AraşdırmaBələdiyyə

Özünə güvənən qadınlar növbəti bələdiyyə seçkilərində

Qadınların səlahiyyətlərinin artırılması ilə bağlı qeyri–hökumət təşkilatlarının apardığı işlər son illər seçkilərə namizəd kimi qatılan qadınların sayının artması ilə nəticələnib

Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində hazırlanıb.

“Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilovanın dediyinə görə, layihə 9 regionda-Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazaxda həyata keçirilib. Layihənin əsas məqsədi gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Təlimlər zamanı lider qadınlar seçilib, onlarla iş aparılıb. Layihə çərçıvəsində yerli özünüidarəetmədə təmsil olunan lider qadınların böyük şəbəkəsi yaradılıb. 300 nəfərdən çox insan arasında sorğu aparılıb, maarifləndirici videoçarx hazırlanıb.

Noyabrın 22-də Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olacaq. Burada 100 qadın namizəd və hər birinin 100 qadın müşahidəçisi təlimlərə cəlb olunacaq.

Lyudmila Xəlilova deyir ki, bələdiyyə qanunvericiliyində müəyyən dəyişikliklər olmalıdır: “Məsələn, biz təklif edirik ki, bələdiyyələrdə mütləq beş daimi əsas komissiya ilə yanaşı gender məsələləri üzrə komissiya da olsun. Dünya 2030-cu ilə qədər Dayanıqlı inkişaf Məqsıdlərinə imza atıb. Dövlətimiz bununla bağlı BMT-yə artıq ikinci hesabatını təqdim edib. DİM-in beşinci məqsədi bilavasitə gender bərabərliyini nəzərdə tutur. Və onun doqquz hədəflərindən biri məhz idarəetmədə qadın təmsilçiliyinin və bərabər imkanlarının təmin olunmasıdır. Bununla yanaşı, 17 DİM-in 12-sinin gender indikatoru olmadan icrası mümkünsüzdür. Bu, bir fəaliyyət gündəliyidir. Yeni formalaşan bələdiyyələr də bunu nəzərə almalıdırlar. Hesab edirəm ki, kifayət qədər bilikli, bacarıqlı qadınlar var və onlar bələdiyyədə təmsil olunmalıdırlar”.

Bəs layihənin iştirakçıları olan lider qadınlar necə düşünürlər? Biz bir neçə xanımla görüşdük və onların uğur hekayələrini dinləməkdə maraqlı olduq.

Leyli Tahirova: “Bələdiyyyələr əhaliyə ən yaxın qurumdur”

Leyli Tahirova

Gənc olmasına baxmayaraq, Leyli Tahirovanın artıq maraqlı həyat hekayəsi var. Onu vərəqləyəndə bir-birini əvəz edən uğurlu əmək fəaliyyətini görürük. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əvvəl “Azərsu” Səhmdar Cəmiyyətində, sonra Binəqədi Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Yeni Azərbaycan Partiyasının təklifi ilə yerli özünüidarəetmə orqanlarına keçirilən III və IV çağırış bələdiyyə seçkilərində iştirak edıb. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilib. Hazırda sədrin sosial məsələlər üzrə müavinidir.
Leyli xanımın dediyinə görə, qadın, məktəbli və tələbələrlə iş aparır, adamların müsabiqə yoluyla bələdiyyə qulluğuna gəlməsinə nəzarət edir. O, çalışdığı qurumda bələdiyyə qulluğunun müsabiqə komissiyasının sədridir: “Sosial məsələlərin əhatə etdiyi bütün sahələr məni maraqlandırır. Bələdiyyədə təcrübə keçmək istəyən tələbələrlə six işləyirik. Əslində bələdiyyənin kiçik müəssisələri olmalıdır. Bu halda qanunvericiliyə uyğun olaraq mənfəət vergisi bələdiyyənin özündə qalır, bu vəsait isə seçicilərin sosial problemlərinin həllinə yönəldilə bilər. Ola bilsin ki, Bakıda bir və ya iki bələdiyyənin öz müəssisələri var. Amma bizim bələdiyənin belə müəssisəsi yoxdur. Bu gün bələdiyyəmizin büdcəsi imkan vermir ki, iri həcmli işlər görək. Buna baxmayayaraq, az büdcə ilə də olsa daha çox maarifləndirici mövzularda kiçik layihələr həyata keçiririk. Çalışırıq ki, hazırda gündəmdə olan proqramlardan, ölkədə aparılan siyasətdən kənarda qalmayaq. Bələdiyyənin iş planına uyğun olaraq, öz səlahiyyətlərimizi həyata keçiririk. Maraqlıyıq ki, məktəbliləri də maarifləndirici tədbirlərə qataq. Bu tədbirlərin xərcinin bir hissəsi bizim büdcəmiz hesabına qarşılanır”.

Bələdiyyəyə namizədliyi irəli sürüləndə Leyli xanım bu məsuliyyətli işə hazır idi: “Universitetdən sonra, 2007-2009-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” şöbəsində təhsil aldım. Təhsilimi uğurla başa vurdum və və əlbəttə ki, həm iddialı idim, həm də bu sahədə işləməkdə maraqlı idim. O vaxt nəzəri biliklərim vardı və bütün problemlər barədə məlumatlıydım. Bir gənc kimi seçki kampaniyası çərçivəsində çıxışlar edirdim. Gələcəkdə seçiləcək həmkarlarımla komanda olaraq problemləri həll etməyin arzusunda idim. Bu fəaliyyətə az da olsa öz töhfəmi vermək istəyirdim. İstəyim, marağım, iddiam məni seçkilərə, sonra isə bələdiyyəyə gətirdi”.
III çağırış bələdiyyə seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə 4 nəfər qadın seçilmişdi. Onların arasında ən gənci Leyli idi. 4-cü çağırışda həmin qadın bələdiyyə üzvlərinin sayı 7 nəfərə çatdı.

Dərdlərini, xahişlərini qadına deməyi daha üstün tutan xanımlar müxtəlif məsələlərlə bağlı Leyli Tahirovanın yanına gəlirlər. O da öz növbəsində həvəslə onlara problemlərinin aradan qaldırılmasında kömək edir: “Əslində onların problemləri müxtəlif mövzularda olur. Gündəlik rastlaşdıqları məişət məsələləri-işıq, qaz, kanalizasiya, su, işlə bağlı müraciətlər və s. Bəzən bizim səlahiyyətimizə aid olmayan məsələlərlə bağlı da müraciətlər olur. Bu da ondan irəli gəlir ki, seçicilərimiz bələdiyyəni özlərinə ən yaxın qurum hesab edirlər. Yerli özünüidarəetmə qurumu bu gün həm də bir məlumat mərkəzi rolunu oynayır”.

Əvvəlki illərdən fərqli olaraq, 23 dekabr 2019-cu ildə baş tutacaq seçkilərdə qadın namizədlərin sayı daha çoxdur. Amma müsahibimiz düşünür ki, vəziyyət heç də onun arzu etdiyi səviyyədə deyil. Çünki əksər qabiliyyətli xanımlar passiv həyat tərzi keçirirlər. Belə qadınların səlahiyyətləndirilməsi, fəallığının, gücünün artırılması, bələdiyyə seçkilərinə qatılması üçün daha çöx maarifləndirmə işi aparılmalıdır: “Baxmayaraq ki, bir tərəfdən bələdiyyənin yaşı azdır, yəni 20 ildir fəaliyyət göstərir, digər tərəfdən də artıq kifayət qədər təcrübəsi, tarixcəsi var. Lakin hələ zəifdir, tam möhkəmlənməyib. Bəzi insanlar bələdiyyənin səlahiyyəti, fəaliyyəti haqda məlumatsızdırlar. Və onun hansı işlər gördüyünü bilməyənlər də tapılır. Məncə nəinki qadınların, gənclərin bələdiyyə üzvlüyünə, bələdiyyə qulluqçuluğuna axını olmalıdır”.

Leyli xanımın sözlərinə görə, hazırda bələdiyyə ərazisində 54 mindən çox seçiciləri var: “Onun bir hissəsinə köməklik məqsədilə yardım edə bilirik. Evlərə gedirik, söhbətlər aparırıq və istəyirik ki, bizi qarşılayan insanda haqqımızda müsbət fikir formalaşsın. O da öz fikrini qohum-qonşulara, tanışlara, məktəblə əlaqələri varsa müəllimlərə çatdırsın. Eyni zamanda məktəblərə gediriksə, çalışırıq ki, orda təmsilçiliyimiz kifayət qədər yaxşı səviyyədə olsun. Bizim fəaliyyətimiz bu gün həm də Facebook səhifəsində əks olunur, gənclər də bizi daha çox sosial şəbəkələrdə izləyir”.

Leyli xanımın dediyinə görə, ailəsində münasibətlər gender balansına uyğun tənzimlənir. Həyat yoldaşı onun iş fəaliyyətində atdığı hər bir uğurlu addımına sevinir. Onlar həmkar olublar, ikisi də bələdiyyə sahəsində çalışıb, yaxından tanış olduqdan sonra ailə qurublar. Uğurlu nikahdan bir övladları dünyaya gəlib: “Əvvəllər qadınlar idarəetmə orqanlarında az təmsil olunurdular. Buna mane olan bir sıra səbəblər vardı. Məncə, qadın özü iddialı olmalıdır. O, özündə güc, iradə tapmalıdır ki, mübarizəsini axıra kimi aparsın. Eyni zamanda o, bunu əks cinsin nümayəndələrinə aktivliyi və fəaliyyəti ilə sübut etməlidir. Qadın öz əhatəsinin, məhəlləsinin problemlərini həll etməyə qadirdir. Sadəcə burda bəzi stereotiplər var və bu da düşüncələrdədir. Cəmiyyətin yanaşması dəyişməlidir. Bəzi ailələrdə kişi tərəfindən qısqanclıq olur. Belə ki, qadın daha çox maaş alanda və yüksək vəzifədə olanda və yaxud kişi həmkarları ilə çalışanda həyat yoldaşı süni şəkildə münaqişə yaradır. Lakin vəzifədə olan və səlahiyyətləri çox olan xanım artıq hər bir məsələyə başqa prizmadan baxır”.

Cəmiyyətimizdə xanımların üzə çıxması və irəli getməsinə mane olan stereotiplərin qarşısını elə qadınların özləri ala bilərlər. Bunun üçün Leyli xanım insanların təhsillənməsinin vacibliyini önə çəkir: “Düşünürəm ki, qadın və kişi mütləq təhsilli olmalıdır. Biz təhsilli insanların vasitəsilə bu stereotipləri qıra bilərik. Fəaliyyətində əhəmiyyətli bir dönüş yaradan insanlar vasitəsilə. Onun təcrübəsiylə, uğur hekayəsini paylaşmaqla. Baxın, bu gün bir qadın vəzifədədir. Öz fəaliyyəti və atdığı addımlarla çalışdığı quruma töhvələrini verib, müsbət nəticələrə nail olub. Misalları göstərməklə o stereotipləri qıra bilərik. Eyni zamanda təhsilli qadın bizi daha yaxşı başa düşər. Layihələrin birində məktəbli qızlarla görüşdük. Biz onlara liderlik xüsusiyyətlərini izah etməklə, qadın liderlərin öz ərazilərində hansı problemlə üzləşdiyini və onların öhdəsindən necə gəldiyini başa saldıq. Təəssüf ki, bəzi məktəblilər hələ də elə düşünürlər ki, qadının vəzifəsi gələcəkdə yalnız ərə gedib, ailəyə xidmət etməkdir. Biz uşaqları öz hekayəmiz və digər lider qadınların nümunələri ilə bəsit fikirləri dəyişməyə, qadınların da kişilərlə birgə inkişaf etməsinin və cəmiyyət üçün faydalı olmasının əhəmiyyətinə inandırmağa çalışırıq”.
Bəzən qadınlar seminarlarda çox fəal olurlar. Onlar hətta özlərini lider görürlər. Lakin seminardan sonra öyrəndiklərini ya tətbiq etməyə nail ola bilmir, ya da buna maraq göstərmirlər. Sədr müavininin fikrincə, insanların çevrəsində onlara dəstək olan və güclü motivasiya verən əzizləri, dostları, həmkarları olmalıdır. Həm də insan özündə iradə, güc, cəsarət tapmalıdır.

Seçkiyə start verilməmişdən əvvəl “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini haqda həvəslə danışan Leyli xanim seminarlarda maraqlı mövzuların çox olmasını nəzərə çatdırır: “Tədbirdən əvvəl layihə təqdimatına hazırlıq ərəfəsində yığıncaqlar keçirilirdi. Orda da çıxışlarım olurdu. Həm rəqəmlərə, həm də gender durumuna, bu sahədə olan yeniliklərə, bələdiyyə təmsilçiliyi haqda məlumatlara fikir verirdim. Layihənin koordinatoru Lyudmila Xəlilova qadınların seçkilərə gəlməsi məsələsini gündəmə gətirirdi. İstər namizəd və müşahidəçi, istərsə də seçici olsun, hamı seçkiyə gəlməlidir. Rayon sakinləri ilə görüşlərdə qadınların aktiv və səlahiyyətli olmasını tövsiyə edirdi. Mən də bu görüşlərdən ruhlanırdım, həvəslənirdim. Deyirdim ki, biz iddialı və irəli getmək üçün əzmkar olmalıyıq. Bu da mənə gündəlik iş fəaliyyətimdə kömək edirdi. Hətta mənim təbliğatımdan sonra ətrafımdakı qadınlar beynəlxalq tədbirlərə qatıldılar”.

Qarşıdan gələn seçkilərdə YAP ərazi təşkilatı Leyli Tahirovanın namizədliyinizi irəli sürüb. Onun isə sinəsi yeni arzularla çağlayır. O, qadınların daha da fəal olması, ictimai işlərdə özlərini sınaması və bələdiyyədə təmsil olunması üçün bir neçə təkliflə çıxış edib: “Hər bələdiyyədə genderlə bağlı səlahiyyətli şəxs olmalıdır. Ayrıca komissiya və mərkəz yaradılmalıdır ki, qadınlarla işləsin. Gürcüstan təcrübəsində belə komissiya və mərkəz var, onlar sirf qadın və uşaq problemləri ilə işləyirlər. Bu nümunəni bizdə də tətbiq etmək olar. Qadınlar, gənclər bilsələr ki, burda konkret şəxslər onlarla iş aparmaqda maraqlıdır, bura axın çox olacaq. Təbii ki, heç kimin səlahiyyətini əlindən almadan və başqa qurumun işiylə üst-üstə düşmədən bu fəaliyyəti qurmaq mümkündür. Bələdiyyə qanunvericilinə baxsaq, görərik ki, bələdiyyədə beş komissiyadan başqa digər komissiyalar da yaradıla bilər”.

Afət Aslanova: “Haqsızlıq olan yerdə haqqın tərəfində durmaq lazımdır”

Afət Aslanova

Aslanovlar ailəsi 1988-ci ildə Qarabağ hadisələri ilə bağlı Qərbi Azərbaycanın Qafan rayonundan Azərbaycana gəlib, Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşanda Afətin 10 yaşı vardı. O, burada orta təhsilini başa vurdu, Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra qəsəbədəki 2 saylı orta məktəbdə müəllim kimi çalışmağa başladı. 2014-cü ildə Bələdiyyə seçkilərində səs toplayaraq bələdiyyə üzvü seçildi. Afət Aslanova hazırda Mehdiabad bələdiyyəsinin sədr müavinidir.

Əksəriyyət Afət xanımı xasiyyətcə nikbin və fəal qadın kimi tanıyır. O, üzvü olduğu Yeni Azərbaycan Partiyasının və çalışdığı məktəbin tədbirlərində aktivliyi ilə seçilir. Beynəlxalq və yerli təşkilatların layihələrinə isə bələdiyyəyə seçiləndən sonra qatılıb. Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dayaq mentorluq layihəsində iştirak edib, sertifikatlar alıb. “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən çoxsaylı layihələrdə öz sözünü deyib. Bu layihələr çərçivəsində Gürcüstanda, ötən il isə “Türk dünyası” Bələdiyyələr Birliyinin xətti ilə bələdiyyə üzvü olan 11 xanımla birgə Türkiyədə təcrübə proqramlarında olub.
Afət xanım cəmiyyətdə gender bərabərliyinin həllində qadınların rolunun zəif olduğunu deyir: “Mən deməzdim ki, biz qadınlar çox fərqliyik. Sadəcə mənim digər qadınlardan üstünlüyüm onda ola bilər ki, mənə heç bir tərəfdən təzyiq olmayıb. Ailəm məni həmişə dəstəkləyib. Elə aktiv xanımlar var ki, ailəsi ona müəyyən qadağalar qoyur, hətta onu cəmiyyətdən təcrid etməyə çalışır. O xanımlar da hüquqlarını müdafiə etmək əvəzinə, vəziyyətlə barışırlar. Amma həyatda “bacarmıram” deyilən bir şey yoxdu. İnsan istəsə, qarşısına məqsəd qoysa, hər şeyi bacarar. Düşünürəm ki, qadın bütün çətinlikləri, maneələri öz ağlı, gücü və savadıyla dəf edə bilər. Çünki hər bir qadın istəsə aktiv ola bilər”.

Müsahibimizin fikrincə, cəmiyyət bilərəkdən qadınları mental məngənədə sıxır. Bütün sahələrdə qadınlara qarşı ayrı-seçkilik, hüquqlarının pozulması hallarına rast gəlinir. Lakin əlində səlahiyyət olan qadınların imkansız, təhsilsiz, evdar xanımlara diqqət ayırması onların da inkişafına yol açar. Bununla da ailədaxili zorakiliq hallarını, qanunsuz qadağaları, mentalitetin yaratdığı stereotipləri aradan qaldırmaq mümkündür: “Əksər qadınlar öz hüquqlarını bilmirlər. Biz onlar arasında maarifləndirici tədbirlər həyata keçiririk. Amma stereotiplər ailədən gələndə onları aradan qaldırmaq o qədər də asan olmur. Təbii ki, ailələrlə söhbət aparmaq çox yaxşı təşəbbüsdür. Bəzən başa salmağa çalışırsan, danışırsan. Kimsə başa düşür, dediklərimizi dəyərləndirir. Baxırsan ki, xanım yavaş-yavaş cəmiyyətdə özünə mövqe tuta bilir. Amma elə aillələr də var ki, kişi həyat tərzində, davranışında dəyişiklik etməyə meyilli deyil. Bu da ən çox təhsilsiz ailə üzvləri arasında baş verir. Təhsilsizlik həmişə ailədə problem yaradır. Çünki, təhsilli adam ən azından səni normal şəkildə dinləyir, söhbət əsnasında dediklərini anlayır, səni başa düşür. Təhsilsiz kişi isə çox ambisiyalı olur. Elə qısqanclıq da bu səbəblərdən başlayır”.

Afət xanım bəzən icra orqanlarında təklif olunan işlərə xanımların getmək istəməməsi və təmsilçilikdən imtina etməsınə də münasibətini bildirdi. Onun dediyinə görə, burda bir neçə səbəb ola bilər. Səbəblərdən biri kimi o, ailə üzvlərinin qadının ictimaiyyətlə işləməsini qəbul etmədiyini göstərir: “Bu yenə stereotiplərə söykənir. Ən başlıcası isə düşünürəm ki, qadınlar öz güclərinə inanmırlar. Bəzən düşünürlər ki, hansısa vəzifəyə gedərəm, işə başım qarışar, ailəmə qayğım azalar. Ya da mənə tapşırılan işin ohdəsindən gələ bilmərəm. Onları mütləq təlimlərə cəlb etmək lazımdır. Əvvəllər təlimlərə qədər mən də sözümü deməyə utanır, çəkinirdim. Amma təlimlər mənə çox şey öyrətdi. Bu bir növ praktikadı. İnsan özünə daha çox güvənir. “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila xanımın bu sahədə gördüyü işlər böyükdür. Onun təlimlərindən sonra biz çox şeyə nail olduq. Hüquq və vəzifələrimizi, sözümüzü deməyi, səsimizi eşitdirməyi, qadın həmrəyliyinin vacibliyini öyrəndik. Vətəndaş haqqını tələb edirsə, hamılıqla onu müdafiə etməli, dəstəkləməliyik. Bizim arxamızda dövlətimiz, qanunverici orqanlar durusa, biz haqqımızı niyə tələb etməməliyik? Bütün bunlar mənim özümə inanmağıma, bələdiyyə seçkilərinə getməyimə əsas verdi”.

Kişilərin qadınlara səlahiyyət vermək istəməməsini bələdiyyə sədrinin müavini Afət Aslanova maraqlı şəkildə izah edir. Onun qənaətincə, əks cinsin üzvləri belə hallardan qorxur, gələcəkdə bələdiyyə sədrlərinin qadın olacağından və səlahiyyəti əllərindən alacağından ehtiyat edirlər: “Kişiləri pisləmək fikrim yoxdu. Onlar bizim baş tacımızdırlar. Amma bələdiyyə sədrləri qadın olsa daha yaxşıdır, nəinki kişilər. Çünki qadın ailəsində hamının qayğısına qaldığı kimi, tutduğu vəzifədə də daha çox elin, millətin halına yanar, qayğısına qalar. Qadınlar mehribandırlar, onlara pənah gətirənlərin dərdinə şərik çıxırlar. Kişilər bir az laqeyd ola bilir”.

Afət xanım deyir ki, hər bir insan özlüyündə bir liderdir və bütün qadınlar güclü liderlik xüsusiyyətlərini inkişaf etdirməlidirlər: “Bu, insanın özünün içindən gəlməlidir. Bizim gözəl qanunvericiliyimiz, inkişaf üçün şərait və imkanlarımız var. Hərdən bu el məsəlini xatırlayiram: “Quyuya su tökməklə, quyu sulu olmaz”. Təəssüf ki, xanimlarımız mübarizə aparmaqdan ehtiyat edirlər. Yəqin onlar ailədə yaranacaq söz-söhbətdən və yaxud boşanmadan qorxurlar. Bəzən onlar ailədə daha fəal olur, amma cəmiyyətdə sakit davranış sərgiləyirlər. Qadın əmək haqqını alıb, son qəpiyinə kimi həyat yoldaşına verir və bu haqda çox normal şəkildə danışır. “O evin kişisidir, belə olmalıdır”- yanaşmasını qəbul etmirəm. Mən başa düşürəm ki, ailə büdcəsi deyilən bir şey var. Amma düşünürəm ki, belə xanımlar ərləri tərəfindən istismar olunur. Çünki, qadının özünün təlabatını ödəmək üçün ona da müəyyən məbləğdə vəsait lazımdır”.

Öyrəndik ki, Mehdiabad Bələdiyyəsinin ərazisində 40 minə yaxın əhali var və onların arasında boşanmış qadınlara da çox rast gəlinir. Bəs Afət xanım belə halların qarşısının alınması üçün nə edə bilir?
Müsahibimiz ailənin dağılmasının müxtəlif səbəblərdən baş verdiyini izah edir: “Görəndə ki, hansısa qadına qarşı haqsız davranırlar, xanımı dəstəkləyirəm. Bəzən ər başqa dövlətdə işləyib, ailəsinə pul göndərir. Belə ailənin dağılmasına yol vermək olmaz. Xanımlar həyat yoldaşlarının evə az pul gətirməsinə qarşı dözümsüz olurlar. Bəzən də qadın evdə əri və yaxud qaynanası tərəfindən döyülür, ailədaxili zorakılığın qurbanına çevrilir. Amma ictimai qınaqdan çəkinərək bu haqda heç nə danışmır. Təbii ki, belə xanımların maariflənməyə çox ehtiyacları var. Fikrimcə, kişiləri də seminarlara cəlb edib, onları da maarifləndirmək lazımdır. Kişilər qadınları döyməli deyil axı. Qadınlarla işləyən təşkilatlar çoxdu. Məncə, kişilərə hüquq və vəzifələrini başa salacaq layihələr də həyata keçirmək lazımdır. Az da olsa, kişilərin də ailədaxili zorakiliğa məruz qalması hallarına rast gəlirik. Onun da müdafiəsini təşkil etmək lazımdır (gülür). Haqsızlıq olan yerdə haqqın tərəfində durmaq lazımdır”.

Afət xanımın Türkiyə və Azərbaycan bələdiyyələrinin müqayisəsi barədə fikirləri də maraqlıdır: “Azərbaycanda ən ucqar kənddə belə məktəb var. Amma Türkiyədə təhsili olmayan müxtəlif yaşlı insanlar var və bələdiyyələrin nəzdində onlara yazmaq və oxumağı öyrədən kurslar təşkil olunub. Bizdən fərqli olaraq, Türkiyədə uzun illik bələdiyyə sistemi var. Orda bütün səlahiyyətlər bələdiyyələrdədi. Ərazinin kommunal xidmətlərindən tutmuş polisinə kimi hər şey bələdiyyənin əlindədir. Onun büdcəsi də çox yüksəkdi. Biz Türkiyə ilə müqayisədə hələ çox geridəyik. Bizdə bələdiyyə gəncdir. Cəmi 20 yaşı var. Zamanla bizdə də bələdiyyəyə bütün səlahiyyətlər veriləcəksə, biz də onlar kimi olacağıq. Gördüklərimizi burda tətbiq etməliyik. Amma biz hələ o səviyyəyə gəlib çıxmamışıq. Türkiyədə xoşuma gələnlərdən biri də o idi ki, evdar xanımların əl işləri görməsi üçün yer açılıb. Orda xanımlar toxuyur, dərzilər paltarlar tikir, kimi muncuqlardan aksesuarlar, bəzək əşyaları hazırlayırdı. Sonra onlar bələdiyyə bazarında satılır və heç bir faiz tutulmadan satılan malın pulu xanımlara verilir. İnanıram ki, gələcəkdə bizim bələdiyyələrdə də belə kiçik müəssisələr açılar. Hətta mən bu təklifi öz bələdiyyəmizdə vermişəm. Çünki bizdə də qabiliyyətli, gözəl əl işləri olan evdar xanımlar var. Onlar bu yolla həyat şəraitlərini yaxşılaşdıra bilərlər”.

Dekabrin 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Afət xanımın da namizədliyini dəstəkləyib. A.Aslanova inanır ki, bu dəfə də seçicilərinin etimadını döğruldacaq: “İnsanların etimadını qazanmaq lazımdır. Əgər bu beş ildə sən özünü doğrultmusansa, seçicilərin üçün nələrisə etmisənsə, onun hansısa bir yarasına sarğı olmusansa, müraciətinin qeydinə qalmısansa, heç sən demədən seçici özü gəlib sənə səs verəcək. İnanıram ki, seçicilərim bu dəfə də gəlib mənə səs verəcəklər”.

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close