Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin  (MİTD İB) Mətbuat xidmətindən verilən məlumata görə, birlik  “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi”  layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  məqsəd COVİD-19 pandemiyasının şərtləri altında  nikah aktlarını  təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ  yardımlar təşkil etməkdir: “Belə şəxsləri yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah  mərasimləri formaları ilə  tanış etmək, bu yolla, nikah proqramlarını yeni dövrün şərtlərinə uyğunlaşdırmağa sövq etməkdir. Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır. Mütəxəssislərin, ekspertlərin  bu yöndə təklif və tövsiyələrinin  ictimailəşdirilməsi, cəmiyyətə çatdırılması və dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədlərindən biri KİV-lərin bu sahədə rolunun stimullaşdırılmasından ibarətdir.

Həmçinin gənc, imkansız ailələrə konsultativ və maddi yardım göstərmək də  layihənin əsas məqsədləri sırasındadır”.

Ələsgərli qeyd edib ki, pandemiya dövründə Azərbaycanda və digər ölkələrdə tətbiq edilən yeni nikah -toy mərasimləri formaları barədə bilgilər, həmçinin, mövzu üzrə  ekspert  tövsiyələri əyani vəsait – kitabça  formasında toplanılacaq. PDF variantda hazırlanacaq kitabça internet resurslarında  yerləşdiriləcək və hər kəs üçün əlçatan olacaq.

İP göstəricisi yüksək olan internet TV-lərdən birində mövzu üzrə müzakirələr təşkil ediləcək. TV müzakirədə mövzu üzrə ekspert  iştirak edəcək, sualları cavablandıracaq. Eyni zamanda Bakı şəhərində, Cəlilabad və Masallı rayonlarında (sərt karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda) 30 nəfər gənc və imkansız ailə müəyyənləşdiriləcək, onlara konsultativ söhbətdən sonra sosial yardım göstəriləcək.

Şərhlər bağlıdır.