Niyazi Bayramova qara yaxanların niyyəti niyə gözlərində qaldı?
Niyazi Bayramov dörd il əvvəl Mingəçevirə başçı təyin olunub. Bu müddətdə Prezidentin sərəncamı ilə Mingəçevirdə Dövlət Universiteti yaradılıb və şəhərdə Texnoparkın açılması qərara alınıb. “Kür” OTİM-də I Avropa oyunlarının su növü üzrə yarışları uğurla təşkil olunub. Heydər Əliyev Mərkəzinin, Gənclər Evinin, Tarix Muzeyinin inşası başa çatdırılıb. İki yeni uşaq bağçası tikilib, Dostluq, Sahil və Fizuli parkları, Samix küçəsi, Kür çayının üzərindəki körpü, şəhərin bir hissəsində su təchizatı sistemi, şəhərin Şəhidlər Xiyabanı yenidən qurulub. Mərkəzi Xəstəxana, Uşaq İncəsənət Məktəbi, əksər məktəbəqədər və orta təhsil müəssisələri əsaslı təmir olunub. 596 ailəlik köçkün şəhərciyi sakinlərini qəbul edib. Əsas prospektlər genişləndirilib, avtomobil yolları asfaltlanıb, bir çox küçələrdə müasir işıqlandırma başa çatdırılıb. Hündürmərtəbəli binaların liftləri yeniləri ilə əvəzlənib, evlərin əksəriyyətinin dam örtüyü dəyişdirilib. Park və xiyabanlara on minlərlə ağaç əkilib.Təhsil və idman sahələrində respublika səviyyəli nailiyyətlərə imza atılıb.
Bu uğurları gözü götürməyənlər isə Mingəçevir İcra hakimiyyəti başçısını ləkələmək üçün qarayaxma kampaniyasından əl çəkmirdilər. Son aylarda onlar hətta müxtəlif KİV-ləri ələ almağı da bacarırdılar. İş o yerə çatmışdı ki, Azərbaycanın ictimai-siyası həyatında çəkisi olan telekanal və qəzetlərdə də əsassız, şantaj xarakterli məlumatlara yer ayırırdılar. Öz vəzifəsini səliqəli şəkildə icra edən başçı bütün bu yalanlara əhəmiyyət vermədikcə dezinformasiyalar artırdı. Hətta “reportyor.org” saytı Niyazi Bayramovun şərəf və ləyaqətini aşağılayan yazını dərc etməkdən də çəkinmədi.
Başçı sonuncu yazıya rəy vermək üçün nəhayət Azərbəaycan Mətbuat Şurasına müraciət etməli oldu. Xəbər verdiyimiz kimi, martın 16-da MŞ-nin Şikayətlər və «Reket jurnalitsika»ya qarşı mübarizə üzrə komissiyalarının iclaslarında birmənalı şəkildə “Reportyor.org”un MŞ-nin «Reket KİV-lər» üçün tərtib etdiyi «qara siyahı»ya salınması məntiqi sayıldı. Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin müxbirimizə verdiyi məlumata görə, müzakirələr zamanı şikayət doğuran «İcra başçısının xidməti avtomobili yenə diqqət mərkəzində – fotolar» sərlövhəli yazının orada təqdim olunan əksər nümunələr kimi qeyri-etikliyi fikri təsdiqləndi: “Mətbuat Şurası bu rəyə gəldi ki, həmin materialda jurnalistikanın ali prinsipi olan həqiqətə xidmətin tələbləri gözlənilməyib. Adətən belə yazılar qərəzdən, sifariş icrasından, yaxud xüsusi məqsədlərə çatılmadıqdan sonra yayımlanır. Komissiya rəyə gəlib ki, fotolar montaj xarakterlidir, izləyicilərdə yanlış təsəvvür yaratmağa xidmət edir”. İcraçı katib onu da qeyd edib ki, MŞ saytın fəaliyyətində inzibati orqanların araşdırmalı olduqları məqamların da mövcudluğuna diqqət yetirib.
Mətbuat Şurası tərəfindən müdafiə olunan icra başçısına növbəti dəstək 2 gün sonra Azərbaycan Prezidentindən gəldi. 18 mart 2016-cı ildə İlham Əliyev cənabları Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi.
Mətbuat Şurasının qərarından və Prezidendin sərəncamından sonra Niyazi Bayramovun vəzifədən gedəcəyini gözləyənlərin niyyəti artıq gözlərində qaldı. Yəqin ki, cinayətkar kürsüsündə oturmaq istəməyənlər bundan sonra şər və qarayaxmadan əl çəkəcəklər. Əks təqdirdə onları acınacaqlı həyat gözləyir.
Şərhlər bağlıdır.