Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Nağdsız Azərbaycan”a doğru

Azərbaycan vətəndaşı üzünü rəqəmsallaşma prosesinə tam çevirsə, 2025-ci ilədək cibimizi və sağlamlığımızı ağırlaşdıran pullardan canımız qurtaracaq

 

Ərzaq mağazaları və apteklərdə yerində xidmət niyə dayandırılmadı?

Supermarket, ərzaq mağazaları və apteklərdə əksər ödənişlər nağd qaydada aparılır

Bu ilin mart ayından COVİD-19 virusunun bütün dünyada sürətlə yayılması Azərbaycanda da xüsusi karantin və icazə rejiminin tətbiq olunmasına gətirib çıxardı. Nazirlər Kabineti yanında Operativ Qərargah insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə əksər iş və xidmət sahələrini bağladı (Nazirlər Kabineti yanında Operativ Qərargah, 2020a, 2020b, 2020c, 2020d).

Kafe və restoranlar, bərbərxana və gözəllik salonları, bütün ticarət və ictimai iaşə məkanları müştərilərə yerində xidmətlərini dayandırsa da, supermarket, ərzaq mağazaları və apteklərin fəaliyyəti qapanmadı. İnsanların ərzağa və dərmana ehtiyaclarını ödəmək üçün hazırkı şəraitdə başqa yol tapılmadığından hökumət məcburiyyət üzündən bu addımı atdı, halbuki həmin obyektlərdə də COVİD-19 infeksiyasına yoluxma ehtimalı az deyildi.

Bəs evdən çıxması məsləhət görülməyən şəxslərə, xüsusən 65 yaşından yuxarı insanlara ərzağı və dərmanı necə çatdırmalı?

 

Çatdırılma xidməti daxili tələbatı ödəmir

Hansı marketlərin çatdırılma xidməti var?

Pandemiya dövründə bazara girən bir sıra yeni şirkətlərin, ilk növbədə Fonibo-nun fəaliyyəti diqqətdən yayınmadı. Mobil telefona yüklənən səhifədə  ictimaiyyətə ismarış göndərildi ki, minlərlə məhsulu Bakıda 30 dəqiqə ərzində bir-neçə kliklə əldə etmək artıq çox asandır: “Bu xoşbəxtliyi sizə yaşatmaq üçün 7/24 xidmətinizdəyik!” (Fonibo, 2020).

Eyni zamanda bəzi  marketlər onlayn ödəmə yolu ilə ərzaqların evlərə çatdırılmasını həyata keçirməyə başladılar (Qəhrəmanova, 2020a).

Bir sıra kafe və restoranlar da yerində xidmət göstərə bilmədiklərindən çatdırılmaya diqqəti artırdılar (Qəhrəmanova, 2020b).

Amma bu, yalnız paytaxtda və böyük şəhərlərdə baş verir və həmin şəhərləri bütünlüklə əhatə etmir. Eyni zamanda bölgələrdəki ərzaq mağazalarından və apteklərdən onlayn alış-veriş edəcəkləri yerli sakinlərə hələ ki,  yuxu kimi gəlir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, ölkədaxili e-ticarət və çatdırılma xidmətinin daxili tələbatı ödəmədiyi aşkara çıxdı (Gunduz, 2020).

Qarabağ döyüşlərinin veteranı, birinci qrup əlil Əbülfət Babayev belə hesab edir ki, kartın tətbiqi nağd pul kütləsini sıxışdırmaq məqsədi güdməliydi: “Bütün dünyada belədir. Heç kim cibində bir yığın pul gəzdirmir. Mağazaya gedir, aldığının hesabını kartından silirlər. Restoranda oturur, hesablaşma məqamında kartından pul çıxırlar” (Nəbiyev, 2014).

 

“Pul əl çirkidir”

Maska taxan adam Çin Xalq Bankının Pekindəki qərargahının yanından keçir. Fotoşəkil: Jason Lee / Reuters

Araşdırma göstərir ki, avropalılar pulun köhnəlməsinə, çirklənməyə və bakteriya ilə qarışmasına inanırlar. Oxsford Universitetini alimləri Avropanın 15 ölkəsinin pul vahidləri üzərində araşdırma aparakən müəyyən ediblər ki, köhnə pullarda orta hesabla 26 mindən çox, ən təmiz və ən yeni pullarda isə 2.400 bakteriya olur (Mastercard, 2013).

Bu ilin fevral ayının 15-də isə  dünyaya məlumat yayıldı ki, Çində koronavirus təhlükəsi ilə əlaqədar olaraq dövriyyəyə təzə əskinaslar buraxılıb, istifadə edilmiş kağız pullar isə yığılaraq, 7-14 günlük karantinə yerləşdirilib (The Guardian, 2020).

“Bəs Azərbaycan Mərkəzi Bankı bu cür tədbirlərin keçirilməsini planlaşdırırmı? Azərbaycanda da kağız pulların dezinfeksiya edilməsinə ehtiyac varmı?”. Məsələ ilə əlaqədar Sputnik Azərbaycanın sorğusuna cavabda deyilir ki, qablaşdırılmış pullar Mərkəzi Bankın xüsusi rejimli xəzinəsində saxlanılır: “Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilmiş və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur” (Məmmədov, 2020).

 

Əskinasların hazırlanması və saxlanması üçün az vəsait xərclənmir

ABŞ-ın Federal Rezerv Sisteminin məlumatı

Vikipedianın yazdığına görə, milyon ildən artıq tarixi olan bəşər cəmiyyəti təxminən son 6-8 min il ərzində puldan istifadə edir: “İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan “pekuniya”-pul “pekus”-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur” (“Pul,” n.d.).

Əskinasların çapı, daşınması, qorunması üçün hökumətlər külli miqdarda vəsait xərcləyirlər. Məsələn, ABŞ-ın Federal Rezerv Sistemi hazırda 1 və 2 dollarlıq hər bir əskinasın çapı üçün  7,7 sent xərcləyir. Bu məqsədlə 2020-ci ilin əməliyyat büdcəsində  877,2 milyon dollar ayrılıb (Federal Reserve System, 2020).

İqtisadçıların dediyinə görə, qəpiklərin hazırlanmasına daha çox xərc çəkilir: “Kiçik qəpiklərin xərci ilə onun alıcılıq qabiliyyəti və dəyəri arasındakı fərq bahalı əskinaslarda olan fərq vasitəsilə kompensasiya edilir. Bu, dünya praktikasında belədir. O cümlədən Azərbaycan Mərkəzi Bankı da sifariş verən zaman praktik olaraq bu nüansları nəzərə alır” (Raufqızı, 2015).

 

Nağd puldan nağdsız hesablaşmalara

Nağd puldan nağdsız hesablaşmalara

Mərkəzi Bank milli əskinasların hazırlanmasına çəkdiyi xərcləri açıqlamasa da, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2016-cı ildən  nağdsız hesablaşmalara diqqəti artırıb. Bank “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda mövcud xidmətlərdən istifadənin kütləviləşdirilməsini başlıca strateji prioritetlərindən biri hesab edir. Proqram rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üçün 16 prioritetdən və 60-a yaxın tədbirdən ibarətdir (Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi, 2016; “Nağdsız Azərbaycan” layihəsi, 2018; “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2018).

Proqramıda qeyd edilir ki, əhalinin bir qismi nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları ilə bağlı yetərli məlumatlara malik deyil: “Bu, regionlarda özünü kəskin şəkildə büruzə verir. Əhalinin bəzi qrupları (pensiyaçılar, evdar qadınlar) arasındakı məlumatsızlıq xüsusilə ciddi xarakter daşıyır. Əhalinin bu sahədə kifayət qədər məlumatlı olmaması nağdsız ödənişlərin həcminə və maliyyə inklüzivliyinə mənfi təsir göstərir.” (“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, 2018).

Problemin həlli üçün son 2 ildə ölkə miqyasında rəqəmsal ödənişlərlə bağlı qanunvericilik bazası yaradılıb və konkret işlər görülüb. Bu gün kommunal, sığorta və təhsil xərclərini, ipoteka, kredit, lizinq, cərimə, vergi borcları və  rüsumları ödəmək üçün evdən çıxmağa ehtiyac yoxdur. “Asan ödəniş” – ödəniş etməyin ən asan yoluna çevrilib (Asan Ödəniş, 2020).

Eyni zamanda “Elektron Ödənişlər” bölməsi vasitəsilə 250-yə yaxın təsnifat üzrə ödəniş aparmaq mümkündür (Elektron Hökumət Portalı, 2020).

Bu və digər ödənişlərə digər dövlət qurumlarının onlayn resurslarından da keçidlər qoyulub.

 

Əksəriyyət hökumətin çağırışlarına məsuliyyətlə cavab versə…

Zənbil dolu pulumuzu kartımızda gəzdirək

Bəs insanlar bu vasitələrdən məlumatlıdırmı və səmərəli istifadə edirmi? Davamlı təbliğat kampaniyası çərçivəsində geniş əhali kütləsinə ünvanlanan reklam çarxları və plakatlar, ayrıca verilişlər  hazırlanır, müsabiqələr, seminarlar, maliyyə savadlılığı məqsədilə müxtəlif tədbirlər keçirilir. Eyni zamanda müxtəlif dövlət və özəl təşkilat, biznes strukturları və qeyri-hökumət təşkilatlarında çalışanlar üçün rəqəmsal ödənişlər üzrə praktiki vərdişlərin aşılanmasına yönələn maarifləndirici seminar və təlimlərə başlanıb. Xüsusən pandemiya dövründə təbliğat-təşviqat məqsədilə kütləvi informasiya vasitələri və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.

Dövlət öz üzərinə düşən yükün ağırlığına baxmayaraq, addımlarını atır. Statistikaya görə, hökumət ödəniş portalı vasitəsilə gün ərzində 50 mindən çox ödəniş aparılır (Hökümət Ödəniş Portalı, 2020).

Amma faktiki ödənişlər bundan qat-qat çoxdur. Əksəriyyət hökumətin çağırışlarına, yeniliklərə məsuliyyətlə cavab vermir. Əgər Azərbaycan vətəndaşı üzünü bu prosesə tam çevirsə, şübhəsiz, 2025-ci ilədək əksər kağız daşıyıcılardan, o cümlədən cibimizi və sağlamlığımızı ağırlaşdıran pullardan canımız qurtarar (Nəbiyev, 2020).

Şərhlər bağlıdır.