Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum müzakirə olundu
Fevralin 12-də Bakida “Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi” proqramı çərçivəsində təşkil edilib. Tədbirə dövlət qurumlarını, parlamenti, vətəndaş cəmiyyətini və özəl sektoru təmsil edən 50-yə qədər iştirakçı qatılıb.
BMT-nin İnkişaf Proqramının Layihə üzrə baş məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə və görülmüş işlər barədə məruzə edib. O, diqqətə çatdırıb ki, layihə çərçivəsində, ikin olaraq regionlarda qadınların social-iqtisadi səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ sahəsində mövcud durum, milli və beynəlxalq qanunvericiliyin gender aspektlərini ehtiva edən, bu sahədə mövcud problemlər və həlli yollarını araşdıran, dövlət qurumları və digər maraqlı tərəflərə təklif və tövsiyələrini verən iki baza təhlili sənədi hazırlanıb. Bakını və ölkənin 11 regionunu əhatə edən qruplar üzrə bilik və bacarıqların artırılması təlimləri keçirilib. Təlimlərdə qadınların qərar qəbulu prosesində iştirakı; effektiv vəkillik strategiyaları; qadın sahibkarlığı: biznes prosesinin mərhələləri; maliyyə resurslarına əlçatanlıq və əmək bazarında iştirak; kommunikasiya, İT texnologiyalardan səmərəli istifadə və şəbəkələşmə; diskriminasiayaya məruz qalmama və bərabərlik hüququ mövzusu əhatə edilib. Mingəçevir, Lənkəran və Bakıda təşkil edilən təlimlərdə Bakı, Gəncə, Mingəçevir, Yevlax, Oğuz, Şəki, Balakən, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Yardımlı və Astaradan 110 xanım, ictimai təşkilat fəalı, sahibkar, tibb və təhsil işçisi, media nümayəndəsi, bələdiyyə üzvü, evdar xanım, tələbə iştirak edib. Ölkənin 10 jurnalisti üçün “Qadınların İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Medianın Rolunun Artırılması” mövzusunda təlim keçirilib.
Mingəçevirdə 6 bölgə nümayəndəsinin qatıldığı maraqlı tərəflərin görüşü keçirilərək, regionlarda qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi, diskriminasiayaya məruz qalmama və bərabərlik hüququnun durumu və onların təşviq edilməsi müzakirə edilib, təklif və tövsiyyələr öyrənilib.
“Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsi: imkanlar və problemlər” və “Qadınların maliyyə resurslarına və xidmətlərinə əlçatanlıq imkanları (maliyyə inkluzivliyi) mövzusunda siyastət sənədləri və bu sahədə maraqlı tərəflərə yönəlmiş siyasət təklifləri, iqtisadçı ekspert Samir Əliyevin rəhbərliyi ilə iqtisadçılar qrupu tərəfindən Qadinların Səlahiyyətləndirilməsi Indeksi hazırlanıb. Bu zaman Beynəlxalq indekslər və Azərbaycanda Gender bərabərsizliyini ölçən indekslər, qlobal gender fərqi indeksinin metodoloji bazası və ölçmə meyarları əsasında Azərbaycanın Qlobal Gender Fərqi İndeksində mövqeyi, son 10 ilin nəticələri araşdırılıb.
Bundan sonra proqram çərçivəsində Demokratiya Monitoru İctimai Birliyinin mütəxəssi qrupu tərəfindən daha əhatəli hədəf qrupları üçün qadınların səlahiyyətləndirilməsi və bərabərlik hüquququ üzrə bilik və bacarıqların artırılması üçün növbəti təlimin keçirilməsi də planlaşdırılır. Məqsəd ayrıseçkiliyə məruz qalmamama, bərabərlik hüququ, məişət zorakılığı ilə mübarizə üzrə mövcud durumun qiymətlındirmək, beynəlxalq və milli təçrübə, problemlər və həlli yolları ilə bağlı siyasət sənədi hazırlamaqdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi, layihə koordinatoru Aleksandra Nerisanu konfrans iştirakçılarını salamlayaraq, təmsil etdiyi qurumun Azərbaycandakı prioritetləri barədə danışıb: “Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və onlara dəstək Avropa İttifaqının Azərbaycandakı işinin əsas komponentidir. Vətəndaş cəmiyyəti Avropa İttifaqı üçün qadınlar və kişilər arasında bərabərliyin təmin ediməsi üçün vacib tərəfdaş, Avropa İttifaqının siyasi və hüquqi çərçivəsinin əsas dəyərinin bir hissəsidir.
Avropa İttifaqı üçün qadınların səlahiyyətləndirilməsi demokratiya və yaxşı idarəetmə məsələsidir. Qadınların səslərinin və iştirakçılığının cəmiyyətin bütün səviyyələrində gücləndirilməsi əsaslı müsbət təsirlərə səbəb ola bilər. Gender bərabərliyi insan hüquqularının hamı üçün reallaşdırılması, iqtisadi proqres formulasının bir hissəsi və inkişafın hərəkətverici qüvvəsidir. Avropa İttifaqı Azərbaycanda müxtəlif maraq qrupları, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Ombudsman Ofisi, vətəndaş cəmiyyəti təşkilatları, başqa inkişaf üzrə tərəfdaşlarla gender əsaslı zorakılığın ləğvi təşəbbüslərini artırmaq, öz icmalarının sosial-iqtisadi həyatlarında və qərar qəbulu prosesində qadın iştirakçılığını təşviq etmək və gender bərabərliyi gündəliyini irəlilətmək yönündə tərəfdaşlıq edir.
Demokratiya Monitoru İB tərəfindən icra edilən “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi” layhəsi Avropa İttifaqının Azərbaycanda gender bərabərlyinin təşviq edilməsi istiqamətində dəstəklədiyi işlərin mühüm bir hissəsidir”.
BMT-nin İnkişaf Proqramının təmsilçisi, layihə rəhbəri Gülşən Rzayeva Demokratiya Monitoru və BMT İnkişaf Proqramının ekspertləri tərəfindən icra edilən layihənin əhəmiyyəti barədə danışaraq, qadınların səlahiyyətləndurilməsi məsələsinin BMT İnkişaf Proqramının əsas prioritetlərindən biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. BMT-nin 2030 dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq, inklyuziv və keyfiyyətli təhsili təmin və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etməyin Avropa İttifaqı və BMT İnkişaf Proqramı üçün mühüm əhəmiyyət kəsb etdiyini və bu mənada Demokratiya Monitoru təşkilatının ekspertlərinin həyata keçirdiyi layihənin mühüm önəm daşıdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransın birinci hissəsi “Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndiriliməsində dövlətin və ictimai institutların rolu” mövzusunda müzakirəyə həsr olunub. Müzakirə hökuməti, parlamenti, ombudsmanı, özəl sektoru və ictimai təşkilatı təmsil edən namayəndələrin çıxışı ilə başlayıb. Millət vəkili Fazil Mustafa bildrib ki, qadınlərın iqtisadi azadlığının stimullaşdırılmasının təməl şərti onların əlçatan səviyyədə peşə təhsilinə yiyələnməsindən asılıdır. Bunun üçün də bölgələrdə qadınlar üçün özəl sektorun peşə təmayüllü kolleclərin açılmasına imkan yaradılmalıdır. Qanunla nə qədər gender bərabərliyinə təminat verilsə də, cəmiyyətin problemə düşüncəsi dəyişməyincə hüquqi tətbiqatda problemlər əvvəlki kimi qalacaq. Təsadüfi deyil ki, məhkəmələrə bu mövzuda müraciətlərin olmaması da söylənilənlərin sübutudur. Digər tərəfdən bölgələrdə qadın sahibkarlığın stimullaşdırılması üçün ciddi vergi güzəştləri düşünülməlidir. Qadın sahibkarlara ayrılan kreditlərin müddətində və faizində stimullaşdırıcı elenentlərin olması vacibdir. Milli qadın sahibkarları assosiasiyasının yaradılması da olduqca müsbət bir faktdır və beynəlxalq təcrübə mübadiləsi üçün bu quruma dövlət tərəfindən yardım göstərilməsi vacibdir.
Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi nümayəndəsi Taliyə İbrahimova çıxışında bir sıra statistik məlumatlara istinad edərək son illər qadınların ictimai həyatda rolunun güclənməsini, milli və yerli idarəetmədə payının getdikcə artmasını vurğulayıb: “Ölkədə qadın sahibkarlığının inkişafına xüsusi önəm verilir. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji yol Xəritəsində bu istiqamətdə xüsusi tədbirlər nəzərdə tutulub. Bu gun sahibkarların 20%-ni qadın sahibkarlar təşkil edir. Komitənin BMT İP ilə birgə həyata keçiridiyi “Kənd və rayon yerlərində qadınların sosial və iqtisadi həyatda iştirakının təşviqatı” layihəsi çərçivəsində 5 rayonda qadın resurs mərkəzləri yaradılıb və bu iş davam etdirilir. Layihə çərçivəsində qadınların mikro layihələri dəstəklənmiş və yeni sahibkarlıq obyektləri yaradılmışdır. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması üzrə işlək mexanizmlərin yaradılması üçün Komitə tərəfindən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununa təkliflər hazırlanır”.
Ombudsman Aparatının eksperti Turan Cahangirova müasir dövrdə Azərbaycanda qadınların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını vurğulayaraq, bu sahədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq, qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini, həmçinin ölkəmizin 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğunu, həmin sənədlərin kütləvilik və ictimai iştirakçılıqla həyata keçirildiyini bildirib.
Ölkəmizdə bütövlükdə qadınların hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb, eyni zamanda “Azərbaycan-2020: Gələcəyə baxış” Konsepsiyası və BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) gender bərabərliyi və qadın hüquqlarının təmin olunması ilə bağlı məqsəd və vəzifələrin əks olunduğu vurğulanıb.
T.Cahangirova dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və icmalarla, habelə beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Müvəkkilin insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etdiyini, səlahiyyətli dövlət qurumlarına 600-ə yaxın təklif və tövsiyələr təqdim etdiyini, onların da bir çoxunun artıq icra edildiyini söyləyib. Bununla yanaşı, Ombudsman təsisatı ilə BMT QAK-ın birgə həm paytaxt, həm də regionlarda həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihənin 2016-2017-ci illər üzrə nəticələrinin geniş təqdimatı keçirilib. Diqqətə çatdırılıb ki, sözügedən layihə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması ilə yanaşı, məcburi köçkün qadınların cəmiyyətdə təmsilçiliyinin artırılması, habelə kiçik və orta sahibkarlıq səviyyəsində onların iqtisadi cəhətdən stimullaşdırılması və digər komponentlərdən ibarətdir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini rəhbəri Azər Mehtiyev qadınların sosial-iqtisad sahədə səlahiyyətləndirilməsi səviyyəsinin ümumilikdə ölkə vətəndaşlarının səlahiyyətləndirilməsi səviyyəsindən asılı olmasını və bunun üçün ilk növbədə ikincilərin səlahiyyətlərinin artırılmasının vacibliyini bildirib.
Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə məsələlərini iştirakçıların diqqətinə çatdırıb.
Konfransın növbəti hissəsi layihə üzrə aparılmış araşdırmaların nəticələrinə həsr olunub. BMT İP-nin layihə üzrə gender və bərabərlik hüququ eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova “Bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində” danışıb. O, bildirib ki, Proqram çərçivəsində gender əsaslı zorakılıq, qadın alveri, uşaq nikahları, siyasi və ictimai həyatda qadınlar, təhsil, məşğulluq, səhiyyə, cinsi oriyentasiya və gender identikliyi əsasında ayrı-seçkilik mövzularında gender-əsaslı təhlil aparılıb. Ekspert bu sahələrdə həm statistik məlumatlardan, həm də hüquqi müstəvidə məsələlərin tənzimlənməsində olan boşluqlardan və mütərəqqi hallardan istifadə edib. Müəllif həm rəsmi dövlət statistikasından, həm də beynəlxalq və yerli QHT-lərin və beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə edib, cari vəziyyətin hüquqi təhlilinə əlavə olaraq, gender bərabərliyinin təmin olunmasında bir sıra təkliflər də verib. O, ayri-seçkiliyin aradan qaldırılmasında munasib tədbirlərin görülməsinin vacibliyi, Azərbaycan üzrə baza təhlili sənədində durum üzrə mühüm tapıntılar barədə danışıb, qadınların iş seçimində alternativ imkanların yaradılmasının, onlar üçün məhdudiyyətlərin tətbiqinin əleyhinə olduğunu bildirib.
Demokratiya Monitoru İctimai Birliyi və BMT İnkişaf Proqramının layihə üzrə qadınların səlahiyyətləndirilməsi eksperti Samir Əliyev layihə çərçivəsində hazırlanan “Qadınların səlahiyyətləndirilməsi üzrə İndeksi” təqdim edib. Onun sözlərinə görə, sənədin hazırlanmasında BMT, Dünya Bankı, Dünya İqtisadi Forumu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən dövrü olaraq gender bərabərliyini ölçən indekslər araşdırılıb. Bunun üçün Qlobal Gender Fərqi, Gender Bərabərsizliyi, Gender İnkişafı, Gender Bərabərliyi, Cənubi Asiya Qadınlarının Möhkəmlilik və Afrikanın Gender İnkişafı kimi regional indeksləri öyrənilib. Tədqiqatçılar Viskonsin–Madison Universiteti ekspertlərinin metodologiyasını əsas götürürərək, milli İndeks tərtib etməyə nail olublar. Ekspertlər tərəfindən 5 subindeks, 34 indikator tərtib olunub və qiymətləndirmə aparılıb. Qiymətləndirmənin yekunu olaraq Qadınların Səlahiyyətləndirilməsi İndeksi hesablanarkən Azərbaycanda səlahiyyətəndirmə faizi 33,6% olub ki, bu da metodologiyaya əsasən aşağı səlahiyyətləndirmə kateqoriyasına (21%-40%) daxildir.
Konfransın 3-cü hissəsində “Azərbaycanda qadınların iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində maraqlı tərəflərin iştirak imkanları” mövzusunda panel müzakirə aparlıb. AR Milli Sahibkarlar Konfederasiyasının qadın sahibkarlarla iş komissiyasının sədri Jalə Hacıyeva, Mingəçevir Media Mərkəzinin rəhbəri Yeganə Nəbiyeva və Yevlax rayonun icma rəhbəri-fermer Sonya Ridvanova maraqlı tərəf təmsilçiləri olaraq, gördükləri işlər və qadınların rolunun artırılması barədə təkliflər veriblər.
Konfransda ABŞ və İsveçrə səfirliyinin, Avropa İttifaqı və BMT İnkişaf Proqramının nümayəndələri, vətəndaş cəmiyyəti, dövlət qurumları, özəl sektoru təmsil edən digər iştirakçılar da çıxış edərək, fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Sonda qərara alınınb ki, səslənən rəy və təkliflər nəzərə alınsın və müvafiq qurumlara göndərilsin.
Şərhlər bağlıdır.