Naftalana bir dəfə gələn yenə gələr
Tarixiə qısa nəzər
Neftin insan orqanizminə faydası Adəm və Həvva dövründən məlumdur. Qədim insanlar müxtəlif xəstəliklərdən can qurtarmaq üçün yerin qatında yığılan və hələ tərkibi məlum olmayan neft quyularına girər və sağlamlıq tapardılar. Onlar bir çox dəri xəstəliklərinin müalicəsində neftin faydasından xəbərdar idilər. Əcdadlarımız ölən insanların cəsədinə çürüməmək üçün neft çəkərdilər. İndiki amerikanların əcdadları sayılan hindular neftdən tonqal və məşəl yandırmaqla bərabər öz bədənlərini gözəlləşdirmək, heyvanları müalicə etmək məqsədilə istifadə edərdilər. Arxeoloqların Naftalan ərazisindən 700 il əvvələ aid və hindulara məxsus sikkələri tapması bu qədim müalicə ocağının Azərbaycanın sərhədlərindən çox-çox kənarda tanınmasına bir işarədir.
Naftalan neftinin dünyada tanınması prosesini araşdıran Həsən Kazımovun (“Naftalanın bioekologiyası” kitabında) yazdığına görə, bu qiymətli sərvətin tədqiqatı təxminən XII əsrdən başlayıb. Müəllifin dediyinə görə, Çinə səfəri zamanı Azərbaycandan keçən məşhur italyan səyyahı Marko Polo indiki Naftalan ərazisində dağ yağı ilə dolu böyük quyuya rast gəldiyindən yazıb. 1887-1895-ci illərdə alman dağ mühəndisi Yeqor Naftalanı sənaye üsulu ilə istehsal etməyə başlayıb, eyni zamanda həmin neftin reklamı ilə bağlı məqalələr yazılmasına nail olub. 1920-1991 və sonrakı illərdə isə Naftalan neftinə dövlət səviyyəsində diqqət yetirilib. Yeri gəlmişkən, Əməkdar elm xadimi, tibb elmləri doktoru, ümumi patologiya və patofiziologiya sahəsində ciddi araşdırmaların və “Mənim xatirələrim” kitabının müəllifi Səmayə Quliyeva isə allergiya problemlərində naftalan neftinin orqanizmə təsir mexanizmini araşdırıb.
Bu gün Naftalan neftindən diş pastaları, şampunlar, bütün növ saçlar üçün krem-balzam, çimmək üçün gel və digər məhsullar hazırlanır. Eyni zamanda böyüklər və uşaqlar üçün parodonnaftalan diş pastası da bu qəbildəndir. İçmək üçün təmizlənmiş naftalan da istehsal olunur. Onu daxili orqanların müalicəsi üçün qəbul edirlər. Bu, qəbizliyin qarşısını almağa, qastritə kömək edir.
“Mədəni-kütləvi işləri qaldırmaq lazımdır”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində yerləşən “Azərbaycan” sanatoriyasının həkimi Kazbek Həşimov 50 ilə yaxındır ki, Naftalanda yaşayır və işləyir: “1969-cu ildə Tibb İnstitutunu bitirib, təyinatla bura gəldim. O zaman cəmi bir sanatoria fəaliyyət göstərirdi. İl ərzində 80 mindən artıq xəstə qəbul edirdik. O zaman naftalan neftini araşdıran mərkəzi laboratoriya və institut da, 100-dən artıq vannamız fəaliyyət göstərirdi. Mən kursovka şöbəsinin müdiri işləyirdim. Kursovka almaq üçün 20-30 gün növbələr olurdu. Hazırda 10-dan artıq kurort obyekti fəaliyyət göstərsə də, ümumi xəstələrin sayı əvvəlki dövrdəkindən azdır. Sanatoriyamızın isə müalicə korpusunun təmirə ehtiyacı var”.
Həkimin sözlərinə görə, Naftalanda bu gün çoxlu istirahət yerləri (həm kurort, həm də otel kimi) açılsa da, Naftalanın əvvəlki şöhrətini qaytarmaq mümkün olmayıb: “Naftalan müalicə mərkəzidir, otellər isə daha çox istirahət etmək məqsədi daşıyır. Burada ilk növbədə mədəni-kütləvi işləri qaldırmaq lazımdır.Yəni xəstə darıxmamalıdır. Onlar günortaya qədər vanna və diər prosedurları alır, bundan sonra boş qalırlar. Əvvəllər rəqs meydançası, kino klub, gəzintilər və s. vardı. Bunları yenidən təşkil etmək də çətin deyil. Sadəcə istək, maraq lazımdır”.
K.Həşimovun fikrincə, sanatoriyaların ətrafındakı hasarlar yerlilərin gələn qonaqlarla təmasına maneələr yaradır: “Əslində bir qəfəs yaranıb. Əvvəllər qonaqlar yerlilərin evlərinə baş çəkər, bu tanışlıqdan sonra bizimkilər onların ölkələrinə gedər, gözəl münasibət qurardılar. Nəticədə Naftalanın gəncləri Moskvada, Piterdə təhsil almaq imkanı da qazanırdılar. Unutmayaq ki, Naftalan Azərbaycanın qapısıdır. Əvvəllər məni toya çağıranda qeyri millətləri də aparırdım. O qədər xoşlarına gəlirdi ki…Kimsə bura gəlirsə, ölkəni tanımalıdır. Elə etməliyik ki, burdan gedənlər növbəti il özləri ilə başqalarını da gətirsinlər. Yaxşı tanıda bilsək, pul da qazana biləcəyik. Məzuniyyət vaxtı Moskvada və başqa yerlərdə bizi təyyarənin trapında qarşılayırdılar. Bu, Naftalanın hesabına idi. İndi isə yerlilərin həmin hasarlar üzündən sanatoriyaların içərisinə düşməsi, gələnlərlə təmas yaratması qeyri-mümkündür”.
Ağız dolusu razılıqlar
Goranboyun Tapqaraqoyunlu kəndində doğulan və 1972-ci ildən “Azərbaycan” sanatoriyasında tibb bacısı, böyük tibb bacısı, yeməkxana müdiri vəzifələrində çalışan Kamilə Quliyeva da keçən illəri həsrətlə xatırlayır: “Buranın yaxşı günlərinin şahidiyəm. İlboyu işləyərdik. İndi isə may ayından oktyabra qədər işləyirik. Sanatoriyamızın reklama daha çox ehtiyacı var”.
Naxçıvan sakini, evdar qadın Zivər Əliyeva buradakı münasibətdən və müalicənin keyfiyyətindən razı qaldığını deyir: “Mən çox razıyam. Bizə heç bir narahatlıq yaratmayıblar. Həmişə hörmətimizi saxlayıblar. Qayğı, diqqət görmüşəm. Müalicə kömək edir. İlk dəfədir gəlirəm. Xeyrini görürəm. Bu müalicə əvəzsizdir. Gələcəkdə 3-4 nəfəri də özümlə gətirəcəyəm”.
Almaatı şəhərində yaşayan Qazaxıstan vətəndaşı İsmixan Əliyev bildirir ki, 2008-ci ildən dünya miqyasında tanınmış Naftalan şəhərinə müalicəyə gəlir: “Bu dövlət sanatoriyasının rəhbərliyindən tutmuş bütün işçilərinə qədər hamısına minnətdaram. Burdakı münasibətdən çox razıyam. Yaxşı müalicə olunuram. Özümü çox gümrah hiss edirəm. Əvvəlki vəziyyətimə baxanda çox dəyişmişəm. İndi 5 km məsafəni qaça-qaça getməyi bacarıram. Bu il ailə üzvlərimi-həyat yoldaşımı və bacımı da gətirmişəm.Kiçik bacım ayaqlarından şikayətənirdi. 7-ci vannadan sonra ağrıları yoxa çıxıb. Hazırda Qazaxıstanda bura gəlmək istəyənlərin sayı ilbəil artır. Bu sanatoriyada ideal şərait yaradılması, müalicə obyektinin təmir edilməsi, əyləncələr təşkil edilməsi gələnlərin axınını artırardı”.
83 yaşlı Nurəddin Talıbov isə Gəncədən gəlib: “Ötən il də olmuşam. Yeməkləri, müalicəsi, təmizliyi məni qane edir. Çox yaxşı xidmət göstərirlər. İmkan düşsə, gələn il də gəlmək fikrindəyəm. Özümdə dəyişikliyi hiss edirəm. Bura gələndə ayaqlarımda, kürək nahiyyəmdə narahatlıqlar vardı. İynə-dərman müalicəsi ilə bərabər oturaq vanna, elekromasaj və adi masaj, inqalyasiya götürürəm. Əməlli-başlı yaxşılaşmışam”.
Göyçay sakini Sərdar Səmədov da müalicənin ona faydalı olduğundan danışır: “Çox pis vəziyyətdə gəlmişdim.Ağrı əlindən dayana bilmirdim. Nə yata bilirdim, nə dura bilirdim. Burda vanna qəbul edəndən sonra ağrıların səngidi, müalicədən sonra səhhətim nizamlandı. Çalışacağam ki, ildə bir dəfə bu müalicəni götürüm”.
Xəstələr onların əziyyətini daha çox çəkən tibb işçilərinin – Solmaz, Dursun, Hürü, Əfqanə, Aybəniz, Sevda adlı xanımların və başqalarının diqqət və qayğısından da ağız dolusu danışdılar.
Şərhlər bağlıdır.