Yanvarın 7-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzinin qarşısında çağırışçıların hərbi xidmətə yola salınmasıyla bağlı təntənəli mərasim keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsinin rəisi Şirvan Xasıyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildiriblər ki, 100 yaşlı Azərbaycan ordusu növbəti müstəqillik illərində yenidən qurulub və hazırda ölkəni və onun təhlükəsizliyini yüksək səviyyədə qorumağa hazırdır. Natiqlər ümummilli liderin və onun davamçısı İlham Əliyevin ölkədə hərb sahəsinin daim inkişafı və təkmilləşməsi, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması üçün apardıqları siyasətin bəhrəsindən də danışıblar.
Qarabağ qazisi Məhəmmədəli Ağazadə, çağırışçı Şirin Həsənov, valideynlərdən Svetlana Məhərrəmova və Səmərqənd Əliyeva gənclərə borclarını şərəflə yerinə yetirməyi, torpaqlarımızı işğaldan azad etməyi arzulayıblar. Üçrəngli bayrağımızın altından keçən çağrışçılar “Azərbaycan əsgəri” mahnısının sədaları altında avtobusa əyləşərək, hərbi xidmət yerinə yola düşüblər.
Şərhlər bağlıdır.