Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MVA-nın Ağdamda ilk təlimində məcburi köçkünlərin sosial problemlərindən danışıldı

May ayının əvvəlindən “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələ dəstəyilə  “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsini həyata keçirir. Layihə  Mingəçevir, Bərdə, Ağdam və Yevlax sakinlərinə,  o cümlədən məcburi köçkünlərə ünvanlanıb. May ayından MVA-nın nəzdində hüquq otağı açılıb, iyun ayında isə regional MTV kanalı ilə sosial mövzuda bir saatlıq veriliş efirə yayılıb. Növbəti tədbir isə iyunun 18-də Ağdamın Dördyol qəsəbəsində baş tutub.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin hüquqşünası  İnqilab Həsənov vətəndaşların sosial hüquqlarıyla bağlı Azərbaycan qanunvericiliyini, mövcud normativ aktları izah edib .O, məhkəmə mübahisələrində vəkillərin və ya tərəflərin qanuni nümayəndələrinin iştirakı, pensiyaların, əlliliyin təyin olunması, ailə başçısını itirməyə, işsizliyə görə müavinətlərin verilməsi, işçinin məcburi və könüllü sığortası, xeyriyyəçilik fəaliyyətinin inkişafı üçün dövlətin öhdəlikləri,  iddia ərizələrinin tərtibi üçün qanunvericiliyin tələbləri, əmək pensiyası ilə sosial müavinət arasındakı  fərq  barədə fikirlərini açıqlayıb. II qrup əlil, əmək veteranı Qaçay Ağayev əmək pensiya məbləğinin azlığı, Mənsurə Hüseynova bankdan kredit götürdüyü üçün Ünvanlı Sosial Yardım ala bilməməsi, Nadir Məhərrəmov məcburi sosial sığorta ödənişinin işlək mexanizminin keyfiyyətli olmaması, Şəfaqət Süleymanov həyat yoldaşının sosial müavinət almaq hüququnun məhdudlaşdırılması,  Səttar Quliyev məcburi köçkünlər üçün tikilmiş binalara mülkiyyət hüququnun olmaması, Məhərrəm Məmmədov sosial kart ala bilməməsi barədə danışıblar. İştirakçıların suallarını cavablandıran hüquqşünas qaldırılan məsələlərə aydınlıq gətirib, problemin qanuni həll yollarını göstərib. .

MVA-nın və layihənin rəhbəri  Fərman Nəbiyev təlim iştirakçılarının nəzərinə çatdırıb ki, onlar məlumat almaq üçün dövlət qurumlarına rəsmi sorğu göndərə bilərlər: “Beıə sorğular  dərhal qeydiyyata düşür. Təşkilat rəhbərləri bu sorğuları qanunun tələb etdiyi səviyyədə cavablandırmağa borcludurlar. Əks halda siz onları məhkəməyə verə bilərsiniz. Qanunu bilməyəndə məmur vətəndaşı çox asanlıqla aldadır. Siz mövqeyinizi ortaya qoyanda sizinlə hesablaşacaqlar”.

F.Nəbiyev deyib ki, əvvəllər məsuliyyət yükü  vətəndaşın öhdəsində idisə, İnzibati İcraat haqqında Qanunun qəbulundan sonra bu vəzifə birmənalı şəkildə məmurun  üzərinə qoyulub: “Hətta məktub səhv ünvanlanıbsa, məmur onu aidiyyatı quruma yönləndirməlidir ”.

İndi informasiya əsri olduğunu diqqətə çatdıran natiq onu da bildirib ki, mobil telefonlarla sosial şəbəkələrə çıxış cəmiyyətdə neqativ halların qarşısının alınmasına kömək edir: “Bu gün insanlar məmura problemi çatdıra bilməyəndə sosial şəbəkələrdə paylaşırlar. O halda ən xırda məsələyə belə reaksiya verilir. Yetər ki, siz haqqınızı tələb etməyi öyrənəsiniz. Çünki məmurlar sizin xidfmətçilərinizdir. Azərbaycan Prezidenti İlham Əliyev bunu dəfələrlə onların nəzərinə çatdırıb”.

Tədbirdə iştirak edən Ağdam İcra Hakmiyyətinin yerli nümayəndəsi Valeh Abdullayev  layihyə görə Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinə təşəkkür edib.

Şərhlər bağlıdır.