“Əfqan veteranları sonradan Qarabağ döyüşlərinin iştirakçılarına, əlillərinə, şəhidlərinə çevrildilər”
Fevralın 15-də Mingəçevir Dövlət Dram Teatrı keçmiş sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyinə həsr olunan möhtəşəm bir tədbirə ev sahibliyi edib. Qeyd olunub ki, 1979-cu ildə SSRİ Əfqanıstanda sülhü bərqərar etmək, əmin-amanlıq yaratmaq, yerli əlaliyə dostluq köməyi adı altında müharibəyə başlayıb. Əslində isə həmin ölkəni öz əsarətinə salmaq məqsədi güdülübb. 10 il ərzində bu əməliyyatlarda 620 minə yaxın əsgər iştirak edib. Onların 10 minə yaxını Azərbaycandan göndərilib. Müharibədə həlak olan 14453 əsgərin 208-i azərbaycanlı olub. 119 nəfər əsirlikdən azad edilib. 86 nəfər Sovet İttifaqı Qəhrəmanı adına, 2500 nəfər müxtəlif orden və medallara layiq görülüb. Cenevrə razılaşmasına əsasən Sovet İttifaqının 40-cı ordusunun Əfqanıstandan çıxarılmasına 15 fevral 1988-ci ildə qərar verilib və proses 1989-cu ildə başa çatıb.
Bütün bunlar barədə şəhər ictimaiyyəti, “N” saylı hərbi hissənin zabit və əsgərləri, tələbə və gənclər, qonaqlar və media nümayəndələrinin iştirak etdiyi tədbirdə məlumat verilib. Müharibə fraqmentlərini əks etdirən videoçarxın nümayişindən sonra keçmiş döyüşçülər təqdim olunub və kövrək müsiqi sədaları altında zala daxil olublar. Əfqanıstan və Daglıq Qarabağ savaşlarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi Mingəçevir filialının sədri Elşən İbrahimli bildirib ki, cəmiyyət yarandığı gündən gənclərdə vətənpərvərlik ruhunun aşılanması üçün çalışıb: “Əfqanıstanda həlak olanların 8-i Mingəçevirdən idi. Biz hər il onların ailələrinə baş çəkir, qəbirlərini ziyarət edirik. Bizim döyüşçülərimiz Qarabağ savaşına da ilk qoşulanlardan oldu. Şəhərimizin üç “əfqan” oğlunu da bu müharibədə itirdik”.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əfqanıstanda azərbaycanlı gənclərin mərdlik, qəhrəmanlıq nümayış etdirdiklərindən söz açıb: “Orda həlak olan 8 mingəçevirlinin 7-si “Qızıl Ulduz” medalı ilə təltif olunub. Yaşar Muradov isə Sovet ittifaqı Qəhramanı adına təqdim edilmişdi, lakin son məqamda ona “Lenin” ordeni verildi”.
İ.İsmayılov 1993-cü il noyabrın 2-də ulu öndərin xalqa müraciətinə və çağırışına ilk olaraq Əfqanıstan veteranlarının cavab verdiklərini yada salıb: “Siz bununla dövlətimizin və xalqımızın adını uca tutduğunuzu, ləyaqətli, dəyanətli və qətiyyətli olduğunuzu nümayiş etdirdiniz. Bu gün də dövlətçilik mövqeyində dayanaraq, ictimai-siyasi həyatda fəal iştirak edirsiniz”.
“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev isə dedi ki, Əfqan veteranları sonradan Qarabağ döyüşlərinin iştirakçılarına, əlillərinə, şəhidlərinə çevrildilər: “Dörd mindən çox Əfqanıstan veteranı Qarabağ müharibəsində iştirak etdi. Onların 17-si “Milli Qəhrəman” adına, 36-sı “Qırmızı Bayraq” ordeninə layiq görüldü. O vaxtkı zabitlərimiz bu gün artıq generallardır”.
M.Vəliyev təmsil etdiyi qurumun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə sıx əməkdaşlıq etdiyini xatırlatdı və xidmətin rəhbəri, general leytenant Arzu Rəhimovun adından fəxri fərmanı İH başçısı İlham İsmayılova təqdim etdi.
Rəsmi hissədən sonra Azərbaycan Xalq artisti Ella Yaqubovanın ssenarisi və quruluşu əsasında səhnələşdirilən “Onların ömür yolu-igidlik salnaməsi” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. “Bir nəslin tarıxçəsi”, “Ömürdən bir yarpaq”, “Əsirlərimiz və itkin düşənlərimiz” yada salınıb, Əfqanıstan və Qarabağ müharibələrində döyüşən mingəçevirlilərin həyat hekayələri nəql edilib. Tamaşaçılar bu səhnələri ürək ağrısı ilə seyr ediblər. Əksəriyyət isə göz yaşlarına hakim ola bilməyib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsinin fəxri fərmanı Ella Yaqubovaya təqdim edilib.
Şərhlər bağlıdır.