“Ölüm mələyi” qapımızın ağzındadır
2 ay öncə
Yanvarın 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə səyyar görüşü keçirilirdi. Mən də mətbuat işçisi kimi burada iştirak edirdim. Adamlar dərd-sərlərini çatdırandan və cavablarını alandan sonra başçı zala göz gəzdirdi: “Daha kimin sualı var?”
Qalxıb dedim ki, məni şəhərdə koronavirusla bağlı hansı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi maraqlandırır. Yanımda əyləşmiş vəzifəli şəxslər kinayə ilə üzümə baxdılar. Yəni görüş bitəsi məqamda bu nə sualdır verirsən. O zaman Mərkəzi Xəstəxananın və Gigiyena Epidemiologiya Mərkəzinin nümayəndələri açıqlama verdilər ki, şəhərdə belə xəstəliyə məruz qalan şəxs hələlik aşkar olunmayıb, lakin Səhiyyə Nazirliyinin əmrinə əsasən tibb və məktəbəqədər müəssisələrə, digər qurumlara xəbərdarlıq göndərilib, xəstəxanada ayrıca palata açılıb və o, Bakıdan göndərilmiş avadanlıqlarla təchiz olunub. O da diqqətə çatdırıldı ki, indiyə qədər də şübhəli xəstələrdən qan analizləri götürülürdü və müayinə üçün mərkəzə ötürülürdü.
Çıxışları diqqətlə dinləyən icra başçısı bildirdi ki, Prezidentin tapşırığı ilə yanvarın 28-də baş nazirin yanında koronavirusla mübarizə ilə əlaqədar müşavirə keçirilib: “Xəstəlik çox ciddidir. Bütün dünya mətbuatı ondan yazır. Mənim məlumatıma görə, Ağ Ciyər Xəstəlikləri İnstitutunda ayrıca palatalar açılıb. Səhiyyə təşkilatları və digər qurumlar, ictimaiyyət kifayət qədər diqqətli olmalıdır”.
Fevral ayı ərzində
Təəssüf ki, fevral ayı ərzində nə ölkənin başqa yerlərində, nə də Mingəçevirdə koronavirusa qarşı ciddi qabaqlayıcı tədbirlər həyata keçirilmədi. Adamlar qəzetimizə şikayət edirdilər ki, yaşadıqları evlərin zirzəmilərinə kanalizasiya suları axır, hətta qış vaxtı ağcaqanad əlindən mənzillərində otura bilmirlər. Bu məsələ icra başçısının səyyar görüşlərində də demək olar ki, hər dəfə qaldırılırdı. “Azərsu” ASC-nin yerli nümayəndəsinin məlumatına görə, Dövlət Proqramına uyğun olaraq, şəhərin su-kanalizasiya təsərrüfatının yenilənməsi davam etdirilir və yaxın vaxtlarda şikayət olunan binalarda da bu problem köklü şəkildə həllini tapacaq. Dezinfeksiya Stansiyası rəisinin isə cavabı həmişə birmənalı olurdu: “Biz təsərrüfat hesablı müəssisəyik. Təşkilatlar pul ödəməlidirlər ki, dərman alıb, dezinfeksiya işləri aparaq. Amma əksəriyyət müqavilə bağlamır, xidmətlərimizdən istifadə etmək istəmir”.
Əslində həm fevral ayında, həm də ondan qabaq əhali sağlamlıq və gigiyenik məsələlərə ciddi diqqət yetirmirdi. Antisanitar şəraitdə qab-qacağı yuyulan çayxanalarda gecədən xeyli keçənədək nərd, domino çırpmaq bekar adamların əsas məşğuliyyəti idi. Bunu GEM-in də, polisin də nümayəndələri görürdü və heç nə olmamış kimi ötüb yanından keçirdi.
İnsanlar məsələnin ciddiliyini hələ də anlamırlar
Mingəçevirdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Musiqar təxəllüslü Əlövsət Əliyev çox narahatdır. Onun fikrincə, şəhərdə karantin rejiminin tələblərinə ciddi əməl olunmur: “Son iki gündə mərkəzi bazardan “Qələbə” abidəsinədək olan ərazidə adamların sıx-sıx toplaşdığının şahidi oluram. Bir-birinin içində, ağızlarında da maska yox. Şəhərin mərkəzindəki parkda skamyalarda əyləşən qocalar heç nə olmamış kimi şirin-şirin söhbət edirlər. Vallah, bu camaat nə təhlükə gəldiyini başa düşmür”.
Mingəçevir Bələdiyyəsinin qulluqçusu Zahid Qasımlı da eyni fikirdədir. O, deyir ki, deyəsən insanlar məsələnin ciddiliyini hələ anlamırlar: “Mağazaya ərzaq almağa gedərkən çayxanada oturub çay içən gənclərin söhbətini – zarafatlarını eşitdim. Biri deyirdi ki, xüsusi rejim 10 nəfərin bir yerə yığışmasını qadağan edir, biz 6 nəfərik. O birisi gülərək bildirir ki, 65 yaşından yuxarı olanlar evdə qalmalıdırlar, bizim heç 30 yaşımız yoxdur. Doğrudanmı, gənclər hələ anlamırlar ki, hər kəs virus daşıyıçısı ola bilər, bir anda bütün yaxınlarını yoluxdurar? Hava almaq üçün qadağanı pozub gəzintiyə çıxan yaşlılara nə deyəsən?”
Mingəçevirə giriş-çıxış məhudlaşdırıldı
Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir: “Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır”.
Bəs bu gün Mingəçevirdə NK-nın tapşırıqları necə yerinə yetirilir? Mingəçevir İcra Hakimiyyətinin məsul nümayəndəsi Sahib Əliyevin dediyinə görə, İcra Hakimiyyəti başçısının sərəncamına əsasən “Mingəçevir şəhəri ərazisində koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi haqqında” işçi qrupu, sonra isə Qərargah yaradılıb: “Onların nəzarəti altında Dezinfeksiya Stansiyası tərəfindən bütün orta ümumtəhsil məktəbləri, uşaq bağçaları, idman və mədəniyyət obyektləri, ticarət mərkəzləri, supermarketlər və bazarlar, marşrut avtobusları və dayanacaqlar, həmçinin, iri sənaye, ticarət və xidmət müəssisələrinin binaları, poçt şöbələri, banklar və bankomatlar tam dezinfeksiya olunub. Eyni zamanda əhaliyə xidmət göstərən supermarket, aptek, bazar və digər satış sahələrində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı təlimat verilib. “Azərbaycan İES”in və Avtovağzalın inzibati binaları, həmçinin ərazilərində olan avtonəqliyyat vasitələri də tam dezinfeksiya olunub”.
S.Əliyev onu da diqqətimə çatdırdı ki, koronavirus təhlükəsi ilə əlaqədar səs gücləndiricilər vasitəsi ilə şəhərdə operativ qərargahın məlumatları yayılıb, “Sahil” və “Dostluq” parklarında əhali arasında maarifləndirmə işləri aparılıb, şrazilərdəki skamyalar götürülüb, martın 27-dən isə Mingəçevir şəhərinə giriş-çıxış məhdudlaşdırılıb: “Səhər saatlarından etibarən şəhərin hər iki çıxış istiqamətləri polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Postlara yaxınlaşan sürücülərin qeydiyyatda olduqları ünvan müəyyən edildikdən sonra onlara şəhərə giriş-çıxışın mümkün olub-olmadığı izah olunur. Eyni zamanda şəhərlə həmsərhəd ərazidə Yevlax Polis Şöbəsi əməkdaşları da post qurublar”.
Evdən çıxmayanlara kim qulluq edəcək?
DSMF Mingəçevir şəhər şöbəsi sosial xidmət sektorunun müdiri Zəfər Hacıyevin dediyinə görə, hələ ki, onlar 306 nəfərə qulluq edirlər: “70 yaşdan yuxarı 206 nəfər tənha ahıl vətəndaş və 100 nəfər işləməyən 2-ci qrup əlilliyi olan şəxs qeydiyyata götürülüb. Bizim 39 xidmətçimiz onlara həftədə 2 dəfə olmaqla müxtəlif xidmətlər göstərir. Belə ki, evlərini təmizləyir, yeməklərini bişirir, digər işlərini görür, O ki qaldı karantinlə bağlı evdən çıxması yasaq olunan 65 yaşından yuxarı insanlara qulluq edilməsinə, hələlik cəmi 2 qadın müraciət edib. 66 yaşlı Kubra Mehdiyeva zəng vurub dedi ki, çəliklə gəzir, indiyə qədər bazarlığını qonşuları edib. Soruşdu ki, sizin işçilərə etibar edə bilərəmmi?. Ona izah etdim ki, sizin pulunuz hesabına əməkdaşlarımız alış-verişlərinizi həyata keçirə bilərlər. 5-ci mərtəbədə yaşayan və ayaqları narahat olan ikinci qadın da bazarlıq məsələsi ilə bağlı zəng vurmuşdi. O, həm də maraqlanırdı ki, indiki məqamda onların ailələrinə yardımlar göstəriləcəkmi? Hələlik bu insanlara yardımla bağlı konkret göstəriş yoxdur”.
Bu məsələ ilə bağlı iqtisadçı ekspert Rövşən Ağayevin facebook səhifəsindəki fikirləri düşünürəm ki, maraq doğurmaya bilməz: “Məcburi şəkildə evdə qalması ilə bağlı qərar çıxarılan yaşlılara və xəstələrə, tənha ahıllara sosial xidmətin zəruriliyi siyasi sistemin təşkilinin daha bir boşluğunu ortaya çıxardı. Normal ölkələrin hamısında ən ucqar kəndlərdə belə sosial xidmət funksiyasını üzərinə götürən bələdiyyə sisteminin varlığı yoxluq kimidir bizim ölkədə. Yəni adı var, özü yox. Sədri var, səlahiyyəti yox. Mühasibi var, maliyyəsi yox. Heç nə demirəm, TV-lərə baxın görün Türkiyədə şəhər bələdiyyələri bu günlərdə nə dərəcədə fövqəladə rejimdə çalışır. Hətta küçəyə çıxma qadağasını pozan yaşlıların belə əhavalını pozmadan küçə və parklarda onların arxasınca sürünür, maşınlara mindirib evlərinə çatdırırlar. Bələdiyyə əvəzsiz bir institutdur – əlində çoxlu pulu və səlahiyyəti olan heç bir təyinatlı icra qurumunun heç vaxt əvəz edə bilməyəcəyi təsisat”.
Təbii ki, indiki halda 65 yaşından yuxarı insanların ən azından alış-veriş məqsədilə küçəyə çıxmasınin, marketə getməsinin qarşısını ala bilməyəcəyik. Hələlik bu adamlara sadəcə qonşularının, vətəndaş cəmiyyəti nümayəndələrinin dəstək olması vacibdir. Şəhərdəki əksər qeyri-hökumət təşkilatlarının indiki həssas məqamda susqunluq nümayiş etdirməsi də başa düşülən deyil.
Təbii ki, pozuntuları aşkarlamaq və təcili ölçü götürmək polisin vəzifəsidir. Amma hər birimizin vətəndaş təəssübkeşliyi olmadan bu vəzifənin öhdəsindən dövlət qurumlarının, xüsusən polisin gələ bilməsi asan deyil. Unuduruq ki, “ölüm mələyi” qapımızın qarşısındadır və ciddi nəzarət olmasa koronavirusun sürətlə yayılması, yeni ocaqların qalanması mümkündür.
Şərhlər bağlıdır.