MingəçevirSəhiyyə

Oftalmoloqlar həkim məsləhəti olmadan günəş eynəyi almağı məsləhət bilmirlər

Havalar isindikçə eynəyə olan tələbat artır. Bir çox insanlar bir başa eynəklərin satıldığı mağazalara, apteklərə üz tutaraq, zövqlərinə uyğun eynək seçirlər. Ancaq bu məsələdə həkimlərin xəbərdarlığı var. Xüsusilə də optik eynəkdən istifadə edənlər diqqətli olmalıdırlar. Onlar günəş eynəyini də xüsusi resept əsasında almalıdırlar. Təəssüflər olsun ki, bu gün əhali arasında apardığımız sorğudan aydın oldu ki, heç də insanlar günəş eynəkləri üçün həkimə müraciət etmirlər: “Həkimə getməyə pulum yoxdur”, “Alıram ki, üzümə yaraşıq versin”.

Mingəçevir şəhər Mərkəzi xəstəxanasının oftamoloq həkimi Soltan Rüstəmov bildirir ki, mövsümlə əlaqədar yaz-yay aylarında günün aktivliyi artır, bu da ən çox Aran yerlərində olur,  ona görə də gözü qorumaq üçün müəyyən vasitələr lazımdır: “Gün eynəkləri müxtəlifdir. Bəzən insanlar elə fikirləşir ki, gün eynəyidi, əsas şüşə olsun. Amma bu yalnış fikirdir. Gün eynəkləri üçün xüsusi eynəklər nəzərdə tutulur, onlar həm günün ulturabənövşəyi gözə daxil olmasının qarşısını alır, eyni zamanda gözə düşən müəyyən işıqların zərərli təsirini aradan qaldırır. O demək deyil ki, hər hansı optikada satılan eynəklər yararlıdır. Bunun üçün eynək alan sertifikat tələb etməlidir, eynəyin harda istehsal olunduğunu öyrənməlidir. Bu gün bütün apteklərdə, bazarda keyfiyyətsiz eynəklər ayaq tutub yeriyir. Heç bir nəzarət yoxdur. Bir həkim kimi deyərdim ki, təkcə gün eynəkləri yox, ümumiyyətlə eynəklərin satışı bərbad vəziyyətdədir. Heç bir nəzarət yoxdur. Aptekdə oturan özü ölçür, biçir. Əhalinin 80-90%-i gözdə refraksiya pozğunluğundan əziyyət çəkir. Yaxından görmə, uzaqdan görmə xəstəliklər burdan başlayır. Bu da  təsadüfü adamlarda müşaiyət olunur. Bizdə əhali terapevtik sahələrə barmaqarası baxır. Bəzən də eynək satan işbazlar eynəyi əyərək göstərir ki, bax qırılmır, ən keyfiyyətli eynəkdir. İnsana onun qırılıb-qırılmaması yox, onun ölçüsü, bəbəyin eynəklə məsafəsi lazımdır. Ona görə də bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Apteklərdə eynək satışı dayandırılmalıdır. Bu, Milli Məclisdə də bu yaxınlarda müzakirə olunub. Eynəyi istər gün, istər görmə üçün həkim təyin etməlidir. Ona görə də refraksiya pozğunluğu artıb. Xüsusilə də gənc nəsildə bu daha çox özünü göstəriri. Kim harda gəldi, müayinə olunur. İnsanı xarici mühitə bağlayan 90% gözdür. Əgər gözün yoxdursa, 90% ölüsən. Ona görə də keyfiyytsiz eynəklərdən və küçə satışında olan eynəklərdən uzaq olun”.

9 il optika sahəsində çalışan Anar Səfərovun da eynəklərlə bağlı fikirləri maraqlıdır: “Biz həkimlərin resepti əsasında işləyirik. Çox adam keyfiyyətə üstünlük verir və bizə müraciət edəndə eynəyin çərçivəsi ilə maraqlanırlar. Əsas şüşənin keyfiyyətini axtarmaq lazımdır. Müəyyən həkimlərimiz var ki, bəzən səhv də resept  yazır. Xəstə gəlir ki, bu mənim gözümə düşmür. Bunu da bizim səhvimiz kimi qəbul edirlər. Bizə nə yazılırsa, onu veririk. Müxtəlif şüşələr var ki, şua keçirmir. Məsələn, Yaponiya, Türkiyə, Rusiya, Almaniya istehsalı olan şüşələrdən istifadə etmək lazımdır. Gün ərzində bizə gün eynəkləri ilə bağlı 10-15 nəfər müraciət edir. Əvvəlcə şüşələri təklif edirəm, onlara bu şüşələrin nəyə qadir olduğunu açıqlayıram. İndi apteklərə gətirib, kosmetik eynəkləri doldurublar. Onun şüşəsini qaynar suya qoysanız, görəcəksiniz ki, rəngi tamamilə yox olub, adicə ağ şüşədir. İnsanlar bəzəyə aldanıb, gözlərini məhv edirlər. Gözündə həssaslığı olan insanlar mütləq günəş eynəkləri alarkən onu keyfiyyət testindən keçirməlidirlər”.

Tag
Daha çox

Oxşar yazılar

Close