Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu kartın faydası nə?

Bankomat qarşısında növbələr

Bu gün bankomatdan istifadə edənləri ən çox narahat edən onun qarşısında uzun-uzadı növbələr və basabasdır. “Bəzən saatlarla növbə gözləyirəm. Axı pensiya verilən kimi bankomatın qabağı adamla dolur. Gərək hamının pulunu elə bir gündə karta yükləyələr? Olmazmı bunu müxtəlif günlərdə edələr? Şəhərdə 17 mindən artıq pensiyaçı var, bankomat isə 3-4 dənədir, gündə 600-700 adamın pulunu köçürsələr, hamı rahatlıqla pulunu alar”,- pensiyasını almaq üçün hər ayın sonunda Azərbaycan Beynəlxalq Bankı Mingəçevir şöbəsində yerləşən bankomata üz tutan təqaüdçü Ayna xanım belə deyir.
Əmək haqqını Kapitalbankın Mingəçevir filialına məxsus bankomatlardan alan, amma hər dəfə bu bankomatların qarşısında çoxlu insanın toplaşdığını görən İnqilab Maqsudov da narahatdır: “Bəzən gəlirəm, görürəm adamlar dayanıb, amma bankomatda pul yoxdur. Hətta bankın binasındakı bankomatda da belə vəziyyətlə üzləşdiyim hallar olub. Hamı gözləyir ki, nə vaxtsa gəlib pul yükləyəcəklər. Mən axı niyə gözləməliyəm, vaxt itirməliyəm? Elə qayda yaratsınlar ki, hamı rahatlıqla pulunu ala bilsin”.

Vəsait banka vaxtında gəlsə…

Beynəlxalq Bankın Mingəçevir filialından dedilər ki, vəsaitin mərhələ-mərhələ kartlara köçürülməsi onlardan asılı deyil. Bankın sözçüsünün bildirdiyinə görə, adətən pensiyalarla bağlı vəsait Sosial Müdafiə Fondundan ayın sonlarında daxil olur və onlar da vaxt itirmədən pulu kartlara yüklməklə məşğul olurlar: “Allah eləməmiş, birinin pulu başqasınınkından bircə gün gec yüklənsə, bizi burdan köçürərlər”.
Eyni fikirləri Kapitalbankın nümayəndəsi də təkrarladı. Həm də onu əlavə etdi ki, bankomata Mingəçevirin tələbatı qədər pul yüklənir, amma qonşu rayonların, xüsusilə Yevlax rayonunun şəhərə yaxın kəndlərinin sakinləri bu bankomatlardan mütəmadi istifadə etdikləri üçün tələblə təklif arasında uyğunsuzluq, daha doğrusu, pul “defisiti” yaranır: “Amma biz onu da həll edirik. Adamlar səliqə ilə növbəyə dayansalar, rahatlıqla pullarını ala bilərlər”.

Sosial Müdafiə Fondu Mingəçevir şöbəsinin müdiri Cəlil Hətəmov problemin səbəbi kimi sosial müdafiə ayırmalarının vaxtında yığılmamasını əsas gətirir: “Elə müəssisələr var ki, onlardan ödənilən əmək haqqı üzrə 25%-i almaq müşküldür. Qanuna görə, hər ay əmək haqqı və digər müavinətlərin hesablanması və ödənişi SMF-ya ayırmalarla paralel aparılmalıdır. Təəssüf ki, onlar bir çox hallarda bu vəsaiti başqa istiqamətlərə yönəldirlər. Hətta məcbur olub, onların bank hesabına həbs qoyuruq. Amma bu pullar bizim hesabımıza rübün axırında deyil, ayın əvvəlində gəlsə, təbii ki, təqaüdçülərin təqaüdlərini də vaxtında və mərhələli şəkildə ödəməkdə çətinlik çəkmərik”.

Son 45 il ərzində

Bankomat-bank avtomatı ingilis dilindən tərcümədə avtomatik pul verən maşın kimi (ATM- Automated teller machine) qeyd olunur. Ilk bankomatı 1938- ci ildə milliyətcə yəhudi olan bank işçisi Lüter Corc Simican düzəldib və öz icadını Nyu-Yorkdakı Siti Banka təqdim edib. Bu cihazın çatışmayan cəhəti onda idi ki, o pulu verdikdən sonra hesabdan silmirdi. Bu xüsusiyyətinə görə bank onu qəbul etməyib. Onun bu cihazı düz 30 ildən sonra, 60- cı illərdə təkmilləşib. Azərbaycanda isə bankomatdan 2005- ci ildən istifadə olunur.
İqtisadiyyat.com saytı yazır ki, 2011-ci ilin mart ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1912 bankomat fəaliyyət göstərir: “Mərkəzi Bankdan bildirmişlər ki, bankomatların 1065-i Bakıda, 847-si isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə fəaliyyət göstərən 7.983 Pos-terminalın isə 7.175-i Bakıda, 808-i regionlardadır. Dövriyyədə olan ödəniş kartlarının sayı, keçən ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq, 4 milyon 284 minə çatmışdır”.

2011-ci il dekabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2104 ədədə çatdırılıb. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 225 ədəd çoxdur. Bankomatların 1166-sı Bakı şəhərində, 938-i isə digər şəhər və rayonlarda yerləşir.

“Heç kim cibində bir yığın pul gəzdirmir”

Qarabağ döyüşlərinin veteranı, birinci qrup əlil Əbülfət Babayev də bankomatkarın və post-terminalların azlığından, xüsusən kənd yerlərində çatışmadığından gileylənir: “ Bayaqdan gedib pensiyanı poçtdan alırdıq, indi də bankomatdan. Nə dəyişdi ki? Onda kənddə yaşayana daha rahat idi. Çünki hər kənddə ən azından poçt şöbəsi var. Amma indi pulu bankomatdan çıxarmaq üçün gərək rayon mərkəzinə gedəsən. Bu da əlavə vaxt və pul itkisi deməkdir”.
Ə.Babayev belə hesab edir ki, kartın tətbiqi nəğd pul kütləsini sıxışdırmaq məqsədi güdməliydi: “Bütün dünyada belədir. Heç kim cibində bir yığın pul gəzdirmir. Mağazaya gedir, aldığının hesabını kartından silirlər. Restoranda oturur, hesablaşma məqamında kartından pul çıxırlar”.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, inkişaf etmiş ölkələrdə kartlar universal əməliyyatları aparmaq məqsədilə hazırlanır, üstəlik hər yerdə insanların nəğdsiz əməliyyatlar aparmasına şərait yaradılır: “Təəssüf ki, Azərbaycan buna hazır deyil. Çox az yerlərdə kartla alış-veriş etmək imkanı var. Əslində bankomat və post-terminallarların qoyulması və onlarla işləmək bacarığının aşılanması əmək haqqı, pensiya və müavinətlərin kartla ödənişinə qədər aparılmalıydı. Amma indi də gec deyil. Sadəcə dövlətin bu yönümdə konkret iqtisadi siyasəti olmalıdır”.

Şərhlər bağlıdır.