MVA Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Bərdədə aztəminatlı ailələrlə görüşüb
Layihə Mingəçevir, Bərdə, Ağdam və Yevlax sakinlərinə, o cümlədən məcburi köçkünlərə ünvanlanıb. Ötən müddətdə MVA-nın nəzdində hüquq otağı açılıb, regional MTV kanalı ilə sosial mövzuda bir saatlıq veriliş efirə yayılıb, Ağdamın Dördyol qəsəbəsində təlim keçilib. Növbəti təlim Bərdədə, Elektron Kitabxanada baş tutub. Bu təlimdə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin hüquqşünası İnqilab Həsənov vətəndaşların sosial hüquqlarıyla bağlı Azərbaycan qanunvericiliyini, mövcud normativ aktları izah edib. O, məhkəmə mübahisələrində vəkillərin və ya tərəflərin qanuni nümayəndələrinin iştirakı, pensiyaların, əlliliyin təyin olunması, ailə başçısını itirməyə, işsizliyə görə müavinətlərin verilməsi, işçinin məcburi və könüllü sığortası, xeyriyyəçilik fəaliyyətinin inkişafı üçün dövlətin öhdəlikləri, iddia ərizələrinin tərtibi üçün qanunvericiliyin tələbləri, əmək pensiyası ilə sosial müavinət arasındakı fərq barədə fikirlərini açıqlayıb.
Təlim iştirakçıları gündəlik həyatlarında qarşılaşdıqları çətinliklərlə bağlı hüquqşünasdan məsləhətlər alıblar. Öhdəsində 2 azyaşlı uşaq olan ananın sosial müavinət ala bilməməsi, övladlığa götürülən uşaqların mülkiyyət hüququ, məmurların sorğulara laqeydliyi, Ünvanlı Sosial Yardım sistemindəki qüsurlar, əmək və sosial pensiyaların oxşar və fərqli cəhətləri və digər məsələlər müzakirə mövzusuna çevrilib. İ.Həsənov bütün məsələlərə aydınlıq gətirib, problemin qanuni həll yollarını göstərib.
MVA-nın və layihənin rəhbəri Fərman Nəbiyev təlim iştirakçılarının nəzərinə çatdırıb ki, onlar məlumat almaq üçün dövlət qurumlarına rəsmi sorğu göndərə bilərlər: “Beıə sorğular dərhal qeydiyyata düşür. Təşkilat rəhbərləri bu sorğuları qanunun tələb etdiyi səviyyədə cavablandırmağa borcludurlar. Əks halda siz onları məhkəməyə verə bilərsiniz. Qanunu bilməyəndə məmur vətəndaşı çox asanlıqla aldadır. Siz mövqeyinizi ortaya qoyanda sizinlə hesablaşacaqlar”.
İndi informasiya əsri olduğunu diqqətə çatdıran natiq onu da bildirib ki, hər kəsin fəallığı, haqqını tələb etməsi cəmiyyətdə neqativ halların qarşısının alınmasına kömək edir : “Yetər ki, siz haqqınızı tələb etməyi öyrənəsiniz”.
Tədbirdə iştirak edən Bərdə İcra Hakmiyyətinin məsul nümayəndəsi Fəxrəddin Əzizov layihəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinə təşəkkür edib.
Şərhlər bağlıdır.