Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Özünüzü təhlükəyə atmayın

224

Məlum olduğu kimi, çətin, ekstremal situasiya ilə insan təkcə vəhşi təbiət ortamında deyil, eyni zamanda sivil həyatda-məişətdə, iş yerində, küçədə və s.  kimi yerlərdə də qarşılaşa bilir.

Hər birimiz günün müəyyən saatlarını küçədə keçiririk. Yaşından asılı olmayaraq hər kəs küçədə çətin situasiyalarla qarşılaşa bilər. Bu səbəbdən diqqətli və ayıq-sayıq olmaq lazımdır. Məsələn, son dövrlər yolda olarkən gənclər arasında qulaqcıqlardan istifadə edilərək musiqi dinləmək çox yayılıb. Bu isə onların təhlükəni vaxtında eşitməkdə, fikirlərini dəqiq cəmləşdirməkdə çətinlik yaradır. Belə ki, bu, arxadan yaxınlaşan nəqliyyat vasitəsinin səsini,  xəbərdaredici siqnalı, çağırışı eşitməməyə səbəb ola bilir.

Küçədə gəzərkən, binaların divarlarına çox yaxın getməyin. Bu zaman başınıza nəyinsə düşmə ehtimalı var. Səs eşitdikdə isə başınızı qaldırıb baxmaq yerinə sürətlə ordan uzaqlaşın. Ola bilər ki, bu sökülməyə başlayan eyvanın axırıncı armaturasıdır ki, cırıldayır.

Nəqliyyatın hərəkət etdiyi yolun çox yaxınlığı ilə  getməyin. Qəza nəticəsində səkiyə doğru sürüşən avtomobil sizi zədələyə bilər.

Bağlanmaqda olan nəqliyyat qapısından içəriyə girməyə tələsməyin. Tam minə bilmədiyinizdən nəqliyyat vasitəsi sizi sürükləyə bilər.

Küçədə lyuklar üzərinə ayaq basmayın. Hətta o möhkəm görünsə belə. Fırlanaraq açılan belə lyuklarda ciddi zədələr ala bilərsiniz.

Küçədə hər hansı, hətta xırda bir predmet belə olsa da ayaq ilə vurmağa çalışmayın. İlk baxışdan yüngül görsənə bilən cisimlər bəzən çox ağır olur və bu zaman siz ciddi ayaq zədəsi ala bilərsiniz.

Küçədə insan kütləsinin cəmləşdiyi yerlərdən uzaq qalmağa çalışın. Kütlə sizə təhlükəli anlarda hərəkət etməyə mane olacaq. Panika vəziyyətinə düşmüş kütlənin özü çox təhlükəlidir. Bu səbəbdən zərurət olmadıqda bu kimi yerlərdən uzaq olmağa çalışın.

Ümumiyyətlə, hər hansı potensial təhlükənin olduğunu hiss etdiyiniz zaman oradan uzaqlaşmağa çalışın. Nəyisə öyrənmək kimi marağınıza qalib gəlib özünüzü təhlükəli vəziyyətdən uzaq tutun.

                                                    FHN Aran Regional Mərkəzi  Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.