Ədəbiyyat

Ölümqabağı sevinc hissi

Hekayə

Səhər idmanından sonra kimi su kranlarında əl üzünü yuyur, kimi silahını təmizləyir, kimi də hərbi hissənin həyətində iki bir, üç bir gəzinirdi. Birdən rabitə otağının qapısı açıldı. Növbədə olan rabitəçi dışarı çıxaraq, komandirin otağına doğru qaçdı. Qapını döymədən içəri daxil oldu. Komandir yorğun nəzərlərlə qəfil içəri girən əsgəri süzməyə başladı. Gözlərinin qızartısı və əzgin baxışları onun gecəni oyaq qaldığından xəbər verirdi. Bu baxışların təsiri altına düşən əsgər qapını döymədən otağa daxil olduğunu indi anladı. Komandirin onu danlayacağından ehtiyat edib, üzr istəyərək geri dönmək istədi.
– Gəl, əsgər, narahat olma.
Rabitəçi çox həyəcanlı idi:
– Komandir, indicə məlumat daxil olub ki, uşaqlar mühasirəyə düşüblər.
Komandir yerindən qalxaraq, cəld otaqdan çıxdı. Həyəcan siqnalı ilə əsgərlərin döyüşə hazır olmaları əmrini verdi. Rabitəçini yanına çağıraraq, ona nə etmək lazım olduğunu tapşırdı.
Müharibə başlayandan kəşfiyyatçılar çox çətin vəziyyətlərlə üzləşmişdilər. Amma həmişə də zəfərlə dönürdülər. Bu, komandiri bir az rahatlasa da ürəyində yenə də narahat hisslər baş qaldırmışdı. Çünki düşmən arxasında olan kəşfiyyatçılarla əlaqə tamam kəsilmişdi.
Komandir bütün briqadanı döyüş hazırlığı səviyyəsinə gətirdi. Tabor və bölük komandirlərini çağırıb qəti tapşırıqlarını verdi. İndi hərbçilərin qarşısında bir vəzifə dururdu: Mühasirəni yarmaq və kəşfiyyatçıları xilas etmək. Bu vaxt rabitəçi yenidən komandirin yanına gələrək,
“Mən onlarla əlaqə yarada bildim”,-dedi.
Komandir rabitəni götürüb özü ön xətlə əlaqə saxlamağa çalışdı.
– “Kobra 1”, mən “anakondayam”, qəbul.
Qarşı tərəfdən cavab gəlmədi.
– “Kobra 1”, mən “anakondayam” qəbul.
Qarşı tərəfdən yenə cavab gəlmədi.
– “Kobra 1”, mən “anakondayam”. Ovsunçular indi hərəkətə keçəcəklər, qəbul.
Qarşı tərəfdən yenə cavab gəlmədi. O, bərk narahat idi. Beynində bir çox suallar dolanırdı. Bəlkə hamısı öldürülüb? Bəlkə əsir düşüblər? Allah eləməmiş, ya əsirlikdə kimisə danışdırmağa nail olsalar? Bütün bu qarmaqarış, cansıxıcı suallar içərisində aciz qalmışdı. Rabitənin digər başından gələn qırıq-qırıq səslər onu xəyalından ayırdı. Cəld dəstəyi əlinə götürüb, əlaqə yaratmağa cəhd etdi.
– “Kobra 1”, mən “anakondayam” qəbul.
Digər tərəfdən gələn səs ona bir ümid verdi.
– “Anakonda”, “Anakonda”, “Kobra 1” eşidir. Qəbul.
Komandirin üzündə bir təbəssüm sezildi. Dərin bir nəfəs aldı. Köksü qabarıb bir də yendi. O, bu səsi tanımışdı, bu Eldarın səsi idi. O Eldar ki, bir neçə dəfə onun verdiyi kəşfiyyat məlumatları əsasında əsgərlər düşmən mövqeyini darmadağın etmişdilər. O Eldar ki, hamı onu qorxmaz, cəsur, vətənpərvər bir oğlan kimi tanıyırdı. Ən əsası, o Eldar ki, bir neçə gün öncə yeni dünyaya gələn övladını görmək üçün ona izn verilsə də, kəşfiyyat tapşırığına getməyi daha üstün bilmişdi.
– “Kobra 1”, mən “anakondayam”. Ovsunçular indi fəaliyyətə başlayacaqlar. Qəbul.
– “Anakonda?” Mən “Kobra 1”əm, narahatlığa əsas görmürəm, hər şey öz qaydasındadır.
Komandir bunun kəşfiyyatçılar tərəfindən təsəlliverici ifadələr kimi deyildiyini yaxşı bilirdi. Kəşfiyyatçıların vəziyyətinin çətin olduğunu yaxşı bilirdi. Onların düşdüyü mühasirə şəraitini yarmaq olduqca çətin idi. Bunu güclü atışma səslərindən belə aydın başa düşmək olardı. hiss etmək o qədər də çətin deyildi. Amma bütün olanlara baxmayaraq, hamının ürəyində bir ümid var idi. Atışma səsləri gah güclənir, gah da səngiyirdi. Komandir mühasirədə olanlara yeganə kömək kimi düşmənin əsas hücum xəttini müəyyənləşdirdikdən sonra həmin istiqamətə artilleriya atəşləri açmaqda görürdü. Bu cür olarsa, mühasirəni içəridən yarmaq mümkün olardı.
Atışma axşama kimi davam elədi. Həmin günü gecə yarısına kimi isə ara-sıra seyrək atəş səsləri gəlirdi. Eldarın rəhbərlik etdiyi dəstə bir üzvünü itirmişdi. Artıq itki verməmək üçün yollar axtarır, planlar cızırdılar. Mühasirəni yarmağın isə yalnız bir tək yolu qalırdı:

Aldadıcı taktika ilə düşmən istiqamətinə mühasirəni yarmağa nail olmaq.
Vaxt isə sürətlə onların əleyhinə işləyirdi. Briqada komandirinin əmri ilə düşmənin əsas hücum istiqamətinə artilleriya atəşinin açılması kəşfiyyatçıların işini asanlaşdırmışdı. Arxa cəbhədən düşmən tərəfə atılan top mərmiləri əsgərlərimizin bu planına xeyli kömək edirdi.

…Hadisədən 12 gün ötürdü. Bu müddət ərzində əksəriyyət cəsur kəşfiyyatçıların əsir düşdüklərini, ya da şəhid olduqlarını düşünürdü. İndiyədək onların tapılması üçün aparılan bütün əməliyyatlar nəticəsiz qalmışdı.
Kəşfiyyata gedən yeni qrupun düşmən tərəfindən əsir götürdüyü zabitlərin dindirilməsi də bir nəticə verməmişdi. Dindirilmə zamanı düşmən zabiti həmin əməliyyatda yalnız bir əsgərin cəsədini götürdüklərini deyirdi. Bu müddət ərzində onların izinə düşülməməsi narahatlıq doğurmaya bilməzdi.
Günorta saatları idi. Kəşfiyyatçıların tapılması üçün növbəti bir qrupun göndərilməsi planlaşdırılırdı. Qərargahda bir neçə versiya üzərində məsləhətləşmələr aparılır, bu istiqamətdə lazımi tapşırıqların üzərində işlənilirdi. Axtarış qrupu bu dəfə də bir məlumat əldə edə bilməsə, son olaraq bütün diqqət düşmənin əsas qərargahına hücum üzərində dayanırdı.
Düşmən tərəfi ön xətdəki postları nəzarətdə saxlamaq üçün ciddi səy göstərirdi. Həmin hadisədən sonra bir neçə dəfə postlarımıza böyük qüvvə ilə hücum olunsa da əsgərlərimiz bunun qarşısını qətiyyətlə almışdılar. Düşmən tərəf xeyli itki verdikdən sonra geri çəkilməyə məcbur olmuşdu. Hətta bu vaxt əks tərəfə əsir düşən əsgərlərinin geri qaytarılması üçün bir neçə dəfə danışıqlar təklif etsə də, kəşfiyyatçıların taleyinə aydınlıq gələnə qədər bu təklifə razılıq verilməmişdi.
Son qərardan sonra hərbi hissə ciddi iş rejiminə keçmişdi. Gün ərzində bütün postlardan qərargaha məlumatlar daxil olurdu. Düşmən tərəfində hiss edilən kiçik bir hərəkətlilik belə mərkəzə çatdırılırdı. Bu gün nədənsə ətrafda bir qəribəlik hiss edilirdi. Səngərlərdə lal bir sükut var idi. Döyüş bölgəsi olmasına baxmayaraq, səssizlik hər tərəfə hakim kəsilmişdi. Səhər erkəndən indiyə kimi ətrafı bürüyən səssizliyi düşmən postundan açılan atəş səsi pozdu. Əsas postdan müşahidəçi əsgərlərin verdiyi məlumatda atışmanın əks tərəfin səngərində baş verdiyi deyilirdi. Hərbi hissədə həyəcan siqnalı verildi. Bütün əsgərlərə döyüşə hazır vəziyyətdə səngər boyu öz mövqelərini tutmaq əmri verildi. Çünki bunda düşmən tərəfin diqqətini yayındırma taktikasının olması ehtimalı da var idi. Hamı qarşı tərəfdə nə baş verdiyini anlamağa çalışırdı. Gələn güllə səsləri mövqedə şiddətli döyüşün getməsindən xəbər verirdi.
Güclü atışma qırx beş dəqiqəyə yaxın davam etdi. İndi sadəcə ara-sıra atəş səsləri eşidilirdi. Birdən əsgərlərdən biri “ora baxın, ora baxın” deyə düşmən postundan qalxan ağ bayrağı göstərib, ucadan qışqırdı. Əsgərlərə “hazır ol!” əmri verildikdən sonra, heyət düşmən tərəfindən qalxan ağ bayrağı müşahidə etməyə başladı. Birdən hərbi hissə komandirinin üzündə bir təbəssüm hiss edildi. Komandir sevinc və qürur dolu bir səslə dilləndi. Onun səsi bütün səngər boyu yayıldı.
– Bu, onlardır.
Kəşfiyyatçılarımız düşmən postuna əks tərəfdən hücum edib bir neçə əsgəri məhv etmiş, iki zabiti isə əsir götürmüşdü. Briqada komandiri düşmən snayperinin diqqətini kəşfiyyatçılardan yayındırmaq üçün əsgərlərə müxtəlif istiqamətlərə atəş açmaq əmrini vermişdi.
Briqadanın şəxsi heyətinin üzündə sevinc, fərəh, qürur dolu bir hiss var idi. 12 gündən artıq düşmən mühasirəsində qalan əsgərlərimiz sağ-salamat idilər. Bir itki vermələrinə və neçə gün davam edən yorğunluğa, yuxusuzluğa baxmayaraq, onlar əli boş gəlməmişdilər. Düşmənin iki yüksək rütbəli hərbiçisini də özləri ilə gətirməyə müvəffəq olmuşdular.
İrəlidə onu nə gözlədiyindən xəbərsiz olan Eldar komandirdən evə getmək üçün icazə istədi.
– Komandir, neçə gündür evdəkilər də nigarandır. Mümkünsə, bir onlara da görsənim. Təbii ki, əgər icazə versəniz… Komandir yerindən qalxıb onun çiyinlərindən tutdu. Özünə tərəf çəkib alnından öpdü.
– Niyə də yox, get, dincəl.
– Oldu, yoldaş komandir,- çönüb otaqdan çıxmaq istəyəndə komandir onu yenə səslədi.
– Yeri gəlmişkən, balacanı bizim əvəzimizdən öpərsən.
Eldar bir söz demədən xəfifcə gülümsəyərək otaqdan çıxdı.

Evin böyük otağında xeyli dəyişiklik olmuşdu. Otaqdakı stol və çarpayılar götürülmüşdü. Yerə xalça və döşəklər qoyulmuşdu. Otağın qapısı açılanda ilk olaraq diqqəti divardan asılmış şəkil cəlb edirdi. Şəkil iri çərçivəyə salınaraq qara və qırmızı lentlə bəzədilmişdi. Eldarın ölüm xəbəri çıxandan qohum-əqrabaları bura yığışardı. Yalnız bu axşam hərə öz evinə getmişdi. Evdə tək qalan həyat yoldaşı otaqlarda səliqə-sahman yaradırdı. O Eldarın hərbi formasını ütüləyirdi.
Paqonlarda olan ulduzu barmaqları arasında sıxıb dayandı. Nəzərlərini bir nöqtəyə zilləyib durdu. Gözləri yol çəkirdi. Onun dediyi sözü xatırladı. “Bax, oğlum olacaq, ürəyimə damıb, əgər mən gəlməsəm, döyüşlərdə şəhid olsam, oğluma deyərsən hərbçi olar”.
Dodaqları qaçdı, xəfifcə gülümsəyərək əvvəl barmaqları arasında sıxdığı səkkiz guşəli ulduza, sonra da mışıl-mışıl uyuyan bələkdəki körpəyə baxdı.
Həyatın sıxıntılarından, neçə gündür davam edən ağlaşma və göz yaşlarından xəbərsiz körpə sanki ana baxışlarını duymuşdu. Yerində qurcalanıb ağlamağa başladı. Ana yerindən qalxıb uşağı qucağına aldı. Onu bağrına basaraq, balaca, toppuş yanaqlarını burnuna tutub, körpənin qoxusunu dərin nəfəslə ciyərlərinə çəkdi. Bu zaman ananın yanağı aşağı diyirlənən yaş süzülüb uşağın üzünə düşdü. Uşaq üzünə düşən göz yaşını hiss edərək, başını sağa-sola tərpədib, gözlərini açdı. Sanki ananın gözlərinin içinə baxırmış kimi nəzərlərini məchul bir nöqtəyə zilləyib hərəkətsiz durdu. O balacanı təkrar bağrına basdı. Sanki qeyri-iradi körpənin üzünə düşən göz yaşı üçün üzr istəyirdi. Bələyi sinəsindən aralı tutub uşağa baxdı. Körpə isə hələ də gözlərini qırpmadan bir nöqtəyə zilləyib sakitcə baxırdı. Ana başını astaca hərləyib uşağın baxdığı istiqamətə nəzər yetirdi. Gözlərinin önündə Eldarın divardan asılan böyüdülmüş şəkli durdu. Çönüb uşağın üzünə baxdı. Körpə yalnız indi başını tərpədərək, yerində o yan, bu yana tərpəndi. Gözlərini bir neçə dəfə qırpıb açdı. Dodaqlarında xəfif bir təbəssüm sezildi. Ana gah körpəyə, gah da divardan asılan şəkilə baxdı. Uşaq kipriklərini ağır-ağır yumdu. Şirin yuxu körpəni öz ağuşuna aldı. Gəlin uşağı qucağından yerə qoyub ayağa qalxdı. Başından sürüşüb düşən qara kalağayını alnına çəkdi. Körpənin kirli paltarlarını götürüb ayağa qalxdı. Təkrar həm divardakı şəkilə, sonra da çarpayının üstündə uyuyan körpəyə baxdı. Əlini göyə qaldırıb “Sənə qurban olum ay Allah. Aldığına da şükür, verdiyinə də. Görəsən bu körpə nə demək istəyirdi?” deyə üzü vanna otağına doğru getdi. Əlində olan paltarları vannaya atıb su kranının altına qoydu.
Artıq gecə yarıdan keçmişdi. Təkcə evin içində deyil, çöldən gələn xəfif bir tıqqıltı belə eşidilirdi. Paltarları suya qoyub vanna otağından çıxdı. Pilləkanlardan qalxan taqqıltı səsi diqqətini çəkdi. Gecə qaranlığında binanın dəhlizindəki qulaqbatırıcı sükutu ayaqqabıların altına vurulan dəmirin taqqıltısı pozurdu. O durduğu yerdən tərpənib otağa doğru getmək istədi. Amma çöldən gələn ayaq səsinin qapının ağzında kəsilməsini eşidib geri çöndü. “Bəlkə kimdisə, uzaqda yaşayan qohumlardandır, başsağlığı üçün gəlib”,- deyə düşündü. Lakin qapını açmağa tələsmədi.”Əşşi, bəlkə kimdisə qonşuya gəlib, indiki zamanda gecənin bu vaxtı hər kəsin qapısını xeyirliyə döymürlər ki…” dedi. Təkrar dönüb otağa girmək istədi. Amma qapının kilidinə salınan açarın çıqqıltısına geri döndü. Həyəcan və təlaş içərisində nələr baş verdiyini anlamağa çalışırdı. Gözləri böyümüş, ürəyi az qala yerindən çıxacaqmış kimi sürətlə çırpınmağa başladı. Giriş qapısının iki açarı var idi. Eldar hərbiyə gedəndən sonra evə gələndə uşaqları yuxudan oyatmasın deyə açarın birini özü ilə götürürdü. Həyəcan içərisində çönüb qapının üstünə baxdı. Evdə qalan açar həmişəki yerindən asılmışdı. Demək gələn Eldar idi. Əllərini başına qaldırıb: “Eldaaar” deyə tükürpədici bir səslə qışqırdı. O gecə bütün binanı bürüyən, gecənin səssizliyinə hakim kəsilib insanları şirin yuxusundan edən təkcə bir qadın səsi deyildi. O həm qayğıkeş bir ana, etibarlı bir insan, ən əsası sədaqətli bir həyat yoldaşının sevgi dolu səsiydi. Qapıya doğru yalnız bircə addım ata bildi. Müvazinətini itirib üzü üstə yerə gəldi. İçəri girən Eldar yoldaşını qolları arasında tutub onu yıxılmağa qoymadı. Elə qapı ağzındaca oturub onu qucaqladı. Sanki Eldarın nitqi tutulmuşdu, nə deyəcəyini bilmirdi. Maddım-maddım qolları arasında bayılan həyat yoldaşına baxırdı. Barmaqları ilə gəlinin üzünə dağılan saçlarını geri elədi. Əyilib üzündən öpdü. Yanağına dəyən isti nəfəsi hiss edən gəlin göz qapaqlarını ağır-ağır qaldıraraq, Eldarın üzünə baxdı. Dodaqlarına xəfif bir təbəssüm qondu. Gözlərini onun gözünə dikərək gülümsündü. Sol əlini qaldıraraq onun tük basmış üzünü oxşadı.
Eldar məsələnin nə yerdə olduğunu bilirdi. “Bəlkə də belə gəlməməli idim”-deyə özünü qınayırdı. Amma artıq hər şey gec idi. Neçə gün idi ki, Eldarın öldü xəbərinə gəlib təskinlik verən insanlar indi onun həyat yoldaşının dəfn mərasiminə toplaşmışdılar.

Daşqın Güneyli,
“Qızıl Qələm” mükafatı laureatı

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close