Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti qurumlarının iştirakilə 21 noyabr 2018-ci il tarixində Nizamlı, Təhükəsiz və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt Sənədinin Yekun Müzakirəsini təşkil edib. Bildirilib ki, BMqT, başda Dövlət Miqrasiya Xidməti olmaqla Azərbaycan hökumətinə 2019-2024-cü illər üzrə Azərbaycanın Miqrasiya Strategiyasının hazırlanmasına öz dəstəyini verməkdədir. Sözügedən Strategiya sənədinin miqrasiya sahəsində qlobal səviyyədə müəyyən edilən prinsiplər, eləcə də BMT-nin 2030-cu il Gündəliyi və cari ilin dekabr ayında qəbul olunması gözlənilən Nizamlı, Təhlükəsiz və Tənzimlənən miqrasiya üzrə Qlobal Kompakt sənədi ilə uyğunluq təşkil etməsi hədəflənir.
Bakıda keçirilən tədbirin açılışında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak cıxış ediblər. Eyni zamanda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın müraciəti oxunub.
Plenar sessiyada miqrasiya idarəçiliyinin əsas prinsipləri, 2030-cu il gündəliyində miqrasiya, dövlətlər üçün perspektiv yol xəritələri, Azərbaycanın miqrasiya idarəçiliyində strategiyası və qlobal məqsədlərə uyğunlaşması və digər məsələlər müzakirə olunub. Bununla əlaqədar Strategiyanın hədəflədiyi 23 məqsəd ictimaiyyətə təqdim edilib.
Avropa İttifaqının maliyyə dəstəyi ilə, Qurumlararası Yekun Müzakirədə miqrasiya haqqında Qlobal Kompakt sənədinin icrası ilə bağlı Azərbaycan Respublikasında çətinliklər və imkanlar, eyni zamanda Miqrasiya Strategiyasının icrası prosesində risklər də dəyərləndirilib.
Şərhlər bağlıdır.