Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Oşo ilə həmfikir olduğum məqamlar.

         Hind müdriki Oşo belə deyir:“Mən tamamilə fərdin tərəfindəyəm. Bir fərd üçün cəmiyyətlərin hamısını, bütün dinləri, mədəniyyətləri, insanlığın bütün keçmişini qurban verərəm. Fərd ən dəyərli varlıqdır, çünki fərd yaradılışın bir hissəsidir”. Bəli, fərd olmaq insanın özü olmaqdır, iradəsi, bütün məsuliyyəti, cavabdehlikləri ilə. Nəfər olmaq isə “hamıdan” biri olmaqdır, çoxluğun nəfəri olmaqdır, çoxluqda hamı eyni dərəcədə məsul deyil, hamı eyni durumdadır və hamı ilə bir yerdə eyni dərəcədə təhlükədə və ya təhlükəsizdir. Heç nə üçün fərdi məsuliyyətin, cavabdehliyin yoxdur, hamı necə, sən də elə. Sürü psixologiyası təhlükədən uzaq, məsuliyyətdən kənar olmağın arxayınçılığını təlqin edir. Fərd olmaq isə, məsuliyyət daşımaq,  hər cür haqsızlığa, ədalətsizliyə təkbaşına cavab vermək, dirənməkdir. Özünə güvənməkdir, düşünüb qərar verməkdir, cavabdeh olmaqdır. İnsanların yaşadığı cəmiyyət də nəfərlərin yox, fərdlərin iradəsi, qərarlılığı ilə, qanunları bilməsi və əməl etməsi ilə insan cəmiyyəti olur. Nəfərlərin yaşadığı isə, sadəcə, insanların yaşadığı cəmiyyətdir, nəfərlər qayda-qanun bilməz, ya da bilmək istəməz, heç bir nizama əməl etməz, xaosdan faydalanar və insan cəmiyyətinə yük olarlar. Odur ki, hansı cəmiyyətdə fərdlər çoxdursa, o cəmiyyət də insan cəmiyyəti olur, inkişaf edir, vətəndaşların iradəsi ilə sosial problemlər həll edilir, ictimai maraqlar, iş və istirahət hüququ təmin edilir. Belə cəmiyyətdə hətta dünya insanı olmaq məsuliyyətini, yaşadığın Yer planetinə cavabdeh olduğunu da hiss edirsən. Deməli, normal insan cəmiyyəti qurmaq istəyirsənsə, nəfərlər yox, fərdlər yetişdirəcəksən.

Fərd olmaq özün olmaqdır, arzularınla, ümidlərinlə, qorxularınla, cəsarətin və risklərinlə. Bir vaxtlar atam da belə demişdi: “Həyatınızı özünüz yaşayacaqsınız, biz isə valideyn kimi, var olduğumuz müddətdə, sizə kömək edəcəyik”. Bu fikir məndə qeyri-adi sevinc və bir az da qorxu hissi yaratmışdı, həm həyatımı özüm yaşayacam, özüm qərarlar verəcəm, həm də həyatın necə olduğunu hələ tam olaraq bilmirdim. Amma yaşadıqca özümə etibarlı bələdçilər tapmağı öyrəndim, ilk olaraq atam və anam, kitablar və həyatını başqalarına bənzəmədən, onları təqlid və təkrar etmədən, iradəsinə, duyğularına və özünə güvənərək, özü olmağa çalışaraq yaşayanlar.

Biz niyə cəmiyyət olaraq bacarıqsızıq? Çünki nəfərlər fərdlərdən çoxdur, onlar isə iradəsiz və məsuliyyətsiz olduqları üçün cəmiyyət iradəsini yarada bilmirlər, həyat tərzi ilə, sadəcə, bir-birini yamsılayan, təkrar və təqlid edən, sürü psixologiyası ilə özünü daha təhlükəsiz hiss etməyi üstün tutanlardır.

Nəfərlərin və fərdlərin həyat uğrunda mübarizəsi həmişə fəaldır, hər iki tərəf yaşamağın yeganə üsulunu məhz yaşadıqları kimi olduğuna inanırlar. Fərdlərin də, nəfərlərin də sıraları “rəngarəngdir”. Fərdlərin içərisində təhsilsiz, vəzifəsiz, amma iradəli, doğrulara, ədalətə, qayda-qanuna əməl edənlər, inananlar olduğu kimi, nəfərlərin sırasında da təhsilli, vəzifəli, səlahiyyətli insanlar, akademiklər, professorlar da vardır ki, onlar üçün qayda-qanun əhəmiyyətsizdir, haqq-hüquq tanımırlar. Belələri təkcə çoxluğu yaratmırlar, həm də onu cəmiyyət üçün fəlakətə çevirirlər: yaltaqlıq, yalançılıq, şər, böhtan, rüşvət, oğurluq və sair.

İndi isə belə bir suala cavab verin:-Siz nəfər, yoxsa fərdsiniz və ətrafınızda fərd olmağı bacaran nə qədər insan tanıyırsınız? Əgər bu suala doğru cavab verə bilsəniz, deməli mənzərəni anlamısınız.

Fərdlərin ümidi isə, bir gün kimlərsə özünü kəşf edəcək, özü olmağa çalışacaq və o nəfərlərin sırasını tərk edərək fərd olmağa qərar verəcəkdir. O zamana qədər isə, beləcə, düşüncələrimizi paylaşacaq, insanı insan edən iradəni, xeyirxahlığı, cəsarəti anladacaq, nəfərlərin oyanacağını gözləyəcəyik.

Mehparə Rəhimqızı 20.02.2022

Şərhlər bağlıdır.