Ən zərif idman növünün nümayəndələri bu dəfə Mingəçevirdə toplaşıblar
Noyabrın 18-dən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışlarına start verilib. İki gün davam edən yarışda balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında 103 gimnast və 9 qrup komandası iştirak edib. Onlar “Ocaq Sport” Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil ediblər.
Fərdi gimnastların ardınca mübarizəyə qrup hərəkətləri komandaları qatılıb. Bu dəfə turnirdə yerli gimnastlarımızla yanaşı Ukrayna və Qazaxıstandan gəlmiş idmançılar da çıxış ediblər.
Ölkə birinciliyində fərdi çoxnövçülük üzrə yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasındakı mübarizədə Nərminə Bayramova qızıl medal alıb, 2007-ci il təvəllüdlü gimnastlar arasındakı yarışda isə Fatimə Məmmədzadə fərqlənib. 2006-cı il təvəllüdlü atletlərin mübarizəsində Fidan Yusifzadə fəxri kürsünün ən yüksək pilləsinə ucalıb.
Bölgələrarası kubok yarışlarında 2008-ci il təvəllüdlü gimnastlar arasında Aişə Rəcəbli çempion olub. 2007-ci il təvəllüdlülər arasındakı yarışda isə Nənəbacı Şəfiyeva, 10 yaşlı gimnastlar arasında Leyli Ağazadə qızıl medala yiyələniblər.
Azərbaycan Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi və gimnastika idman növləri üzrə kurator Rafiq Rzayev nəticələrdən məmnunluğunu bildirib: “15 il bundan qabaq deseydik ki, reginolarda gimnastika təşkil olunacaq, heç kim innamazdı. Amma bu gün regionlarda bu idman növü yüksək səviyyədə təşkil olunur. Həmin yerlərdən biri də Mingəçevirdir ki, burada idmançlar üçün hər cür şərait yaradılıb. Biz çalışırıq ki, rayonlarda bu idman növünü nümayiş etdirməklə hər kəsə bildirək ki, belə zərif idman növümüz var. Bu gün 100-dən çox iştirakçı var. Hamısı gənclər, 8-11 yaşlı qızlardır ki, onlar bu yarışa böyük həvəslə qatılıblar. Bizim idmançılarımız çoxsaylı medallar getirərək bayrağımızı yüksəldirlər”.
Şərhlər bağlıdır.