Afula-Mingəçevir qardaşlaşmış şəhərlər oldu
“Mən Azərbaycanı yaxşı tanıyıram. 5 il ölkənizdə İsrailin səfiri olmuşam. Bu dəfə isə Azərbaycana və şəhərinizə nümayəndə heyəti ilə İsraildən gəlmişəm. İstəyirik ki, bizim və sizin yaşadığınız şəhərlərin mədəni və digər əlaqələrini quraq”.
Bu sözləri iyulun 9-da Mingəçevir və Afula şəhərlərinin qardaşlaşması haqqında müqavilə imzalanarkən Afula şəhər merinin müavini Mixail Barkan deyib. Onun fikrincə, bu əlaqələr əsasən mədəniyyət sahəsini əhatə etsə də, İsrailin şərqində yerləşən və 47 min nəfər əhalisi olan Afula şəhəri ilə digər sahələrdə də əməkdaşlıq imkanları mövcuddur.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müqavilənin imzalanması mərasimində şəhərin tarixi, coğrafi mövqeyi, əhalisi və ifrastrukturu barədə məlumat verib. O, bildirib ki, Mingəçevirdə böyk enerji stansiyaları, iri maşınqayırma və kimya müəssisələri fəaliyyət göstərir, turizm üçün geniş imkanlar vardır. N.Bayramov bu müqavilənin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
İmzalanma mərasimində iştirak edən israilli qonaqlar və mingəçevirlilər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin adını daşıyan mərkəzin fəaliyyəti və burada nümayiş etdirilən eksponatlarla və şəhərin görməli yerləri ilə tanış olublar. Müqavilənin imzalanmasından sonra Afula şəhərinin nümayəndələri mingəçevirlilərə xatirə hədiyyələrini təqdim ediblər.
Şərhlər bağlıdır.