Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ötən təhsil ilində nə qazanılıb?

“XI sinfi bitirərək attestat alanların 83%-i ali məktəbə qəbul üçün sənəd vermiş, onlardan 438 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adına layiq görülmüşlər. Bu, sənəd verənlərin 65%-ni və məktəbi bitirənlərin 54%-ni təşkil edir”.
Bu sözləri Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov şəhər təhsil işçilərinin sentyabr konfransında söyləyib. 2013-2014-cü dərs ilinin yekunları və təhsil işçilərinin qarşısında duran vəzifələr haqqında danışan məruzəçi qeyd edib ki, qəbul olunanların 135 nəfəri 150-299, 225 nəfəri 300-499, 77 nəfəri isə 500-700 intervalında bal toplayanlardır. Natiq qeyd edib ki, 20 nömrəli məktəbin 10-cu sinif şagirdi Məmmədli Ayşən Habil qızı Azərbaycan tarixi fənni üzrə Respublika olimpiadasında II yeri qazanıb. TR və HETL-in şagirdi Fəridə Süleymanova Gənclər və İdman Nazirliyinin “İstedadların hazırlığı laboratoriya” layihəsi çərçivəsində respublika olimpiadasının qalibi olub. Ekologiya ilə bağlı Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında 13 nömrəli məktəbin X sinif şagirdi Vəlizadə Zaur Alim oğlu III yerə çıxaraq bürünc medala layiq görülüb. Respublika üzrə rus dili olimpiadasında THL-nın VIII sinif şagirdi Nərmin Rzayeva II yerə çıxıb. 18 nömrəli məktəbin şagirdi Allahverdiyeva Pərvanə Azər qızı “Heydər Əliyev – Müstəqil Azərbaycanın qurucusudur” mövzusunda yazdığı inşa müsabiqəsində dördüncü nəticəni göstərib.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən məktəblilərin VII informatika layihə olimpiadasında THL-in şagirdləri Unzilə və Arifə Əfəndizadələr animasiya kateqoriyasında III yerə, Cəbrayıl İsmayılov VEB səhifə kateqoriyasında II yerə, 3 nömrəli məktəbin şagirdləri Aysel və Ədalət Mustafayevalar isə qısametrajlı film kateqoriyasında II və III yerləri bölüşdürmüşlər.
Hər il olduğu kimi, bu il də məktəblilərimiz “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində fəal iştirak edərək, müxtəlif nominasiyalar üzrə 5 mükafat əldə ediblər (bir I, bir II və üç III). Bu yarışlarda 3 və 8 nömrəli məktəblərin, TR və HETL-in, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri daha maraqlı əl işləri ilə seçilmişlər.
Yanvar ayında məktəblilər arasında keçirilən respublika birinciliyində futbolçularımız və damaçılarımız gümüş, stolüstü tennisçilərimiz isə bürünc medala sahib olublar. 11 nömrəli məktəbin “Gənc xilasedici və yanğınsöndürən” komandası may ayında Yevlax şəhərində keçirilən zona yarışlarını qalib kimi tərk edib.
Məktəblilərimiz “Ətraf mühitə töhfəmiz”, “Narkomaniyaya yox deyək!” devizi altında silsilə yarış və müsabiqələrdə, ELTV-nin xəttilə “Elin zəkası” bilik yarışlarında, “Şəhər günü”nə həsr edilmiş “Nur şəhəri- Mingəçevir” mövzusunda rəsm, inşa, şer və əl işləri müsabiqələrində fəallıq göstərib, doğma şəhərimizə aid stend və fotoalbomlar hazırlayıb, maraqlı əl işlərini nümayiş etdiriblər.
2012-ci ildə Texniki-humanitar liseyin müəllimləri Sevda İsmayılova və Arzu Hüseynovanın hazırladıqları “Riyaziyyat-5” dərsliyi alternativ dərslik kimi, 2013-cü ildə həmin müəlliflərin “Riyaziyyat-6”, 2014-cü ildə isə Sevda İsmayılovanın “Riyaziyyat-7” dərslikləri Təhsil Nazirliyi tərəfindən respublika məktəblərində istifadə üçün əsas dərslik kimi təsdiq edilib.
Konfransda qeyd olunub ki, yerli şahmatçılar da diqqətəlayiq nailiyyətlər əldə ediblər. Bu il Mingəçevir Şahmat Məktəbinin yetirmələri həm ölkə, həm də beynəlxalq yarışlarda 5 qızıl və 1 bürünc medalı qazana biliblər. Səlimova Aysel Ehtiram qızı 8 yaşadək qızlar arasında Azərbaycan çempionu, 7 yaşa qədər qızlar arasında Avropa çempionu, “Rapid” və “Blits” üzrə dünya çempionu olub, 2015-ci ildə Sinqapurda keçiriləcək məktəblilərin dünya birinciliyinə vəsiqə qazanıb. İsmayılzadə Zeynəb Aydın qızı 11 yaşadək qızlar arasında Azərbaycan çempionatında III yerə çıxıb, məktəblilər arasında “Blits” üztə dünya çempionu olub.
Şəhərimizin keçən ilki uğurlarını sadalayan Şəhər Təhsil şöbəsinin müdiri bildirib ki, Mingəçevir məktəblərində məskunlaşan məcburi köçkünlər yeni mənzillərlə təmin edildikdən sonra məktəblərdə əsaslı təmir işlərinin aparılmasına başlanıb.
Natiq çatışmazlıqlara da toxunub. Deyib ki, buraxılış imtahanlarında IX sinif şagirdlərinin 26%-i qeyri-müvəffəq qiymət alıb. Fənn olimpiadalarının respublika turunda şagirdlərimiz zəif çıxış ediblər. Ötən dərs ilində yalnız bir nəfər məzun qızıl medala layiq görülüb. Məktəblərdə dərsdən yayınma hallarının qarşısının hələ də tam alınmayıb. Məktəblərin bir çoxunda müəllim sıxlığının mövcuddur. Hələ də statistik hesabatların (xüsusilə TİMS-də) aparılmasında və məlumatların hazırlanmasında olan nöqsanlar tam aradan qaldırılmayıb. Dövrü mətbuatda müəllim və metodistlərin iş təcrübəsini əks etdirən metodik məqalələr az olur. Əksər müəllimlər dərs vəsaiti və metodik vəsaitlər hazırlığına maraq göstərmir. Məktəblərdə İKT-nın imkanlarından tam gücü ilə istifadə edilmir.
Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov Mingəçeviur təhsilinin problemlərindən söhbət açıb.O qeyd edib ki, bəzi məktəblilər 9-cu, ya 11-ci sinfi bitirməklərinə baxmayaraq, hələ adlarını yaza bilmirlər, jurnallara saxta adlar yazılmaqla şagirdləri sinifdən sinfə keçirirlər. Orta məktəblərdə məktəbli formalarının qanunsuz yolla satışının qarşısını almaq üçün mütəmadi nəzarət həyata keçirilməlidir. Mingəçevir şəhərində “2” alan şagirdlərin sayını daha da azaltmaq üçün tədbirlər görülməlidir.
Tədbirdə çıxış edənlərdən 10 nömrəli məktəbin direktoru Xumarə Mikayılova, əməkdar müəllim Sevda İsmayılova, ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi Könül Mustafayeva və başqaları əldə olunan nailiyyətlərdən söz açıblar. Sonda bir qrup müəllim və yüksək nəticə toplamış şagirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri verilib.

Aytən Kosayeva

Şərhlər bağlıdır.