Ölkə başçısı Mingəçevir Teatrının yarıməsrlik yubileyi ilə bağlı Sərəncam verdi
2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir:
“2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur.
Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer vermiş, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak etmiş, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Şərhlər bağlıdır.