MVA QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 5 məhəllədə mənzil mülkiyyətçiləri ilə görüşüb
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində iyunun 27-dən 29-dək şəhər əhalisi ilə məhəllələrdə görüşləri davam etdirib. Bu dəfə müzakirələr Təbriz 21 və 23, Dilarə Əliyeva 14, M.P.Vaqif 14 və Ş.İ.Xətai 21 saylı ünvanlarda yaşayan mənzil mülkiyyətçiləri ilə aparılıb. Məlum olub ki, bu binaların hamısı keçən əsrin 80-ci illərində vətəndaşların şəxsi vəsaiti hesabına kooperativ yolla tikilib və son 40 il ərzində dövlətin bütün sosial paketlərindən kənarda qalıb.
Xətai küçəsindəki 12 saylı evin yaşayışçısı Elmira Xudiyeva deyib ki, heç kim onlara yiyə durmur: “Binamızın inşasından tutmuş saxlanma xərclərinə qədər hər şeyi öz öhdəmizə götümüşük. Həyətin işıqlandırılması, süpürülməsi də, su partlayanda, kanalizasiya daşanda usta çağırıb pulunu ödəmək də öhdəmizə düşüb. Amma yanımızdakı digər binalara münasibət belə deyil”.
Təbriz küçəsindəki 23 saylı ünvanda mənzili olan Ilhamə Cəfərova bildirib ki, yaşadıqları binanın fasadına vurulan ağ daşlar qoparaq tez-tez yerə düşür və yaxınlıqdan keçənlərin həyatına təhlükə yaradır: “Hətta bir nəfər bundan xəsarət də alıb. Biz İcra Hakimiyyətinə kömək üçün müraciət etmişik. Cavabında yazıblar ki, bina İH-nin balansında deyil, buna görə də fasadın təmirini ancaq öz vəsaitiniz hesabına apara bilərsiniz”.
M.P.Vaqif küçəsindəki 14 sayl binanın sakinləri də mövcud problemləri qabartmaqla bərabər onu da əlavə ediblər ki, dam örtüyünü dəyişmək onların gücü, imkanı daxilində deyil. Vahid Nəsirov narahtlıqla deyib ki, yağış yağanda beşinci mərtəbələrdə yaşayanlar bütün otaqlara qazan-ləyən düzürlər: “Binamızın dam örtüyü tamamilə sıradan çıxıb. 40 ildə bura əl gəzdirə bilməmişik. Halbuki hökumət qonşu binaların damını, fasasdını neçə dəfə təzələyib. Biz bu ölkənin vətəndaşları deyilik? Niyə bizə qarşı ayrı-seçkilik edirlər?”.
İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinin aparıcı məsləhətçisi Tural Əhmədov açıqlama verib ki, indiyədək mövcud binalara dövlətin yardımının göstərilməməsi bir məsələ ilə bağlıdır: “Hazırda əksər çoxmənzilli binaların balans sahibi yerli icra hakimiyyətləridir. Yəni mənzillərin əksəriyyəti özəlləşsə də mülkiyyət ortaqdır. 2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsinə görə, binalar yeni idarəetmə formasına keçməklə dövlətin balansından çıxmalıdır. Lakin bu proses ləng gedir. Nəzərə alaq ki, əksər yaşayış evləri 40-50 il qabaq inşa olunub və aşınıb, onları sağlam vəziyyətə gətirəndən sonra mənzil mülkiyyətçiərinin ballansına vermək daha məqbul hesab olunur. O ki qaldı kooperativ binalara, təəssüf ki, hazırkı statusla dövlətin onlara kömək etməsi mümkün deyil. Yəni həmin binalar sahibkar obyektlər sırasındadır. Amma yaşayışçılar MMMC yaratmaqla statusu dəyişə, yəni kommersiya tipli binanı qeyri-kommersiya obyektinə çevirə bilərlər. Bu isə onlara dövlətin sosial paketlərindən istifadə etmək imkanı yaradacaq”.
Görüşlərdə MVA prezidenti Fərman Nəbiyev diqqətə çatdırıb ki, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi may ayının əvvəlindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsini həyata keçirir: “MVA 2016-cı ildən Şuranın layihələri çərçivəsində mənzil mülkiyyətçilərinə evlərini birgə idarəetmə təcrübəsini öyrədir. Əvvəlki illərdə olduğu kimi, bu il də layihə mənzil kommunal təsərrüfatı xərclərində dövlətin yükünü azaltmaq, yaşayışçıların evlərinin saxlanmasına maraqlarını artırmaq, davamlı maarifləndirmə, hüquqi və praktiki yardım yolu ilə bölgələrdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunması prosesinə kömək göstərmək məqsədi daşıyır”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev çoxmənzilli binaların idarə olunması üsullarından danışıb: “Doğrudur, əhalinin müəyyən hissəsi yeni idarəetmə formasına keçməyə, məsələn MMMC yaratmağa hazır və həvəsli deyil. Bəzi sakinlər belə hesab edirlər ki, onların şəxsi vəsaiti ilə binanı saxlamaq mümkün olmayacaq, buna görə də prosesə qarşı çıxır və əks təbliğat aparırlar. Sovet dövrünün kooperativlərindən, MTK-lardan fərqli olaraq, MMMC-lər daha demokratik qurumdur”.
“Xətai-6” MMMC-nin direktoru Ayxan Qocayev öz təcrübəsi ilə bölüşüb: “Burda quruma rəhbərlik seçki əsasında formalaşır, binanın saxlanma xərcləri ilə bağlı tarifləri mənzil mülkiyyətçiləri özləri razılaşdırırlar. İdarə heyəti mütəmadi olaraq mülkiyyətçilər qarşısında hesabat verir. Bütün fəaliyyətə, maliyyə məsələlərinə əhali özü nəzarət edir, hətta həsas qruplara nə kimi güzəştlər edəcəyini də yığıncaq müəyyənləşdirir”.
Mingəçevir Bələdiyyəssinin komissiya sədri Zahid Qasımlı mənzil idarəçiliyində bələdiyyələrin rolu və vəzifələri barədə məlumat verib. O, xüsusilə vurğulayıb ki, qanuna görə mənzil mülkiyyətçiləri bir il ərzində idarəetmə üsulunu seçməzsə, bələdiyyə bununla bağlı açıq müsabiqə keçirir: “Çoxmənzilli binanın sahə mülkiyyətçiləri açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur”.
Görüşdə iştirak edənlərin çoxsaylı suallarını cavablandıran layihə heyəti Mənzil Məcəlləsinin tələbləri və MMMC yaratmağın yolları barədə ətraflı izahat verib. 3 kooperativ binanın mülkiyyətçiləri ilə razılaşdırılıb ki, onların qonşuları ilə 2 həftəlik müzakirəsindən sonra MMMC-lərin yaradılması barədə yığıncaqlar keçirilsin. Məhəllələrdə keçirilən beş görüşdə 154 nəfər iştirak edib.
Şərhlər bağlıdır.