MVA Data hekayələri yaradan bölgə jurnalistlərini mükafatlandırdı
“Biz 2016-cı ilin oktyabrında bu layihəyə başlayanda özümüzü qaranlıq meşədə hiss edirdik. Əlimizdə xəritə olsa da, hara gedəcəyimizi bilsək də, tərəddüd içindəydik. Çünki bizi təhlükələr də izləyirdi. Amma inamın olanda keçilməz sədləri belə aşa bilirsən.”
Bu fikirləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev aprelin 26-da Mingəçevir Media Mərkəzində bölgə jurnalistlərini mükafatlandırarkən deyib. O, bildirib ki, il yarım əvvəl Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində MVA İB Azərbaycanda açıq məlumatların yayılmasına yardım etmək məqsədi daşıyan təşəbbüsə dəstək verib: “Biz Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşlarımızla birgə Data Jurnalistikanı Azərbaycana gətirməyə müvəffəq olduq. Ötən müddətdə media, QHT və hökumət qurumları üçün Mingəçevir Media Mərkəzində, Bakıda və Şəkidə açıq məlumatlara dair silsilə təlimlər və mitaplar, Bərdə, Yevlax, Oğuz, Göyçay və Ağdaş bölgələrində hökumət nümayəndələri üçün məsləhət görüşləri təşkil etdik, 10 nəfəri Avropaya konfrans və təlimlərə göndərdik. Eyni zamanda Data Jurnalistika səhifəsini açdıq, onlayn kurslar vasitəsilə daha çox insanın açıq məlumatlar əldə etməsinə şərait yaratdıq, “Açıq küçə xəritəsi”ni və “Data Jurnalistika” kitabını Azərbaycan dilinə çevirdik. Nəhayət, 15 bölgəni təmsil edən 20 jurnalistə də data alətlərindən istifadə etmək imkanı yaratdıq. İndi onlar məlumatları əyaniləşdirməklə oxucuları üçün daha maraqlı yazılar hazırlaya biləcəklər”.
F.Nəbiyev əlavə edib ki, bölgə jurnalistləri üçün mart ayının sonlarında 4 gün davam edən təlimdən dərhal sonra müsabiqə elan olunub: “20 nəfərin qatıldığı təlimdə sonuncu gün 18 jurnalist hazırlamaq istədiyi data hekayəsi ilə bağlı fikirlərini bölüşüb. 11 nəfər müsabiqəyə yazısını təqdim edib.2 məqalə data elementlərindən istifadə edilmədiyi, 1 araşdırma isə paytaxt jurnalisti tərəfindən göndərildiyi üçün müsabiqədən kənarda qalıb: “Doqquz yazı isə veb səhifəmizin “Data hekayələri” bölümündə yerləşdirilib. Bakılı jurnalist İsmayıl Fətəliyevin “Kölgədən çıxanlar” (Əlilliyi olan şəxslər dəyişiklik istəyir) sərlövhəli məqaləsi ən gözəl data yazısıdır. Müəllif əlilliyi olan şəxslərin nəqliyyatdan istifadə problemini çox ustalıqla əyaniləşdirə bilib. Əgər bizim müsabiqə bütün ölkə üçün elan olunsaydı, bu yazı birinci mükafata layiq görülərdi”.
Bundan sonra MVA prezidenti qalibləri təqdim edib. Bildirib ki, münsiflər heyətinin ciddi müzakirəsindən sonra ayna.az səhifəsinin əməkdaşı Mehparə Rəhimova (“Uşaqlarımız düzgün qidalanırmı?”) birinci, “Astara” qəzetinin və astarainfo.az səhifəsinin baş redaktoru Fəridə Ağazadə (“Qız yükü”) ikinci, “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli (“Kömürə dönmüş ağacların harayı”) üçüncü mükafata layiq görülüb.
Təlimçilər Fərid Həsənov, Rahim Tariverdiyev və Yeganə Nəbiyevav qaliblərə sertifikat və pul mükafatlarını təqdim ediblər. Layihənin icrası prosesinə və hökumət-QHT əlaqələrinin möhkəmləndirilməsində töhfəsinə görə sertifikat isə Mingəçevir İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyevə verilib.
Mərasimdə çıxış edən S.Əliyev regiondakı təşkilatın Azərbaycan üçün çox əhəmiyyətli təşəbbüsü gerçəkləşdirməsindən məmnun olduğunu bildirib: “Bu tədbirlər media və QHT-lərin auditoriyalarını genişləndirməsinə, dövlət orqanlarının ictimaiyyətlə iş zamanı mürəkkəb informasiyaları sadə və əyani şəkildə, asan başa düşüləcək tərzdə əhaliyə çatdıra bilmələrinə yeni imkanlar yaradıb. Bu layihəni dəstəklədiyinə görə Avropa ittifaqına və onu həyata keçirən BMT İnkişaf Proqramına minnətdarlıq edirəm. Onlar bununla ölkəmizin davamlı inkişafına dəstək göstəriblər”.
Data.org.az səhifəsinin admini Şəmsəddin Xəlilov bu unikal layihənin əhəmiyyətindən danışıb: “Data mənbə deməkdir. Siz komanda şəklində bu işi görürsünüz və yeni uğurlar üçün şansınız var”.
Şərhlər bağlıdır.