Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gəlin, təhlükədən qorunmaq üçün evimizdə qalaq!

Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. Bu barədə NK-dan məlumat verilib:  “İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır”.

Bəs Mingəçevirdə bu tapşırıqlar necə yerinə yetirilir?  5 saylı MİS-in rəisi Rövşən bəyin dediyinə görə, son günlər Mənzil Təsərrüfatə və Abadlaşdırma İdarəsinin nəzarəti altında həyət və evlərdə, çoxmənzilli binaların pilləkən qəfəslərində davamlı dezinfeksiya işləri aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq, şəhərdə başqa işlər də görülür. Belə ki, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi problemlərin aradan qaldırılması məqsədilə kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Mingəçevirdən də vəsait köçürənlərin sayı artmaqdadır. Fonda Mingəçevir Dövlət Universiteti 15 min manat, sahibkar Mais Yusifov 10 min manat,  Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları isə bir aylıq əməkhaqlarını köçürüblər.  Bir restoranın kollektivi isə tənha və yaşlı insanların evlərinə nahar çatdırmağı öhdəsinə götürüb.

Lakin bütün cəhdlərə baxmayaraq, əhalinin bir hissəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantinlə bağlı tapşırığını yerinə yetirmir, “Evdə qal!” kampaniyasına qoşulmağa maraq göstərmir. Əməkdaşımızın martın 26-da Mingəçevirin mərkəzi bazar və “Qələbə” abidəsi ətrafında apardığı müşahidələr bu fikri deməyə əsas verir. Belə ki, günorta saat 3-dən sonra bəzi iaşə obyektlərinin işlədiyi  üzə çıxıb. Biz polis işçilərinin qorunma rejiminə əməl etməyən sahibkarla mübahisəsini, yaşlı adamların  parkdakı skameykalarda yanaşı əyləşdiyinin də şahidi olduq.

Aldığımız məlumata görə, bu gün Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Həmin şəxs 2020-ci il martın 12-də Türkiyədən qayıdan 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı idi. O, yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.  Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Eyni zamanda, koronavirus infeksiyasına yoluxan 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

Bəziləri “ölüm mələyi”nin qapımızın qarşısında olduğunu unudurlar. Onlar başa düşmürlər ki, laqeydlik və məsuliyyətsizlikləri  ilə təkcə özlərini deyil, ailələrini, qonşularını və ətraflarındakı insanları çox böyük təhlükəyə atırlar. Gəlin, bu təhlükədən qorunmaq üçün evimizdə qalaq!

Şərhlər bağlıdır.