “Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq.”

İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması dövlətimizin başçısının diqqətini çəkdi və vacib addımlar atıldı. Bunun üçün ayrıca fabrik yaradıldı, təbii ki, vətəndaşların sağlamlığı, rifah halı yenə ön planda durdu: “Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində.”

Hər bir vətəndaş öz sağlamlığını qorumalıdır. Bunun üçün vacib olan qayda və qanunlara  riayət etməli, özünü və ətrafındakıları qorumalıdır.  “Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir”.

Azərbaycanın pandemiya ilə mübarizə  məqsədi ilə təklifləri nəzərə alınır. Azərbaycanın təşəbbüsü ilə bir neçə dəfə videokonfrans formatında beynəlxalq tədbirlərin keçirilməsi  göstərdi ki, Azərbaycan digər dövlətlərlə dostluq və əməkdaşlığa önəm verir: “ Eyni zamanda, biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, – o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, – müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar”.

Azərbaycan   bu çətin zamanda təkcə  öz problemlərini həll etmir, başqa dövlətlərə də yardım göstərir. Prezident İlham Əliyevin dediyi kimi; “Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib”.

Azərbaycanın dördüncü şəhəri olan Mingəçevirdə də pandemiya ilə mübarizə məqsədi ilə ardıcıl tədbirləır görülür. Küçələrdə, parklarda, bütün idarə və müəssisələrdə, səhiyyə, təhsil və tərbiyə, mədəniyyət ocaqlarında dezinfeksiya işləri aparılır. Sakinlər şəhərdə karantin dövrü başa çatsa da sağlamlıqlarını qorumaq üçün tibbi maskalardan istifadə edirlər.  Yeri gəlmişkən, ölkə prezidentinin sərəncamı ilə Mingəçevir və Yevlax şəhərləri İcbari Tibbi Sığortanın tətbiq edilməsi üçün pilot ərazi seçilmiş və uğurla tətbiq edilmişdir.  Artıq üç ildən artıqdır ki, sakinlər icbari tibbi sığortanın xidmətindən faydalanırlar. Mingəçevir mərkəzi xəstəxanasına müayinə və müalicə üçün müraciət edən vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir. Əsas məqsədimiz, ölkə prezidentinin tövsiyyə və tapşırıqlarına uyğun olaraq vətəndaşlara keyfiyyətli xidmət etmək, onların sağlamlıqlarını qorumaq, hər cür tibbi yardım göstərməkdir. Və biz  tibb işçiləri buna nail oluruq.

 

Allahverdi Alıyev,

“Tərəqqi” medallı həkim

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close