Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Ənənəvi İslam dəyərləri və müasirlik”

Mayın 14-də Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və şəhər icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib. Tədbirdə bölgədə fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar iştirak ediblər.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdəki dini durumdan danışıb, şəhərdə qeydiyyatdan keçən dini icmaların hamısına fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini bildirən basic diqqətə çatdırıb ki, dini-etiqad azadlığının təmin olunması, dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün şəhərdə lazımi tədbirlər həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib. O, deyib ki, ölkəmizdə tarixən tolerantlıq mühiti, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür, dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Eyni zamanda bildirib ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir: “Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir”.
Dövlət komitəsinin hüquq mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan Mübariz Qurbanlı radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyət daşıdığını, ölkəmizdə dini radikalizmin sosial bazasının olmadığını da diqqətə çatdırıb: “Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. Biz milli-mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq. Buna görə də bu cür maariflənidirici tədbirləri gələcəkdə də davam etdirəcəyik”.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Əli Məmmədov, Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının dekanı Nizami Zeynalov ölkəmizdəki dövlət-din münasibətlərindən dövlətin dinə qayğısından, dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyindən, danışıblar. Digər natiqlər ənənəvi islam dəyərləri və çağdaş problemləri qabardıblar.
Sonra konfrans öz işini plenar iclasda davam etdirib. İki gün davam edən iclasda “Dini maariflənmə və milli-mənəvi dəyərlərin təbliği” və “İslama ənənəvi baxışın qorunmasında radikalizmlə mübarizənin əhəmiyyəti” mövzusularında məruzələr dinlənilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransdan sonra şəhərdəki Heydər məsçidində dindarlar və icma üzvləri ilə görüşüb.

Şərhlər bağlıdır.