Elm və təhsilMDUMingəçevir

Ali məktəb nümayəndələri və sahibkarların birgə elmi seminarı

Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsində “Kiçik və orta sahibkarlıq subyektlərinin müasir biznes bacarıqlarının və biliklərinin təkmilləşdirilməsi” mövzusunda (Strateji Yol Xəritəsi kontekstində) elmi seminar keçirilib. Universitetin elmi işlər üzrə prorektoru, i.e.d., professor Veysəl Əyyubov seminarın məramı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində KOS-un əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardandır.

“İqtisadiyyat” kafedrasının baş müəllimi Günəş Şəfaqətov “Regionların sosial-iqtisadi inkişafında sahibkarlıq fəaliyyətinin rolu” mövzusunda çıxış edib. Bildirib ki, sahibkarlıq fəaliyyətinin iqtisadi münasibətlərdə səciyyəvi əlaməti bizneslə bağlı olan təsərrüfat riskidir. Risk sahibkarlığın pisxologiyasını, onun fəaliyyətini formalaşdırır. Yalnız keyfiyyətli məhsul istehsal edən və öz çeşidini müntəzəm olaraq yeniləşdirən sahibkar mükəmməl fəaliyyət göstərə bilər.

Günəş Şəfaqətov qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar söylənilən müxtəlif fikirlər də təsdiq edir ki, xüsusi mülkiyyətçilər iqtisadi və cevik təsərrüfat fəaliyyəti sərbəstliyinə malikdir. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Lakin bununla yanaşı sahibkarlığın inkişafına təkan verə biləcək “Rəqabət Məcəlləsi”nin qəbulu Milli Məclisdə ləngidilir. Həmçinin, regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri dövlətin güzəştli kreditlərindən tam və böyük həcmdə yararlana bilmirlər. Ölkədə gəlirlər haqqında bəyannamənin olmaması isə bu sahədə şəffaflığın təmin edilməsində çətinlik yaradır.

Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov “Sənaye müəssisələri üçün kadr hazırlığı səviyyəsinin yüksəldilməsində ali təhsil müəssisələrinin rolu” mövzusunda cıxış edərək qeyd edib ki, Strateji Yol Xəritəsinin icrasında sənaye müəssisələri üçün kadr hazırlığının səviyyəsinin yüksəldilməsində ali təhsil müəssisələrinin rolu olduqca böyükdür. Tələbələrdən asılı olan müəyyən amilləri nəzərə almasaq, tədris prosesinin təşkili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Zaur Rəsulov vurğulayıb ki, təhsilalanın savadlı və səriştəli kadr kimi formalaşmasına tədris prosesinin təsiri tədrisin peşəkarcasına təşkili səviyyəsindən xeyli asılıdır. Bu amil ilə təhsilalanların nailiyyətləri arasında sıx bağlılıq mövcuddur. Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, İKT-yə əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Bu məqsədlə, davamlı olaraq mütərrəqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.

“Biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi” mövzusunda MDU-nun İnnovativ Biznes İnkubasiya Mərkəzinin rəhbəri  Möhübbət Əhmədov çıxış edib. Bildirib ki, 2016-cı ilin aprel ayından etibarən fəaliyyət göstərən innovativ biznes inkubasiya mərkəzi startap hərəkatının genişləndirilməsi və innovativ ideyaların reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Mərkəzin fəaliyyəti MDU-nun gənc müəllim, magistr və bakalavrların qrant müsabiqələrində iştirak etməsini tənzimləyir. Möhübbət Əhmədov vurğulayıb ki, startap ilk öncə biznesdir və hər bir biznes kimi gəlir gətirən bir subyekt olmalıdır. Bununla yanaşı startaplarda “sosial sahibkarlıq” istiqamətiləri də mövcuddur. Bu tip startaplar gəlir güdmədən, amma minimal gəlir gətirərək layihənin fəaliyyətini təmin edərək fəaliyyət göstərir. Startaplar universitetlər, biznes inkubatorlar, biznes mələkləri (mələk investorlar), texnoparklar, qrant proqramları və digər mənbələr tərəfindən dəstəklənir.  Yeni startapın yaranmasının əsas mənbəyi yaradıcı ideyadır. İdeyanın özü ancaq kağız üzərində olanda belə (startapın planı) böyük bir dəyərə malik ola bilər. Startapın yaranması və onun uğuru üçün vacib olan daha bir amil həmin ideyaya bazarda potensial tələbatdır.

Seminarda “Turizm sektorunda kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətləri” mövzusunda “İqtisadiyyat” kafedrasının müəllimi Cəlil Bağırov çıxış edib. Qeyd edib ki, Azərbaycan Respublikasında ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində turizm sektorunda əlverişli mühitin formalaşdırılması, regional turizmin inkişafı, milli turizmin keyfiyyət sisteminin yaradılması hədəfləri müəyyən edilmişdir. Hədəflərin reallaşması nəticəsində turizm infrastrukturunun yaxşılaşdırılmasına, turizm və rekreasiya zonalarının yaradılmasına, viza prosedurunun sadələşdirilməsinə və standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə nail olunacaqdır.

Cəlil Bağırov bildirib ki, ölkədə regional turizmin inkişaf etdirilməsi məqsədilə “Turizm sahəsində kiçik və orta sahibkarlığın inkişaf fondu”nun təsis edilməsi məqsədəuyğun olardı. Eləcə də dövlət tərəfindən turizm fəaliyyətinin inkişafına daxili və xüsusən də xarici investisiyaların cəlb edilməsinin təşviqi üzrə təcili tədbirlər planının reallaşdırılması zəruridir. Bu tədbirlər planı turizm müəssislərinin inkişafını stimullaşdırmağa, payçı mülkiyyət, holdinq şirkətlərində birləşmə, aktivlərin alınması və digər təşkilati-iqtisadi mexanizmlər əsasında iri turizm infrastrukturu obyektlərinin tikintisinə özəl sahibkarlıq subyektlərini yönləndirməyə şərait yaradacaq.

Sonra tədbirdə Tərbiyə işləri üzrə prorektor, dosent Rövşən Əliyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli, Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev, “İqtisadiyyat” kafedrasının müdiri, dosent Cəmilə Musayeva, sahibkar, “Elastik” MMC-nin direktoru Vaqif Həsənov, AzərAqroTikintinin  Mingəçevir filialının direktoru Rafiq Paşayev, “Azyolneftmaş” ASC-nin məsul nümayəndəsi Zaur Quliyev, Məşğulluq Mərkəzinin məsul nümayəndəsi Fədail Əhmədov çıxış ediblər.

Natiqlər bildiriblər ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün əsas fəaliyyət Azərbaycanda KOS subyektlərinə münasibətdə qanunvericilik bazasının təkmilləşdirilərək maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsi, maliyyə resurslarına əlçatanlığın artırılması, texniki və informasiya bazasının gücləndirilməsi və KOS subyektlərinin ərazi üzrə optimal yerləşdirilməsi, daxili bazarın qorunması, bazar infrastrukturlarının inkişaf etdirilməsi, zəruri sənədlərin alınmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsi, bu sahəni təmsil edən subyektlər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və s. kimi istiqamətlərə yönəldiləcəkdir. Sahibkarlar qarşılaşdıqları problemlər haqqında da məlumat veriblər. Təkilif olunub ki, universitetin tələbələrinin tədris planı üzrə nəzərdə tutulan 4 aylıq təcrübələri gələcəkdə sahibkarların müəssisələrində keçirilməsi üçün təmin olunmasına köməklik göstərilsin.

Elmi seminar disskusiya şəklində davam edib.

 

Nazim Niftəliyev

MDU Mətbuat xidmətinin rəhbəri

Tag
Daha çox

Oxşar yazılar

Close