AktualAraşdırmaCəmiyyətElm və təhsilMaraqlı

Kompetensiya, Metakompetensiya.

Yaddaşların yarışında görüşürük...

Biz çox məlumatları oxuyuruq, əzbərləyirik, lakin iş görməyə, qərar verməyə gələndə isə elə hərəkət edirik ki, sanki heç nə bilmirik, doğrulardan xəbərimiz yoxdur…Nə üçün belədir? Ya oxuduğumuzun, əzbərlədiyimizin mənasını anlamırıq, ya onlara inanmırıq, ya da tətbiq etməyi bacarmırıq. Deməli, biz düşünmürük, sadəcə, əzbərləyirik, çünki hər şey yaddaşların yarışına çevrilib, kim daha çox əzbərləyirsə, daha çox bal yığırsa, o da qalib sayılır. Tələbə olmaq üçün əzbərlə, müəllim olmaq üçün əzbərlə, indi də Sertifikasiya üçün əzbərləyək. Düşünmək isə hələ də dəbdə deyil, bu günün və Allah bilir daha neçə-neçə sabahların dəbi əzbərləmək olacaq. Çünki bu yaddaş yarışından bezənlər olsa da, problemin nədə olduğunu dilə gətirmirlər. Hələ ki, yüksək balyığma yarışından bezən, övladının bu yarışların qurbanı olduğunu deyən valideynlərə rast gəlmədim. Əksinə, övladını daha çox bal yığmağa təhrik edən, bu yarışda uduzmamağa məcbur edənlər daha çoxdur, çünki əzbərləməsən balın az olacaq, geri qalacaqsan, səni savadsız, bacarıqsız biləcəklər. Artıq müəllimlər də bu durumdadırlar…12 ildir ki, Kurikulum əzbərləyirik, hələ də bitirə bilmirik, çünki material bitib-tükənmir, az qala hər il yeni nəzəriyyələr, təlimlər, hər gün yeni təlimçilər meydana çıxır. Təhsil Nazirliynin işçiləri, təlimçilər deyirlər ki, “dünyanın bir çox ölkələri Kurikulum tətbiq edirlər”, amma demirlər ki, onlar necə tətbiq edirlər? Onlar müəllimlərə anlayışlar, nəzəriyyələr əzbərlətmirlər, təlimi mürəkkəbləşdirib müəllimi təlimçilərdən asılı vəziyyətə salmırlar. Onlar hər yeniliyi müəllimlə müzakirə edirlər, müəllimin fikrini öyrənirlər, təhlil edirlər və anlayaraq, başa düşərək tətbiq edirlər. Bizdə isə hər bir yenilik sanki öhdəlikdir, plandır, əzbərlə, vəssalam, sənin nə düşündüyün vacib deyil və heç kimi maraqlandırmır. Müəllimdən öyrənmək əvəzinə hamı müəllimi öyrətməyə çalışır və görünür ki, belə daha zövqlüdür. Müəllimlərə belə deyirlər:- “Yeniliyə açıq olun, beyninizi açıq qoyun, hər şey yaxşı olacaq”…Oxuyuruq, əzbərləyirik, lakin nə müzakirə edən yoxdur, nə fikir bildirən, nə də fikrimizi soruşan. Vəsaitlər bol-bol, çeşid-çeşid, maşAllah, nə axtarsan var, nəzəriyyələr, çalışmalar, situasiyalar, açıq-qapalı suallar, daha nələr-nələr. Kim nə desə əzbərlə, yadında saxla, sonra lazım olar. Beynimiz hələ ki, yığımla məşğuldur, sanki yaddaşımızın həcmini yoxlayırıq, yığ ki, yığasan. Bacarana baş qurban, yox, bal qurban. Məlum faktları yığırıq beynimizə, sanki beynimiz saxlanc yeridir, arxivdir, ya da faktlar muzeyidir.

Bir rəvayət yadıma düşdü, yeri gəlmişkən sizlərə də deyim, amma əzbərləmək üçün yox, sadəcə, oxuyub düşünmək üçün. Qədim zamanlarda, məşhur filosoflardan birinin yanına uzaq bir ölkədən gənc oğlan gəlir. Filosofa deyir ki, sizin şagirdiniz olmaq istəyirəm. Filosof da razılaşır və oğlan filosofun evində qalır. Nə isə, günlər keçir, filosof hər dəfə kitabxanasına keçəndə görür ki, oğlan kitab oxuyur. Bir gün belə, beş gün belə, filosof bir gün yenə kitabxanaya keçəndə görür ki, oğlan yenə kitab oxuyur, filosof  oğlandan soruşur:”Sən nə edirsən?” Oğlan cavab verir:”Oxuyuram”. Filosof deyir:”Bəs sən nə zaman düşünürsən?”

Maraqlı hekayətdir, deyilmi? Biz də illərdir ki, oxuyuruq, həm də təkcə oxumuruq, əzbərləməyə çalışırıq və təəssüf ki, bizdən hələ də soruşan yoxdur ki, nə zaman düşünəcəyik? Beyin informasiyanı yığıb saxlamaq üçün deyildir, onsuz da istifadə etmədikcə bu informasiyaları beyin özü silib təmizləyir və yenə də itirən biz oluruq, özü də bizim üçün ən dəyərli olan vaxtımızı, illərimizi itirmiş oluruq. Beyin informasiyanı qəbul edib yığmır, onu analiz edir, təhlil edir, yeni fikirlər, ideyalar yaradır. Biz isə beynimizi məcbur edirik ki,  ona yığıb ötürdüyümüz informasiyanı saxlasın, saxlasın ki, imtahan verə bilək. Sizcə bu nə dərəcədə normaldır? Yenə məşhur filosoflardan biri deyib ki, “Hazır məlumatları, faktları əzbərləmək  üçün yox, düşünmək üçün oxumaq lazımdır”. Təəssüf ki, biz dahilərdən sitat gətirməyi xoşlayırıq, onlara əməl etməyi yox…

Yaddaşını məlum faktlarla dolduran adamları, gərək olar deyə evini çoxlu əşyalarla dolduran adama bənzədirəm, vaxt keçdikcə evdə hərəkət etmək də çətinləşir. Beynini dolduran adam da tədricən düşünmək qabiliyyətini itirir.

Biz Şərqliyik, bizim beynimiz hər bir fikrin məntiqini, hikmətini anlamağa qadirdir və bizim buna ehtiyacımız vardır. Hər bir fikrin məntiqini, hikmətini formullaşdırmaq olmur, lakin hər bir riyazi formulun mənasını, məntiqini, anlamaq olur. Bəlkə buna görədir ki, Şərqin bütün düşüncə adamları formullaşmadan çox, hikməti seviblər?

Sadəcə, əzbərləyib yadında saxladığı məlumatların çoxluğuna və ya azlığına görə insana qiymət vermək düzgün deyildir və hətta çox yanlışdır, çünki insan, sadəcə, yaddaşdan ibarət deyildir. Bilikli olmaq oxuduqlarını anlamaqdır, ondan düzgün nəticələr çıxarmaqdır, doğru olanları həyatına daxil etmək, doğru olmayanları isə həyatına yaxın buraxmamaqdır və bu bilikləri tətbiq etməkdir. Biz hər zaman oxuyaq, amma düşünmək üçün oxuyaq, müzakirə etmək, fikirlərimizi bölüşmək, bir-birimizi dinləmək, düşüncələri inkişaf etdirmək üçün oxuyaq, nə vaxtsa lazım olar deyə yox! Adətən, dərslikləri məlumat yığınına çevirən müəlliflər də bu fikirdədir ki, uşaqlar bu məlumatları öyrənsinlər, böyüyəndə lazım olacaq… Uşaqlara məhz bu gün lazım olanlar öyrədilməlidir ki, gələcəkdə lazım olanı özləri müəyyən edə bilsinlər. O ki, qaldı məqaləmin adına, çox qəliz sözlərdir, deyilmi? Son bir ayda mənasını əzbərləməyə çalışdığım onlarla anlayışdan, yeni sözlərdən sadəcə ikisidir. Onların mənasını araşdırıb öyrənməyi  sizə də məsləhət görürəm ki, bu çiləni təkbaşına çəkməyək, həm də bu yazı ilə əlaqəsini tapmağı da unutmayın. Növbəti yazılarımdan biri yəqin ki, bu haqda olacaqdır. Sağlıqla qalın, oxuyun və düşünün, çünki düşünmək çox gözəldir, insana xasdır!

Mehparə Rəhimqızı.               Mingəçevir 13.09.2020

 

 

 

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close