MVA İB QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə insanları idarəetməyə həvəsləndirir
“Mingəçevir Valideynlər Assosiasiyasi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə layihə üzrə görüşlərini mayın 28 və 29-da davam etdirib. “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” ilə bağlı növbəti seminarlar şəhərin A.Şaiq küçəsindəki 7 və R.Rza küçəsindəki 25 saylı ünvanlardakı xeyir-şər mağarlarında keçirilib..
Mingəçevir Bələdiyyəsi ilə birgə gerçəkləşdirilən layihənin məqsədi barədə danışan MVA İB-nın prezidenti Fərman Nəbiyev bildirib ki, bu, Bakının Binəqədi rayonundan sonra pilot layihə kimi Mingəçevirdə gerçəkləşdirilir: “Biz insanları yaşadıqları binaların idarəedilməsinə həvəsləndirmək istəyirik. Ümid edirik ki, qanunun verdiyi fürsət onlara evlərinin içi ilə bərabər çölünə də sahib durmaq imkanı yaradacaq”.
Çoxmənzilli binaların sahə mülkiyyətçilərinin hüquq və vəzifələri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üstünlükləri və bu sahədə başqa ölkələrin təcrübəsi, eyni zamanda bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisinin əhəmiyyəti barədə görüş iştirakçılarına layihənin eksperti, Mingəçevir Bələdiyyəsinin üzvü və “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı məlumat verib.
Qarabağ qazisi Əbülfət Babayev, sahibkar Nüsrət Yusifli qonşularını dövlətin onlara verdiyi bu imkandan bəhrələnməyə çağırıblar. Onlar vurğulayıblar ki, mənzil mülkiyyətçiləri idarəetməni öhdələrinə götürməklə evlərinin illərlə yığılıb qalmış problemlərini özləri həll edə bilərlər.
Şərhlər bağlıdır.